Laçın dəhlizi

Türk hərbçilər Laçın dəhlizinə yerləşə bilər: Rusiya geri addım atır - ŞƏRH

Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, “Zəngəzur və Laçın dəhlizi ilə bağlı müzakirələrin həll olunacağına inanırıq”. Söhbət hansı müzakirələrdən gedir? Bakı və Ankara Zəngəzur dəhlizinin “dəhliz” məntiqi ilə açılmasında maraqlıdır, lakin İrəvanın bundan imtina etməsi prosesi Brüssel masasına qədər daşıdı. Avropada əldə olunan razılaşma Zəngəzurda “dəhliz” prinsipini arxa plana keçirdi, tərəflər dəmir yolu və avtomobil yolunun inşası ilə bağlı anlaşdılar. Bu razılaşmanın praktiki mərhələdə işləyəcəyi hələ də sual altında olsa da, mövcud vəziyyət dəhlizlər məsələsinə yenidən baxmağı vadar edir:

– Əliyev elə Brüsseldə “dəhlizə dəhliz” məntiqini irəli sürdü və Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacağını bəyan etdi: bu gediş Laçında nəzarəti əldən vermək istəməyən və Zəngəzur yoluna da nəzarət etmək istəyən Moskvanı dilemma qarşısında qoyur; 

– Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko kommunikasiyanın açılması üzrə vahid sənədlər paketi üzərində yenidən işlənildiyini açıqladı: bu o deməkdir ki, 10 noyabr bəyanatının 9-cu bəndinə və 11 yanvar razılaşmasına yenidən baxılır və mümkündür ki, Brüssel razılaşmasına uyğunlaşdırılır;

– Moskva tərəflərin mövcud istəklərini nəzərə almaqla yanaşı, hər iki dəhlizdə hansısa formada mövcudluğunu saxlamağa da çalışacaq; Hərçənd, İrəvanın Zəngəzurda “dəhliz” məntiqindən imtinası, Bakının Laçın dəhlizi ilə bağlı şərti Moskvanı tərəflərə müəyyən güzəştə getməyə də məcbur edir: hər iki tərəfin istəyində israrlı olması üçün alternativləri də var

– Ermənistan üçün Avropa İttifaqı, Azərbaycan üçün Türkiyə; Və Rudenkonun açıqlaması Moskvanın öz təsirini saxlamaq şərti ilə ortaq məxrəci tapmağa çalışdığından, Akarın açıqlaması Türkiyənin də prosesdə aktiv iştirakçı olduğundan xəbər verir. Birincisi, Bakı və Ankara Zəngəzur yolunun “dəhliz” məntiqi ilə açılmasını istəyir: indi top Moskvadadır, ruslar İrəvanı razı sala bilməyəcəyi təqdirdə, Laçın dəhlizində postun qurulması əsas şərtdir; İkincisi, Rusiya postun qurulmasına qarşı çıxacaqsa, Laçın dəhlizində türk hərbçilərinin də ən azı zabit heyəti ilə təmsil olunması şərt olaraq masadadır: Ankaranın Monitorinq Mərkəzini, xüsusilə türk zabitlərini aktivləşdirmək istəyi də bu ehtimalı önə çıxarır; Mümkündür ki, müzakirələrdə bu iki istiqamət Bakı və Moskv üçün əsasdır. Və Laçın dəhlizinə nəzarətin ən azı Rusiya və Türkiyə arasında bölüşdürülməsi perspektivi var.

Asif Nərimanlı