Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım toplanıldığı zaman nəinki Azərbaycanda, həm də Türkiyədə fenomenə çevrilən Sərvər Bəşirliyə maşın verilib.
Kanal.az xəbər verir ki, Sərvərin bu yardımı hər kəsin ürəyinə toxundu. Həm yerli, həm də xarici mediada onun fotosu, daha sonra isə təvazökar videoları gündəm oldu. Bu gün isə köhnə avtomobili ilə tanınan Sərvər Bəşirliyə Türkiyəli iş adamı tərəfindən yeni avtomobil hədiyyə edilib.
Xeyriyyəçi iş adamı, Türkiyədə bir çox yardımları ilə tanınan, “Atlas” mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibi Səbahəddin Civelek Sərvər Bəşirlinin bu addımına cavab olaraq, ona avtomobil hədiyyə edib.
Avtomobil Sərvər Bəşirlinin atasına iş adamının yaxın dostu, onu bu xeyir işdə təmsil edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu tərəfindən təqdim edilib. Sərvər Bəşirlinin özü hazırda Türkiyənin zəlzələ bölgəsindədir, Azərbaycandan gedən könüllü qrupla orada qardaş ölkəyə dəstək olur. Türkiyəyə yola düşməzdən öncə Sərvər Bəşirli iş adamı Səbahəddin Civeleklə görüntülü danışıb və olduqca təsirli anlar yaşanıb.
Qeyd edək ki, yaxın zamanlarda iş adamının Bakıya gəlişi də gözlənilir.
Hədiyyə təqdimetmə törənində Sərvər Bəşirlinin atası Rasim Bəşirli iş adamı Səbahəddin Civelek bəyə və Türkiyə dövlətinə təşəkkür edib: "Oğlum bu işi hansısa mükafat, hədiyyə üçün görməyib. Belə olacağını da gözləmirdim. Özümüz qaçqın həyatı yaşamışıq, evsizliyin nə olduğunu bilirik. Bu səbəbdən də Türkiyədəki qardaşlarıma yardım etmək ürəyimizdən gəldi. O foto olmasaydı, bu hadisəni heç kim də bilməyəcəkdi. Oğluma göstərilən bu diqqətə görə çox təşəkkür edirəm". / Musavat.com