tokayev

Tokayevdən Azərbaycana qarşı hörmətsizlik: Köçəryan və başqa ermənilər təltif edildi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə İrəvan Dövlət Universitetinin (İDU) beynəlxalq münasibətlər və diplomatiya kafedrasının dosenti, xarici işlər nazirinin keçmiş müavini Şavarş Köçəryan və türkşünaslıq kafedrasının müdiri, professor Aleksandr Səfəryan Qazaxıstanın “Müstəqilliyin 30 ili” medalları ilə təltif edilib.

Mükafatlandırma mərasimində İDU-nun rektoru Hovanes Hovanisyan, Qazaxıstanın Ermənistandakı səfiri Bolat İmanbayev və başqaları iştirak ediblər.

Bu həmin Şavarş Köçəryandır ki, uzun illər Ermənistan xarici işlər nazirinin müavini postunu tutarkən Azərbaycana qarşı daim hədyan bəyanatları və çıxışları ilə yadda qalıb. Faşistin, türkofobun və qatı daşnakın biridir. Ümumiyyətlə, İrəvan Dövlət Universitetinin ölkəmizə qarşı əsas şər, böhtan yuvası olduğu çoxdan məlumdur. Neçə-neçə erməni tarix saxtakarı, yalançı tarix “professorlar”ı məhz burada yetişib və yetişdirilir.

Yeri gəlmişkən, az öncə İDU-nun türkoloqlarından biri “Azərbaycanca-ermənicə danışıq kitabçası” hazırlamışdı. Öz məkrli hədəfini isə belə izah eləmişdi: “Düşmənin dilini yaxşı bilmək lazımdır…”

Azərbaycana hələ də ərazi iddiasını davam etdirən və sülh müqaviləsi imzalamaqdan yayınan Ermənistanın Azərbaycana qarşı təbliğat maşını üçün “yağ” istehsal edən bir şər ocağının işçilərini Türk dövlətinin başçısının təltif eləməsi nə dərəcədə düzgündür? Bəs Türk həmrəyliyi harada qaldı? Türk Dövlətləri Birliyinin üzvü olan bir ölkənin rəhbərinin Türkə faktiki qənim kəsilən və onu “köçəri, vəhşi, köksüz” adlandıran bir xalqa bu cür jestinə nə ehtiyac var idi?

Yeri gəlmişkən, Qazaxıstandakı məlum faciəvi olaylar zamanı erməni deputatlardan biri qazax xalqını elə bu cür də aşağılamışdı – “köçəri”. Onu da xatırladaq ki, Tokayev prezident postunu tutar-tutmaz, “qazax və erməni xalqları kökü eyni olan qardaş xalqlardır” kimi sərsəm açıqlama vermişdi.

Azərbaycanın dinc əhalisinə qarşı Ermənistandan atılan raketləri də Tokayev müəmmalı şəkildə “görməyib”. Üstəlik, hələ xarici işlər naziri olanda çıxışlarının birində Tokayev “erməni və qazax xalqlarının qardaşlığından” danışmışdı.

Bu da faktdır ki, Ermənistana gətirilən silahları Gürcüstan öz sərhədindən buraxmadığı halda, onlar Qazaxıstan üzərindən daçınmaqla düşmən ölkəyə gətirilmişdi. Son nəticədə həmin raketlər dinc Azərbaycan əhalisinə atılmışdı.

Qazaxıstanın bu mövqeyi ilə bağlı Azərbaycanın bəzi narazılıqları olsa da, Tokayev hakimiyyəti bunları reaksiyasız buraxmışdı.

Maraqlıdır, nə üçün Tokayev bir dəfə də olsun Qarabağ mövzusunda Azərbaycana dəstəyini dilə gətirməyib? Müharibə getdiyi günlərdə bizə dost Ukraynadan, İsraildən, Türkiyədən və digər ölkələrdən dəstək gəldiyi halda, Qazaxıstan siyasi rəhbərliyi özünü yad kimi aparıb. //kaim.az