Azərbaycan bu gün Vətən müharibəsində qazanılan şanlı Zəfəri qeyd edir.
Kanal.az xəbər verir ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqların azad edilməsi uğrunda Vətən müharibəsinə başladı.
44 gün davam edən şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusu düşmənin uzun illər ərzində yaratdığı istehkam xəttini yararaq oktyabrın 3-də Suqovuşanı, oktyabrın 4-də Cəbrayılı, oktyabrın 9-da Hadrutu, oktyabrın 17-də Füzulini, oktyabrın 20-də Zəngilanı, oktyabrın 25-də Qubadlını və nəhayət, noyabrın 8-də strateji əhəmiyyətə malik Şuşa şəhərini işğaldan azad etdi. Beləliklə, 300-dən çox yaşayış məntəqəsi və mühüm yüksəkliklər nəzarətə götürüldü.
Bu qələbə Azərbaycan əsgər və zabitlərinin igidliyi, şəhidlərimizin canı və qanı bahasına qazanıldı.
Müharibə dövründə Ermənistan silahlı qüvvələri döyüş meydanında məğlubiyyətini gizlətmək üçün mülki əhalini hədəf aldı. Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Goranboy və digər şəhər və rayonlar ballistik raket və ağır artilleriya atəşinə məruz qaldı. Nəticədə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həyatını itirdi, yüzlərlə insan yaralandı.
Azərbaycan Ordusunun 2908 hərbi qulluqçusu şəhid oldu, 6 nəfər isə itkin düşmüş sayılır.
Qəhrəman Ordumuzun Şuşada əldə etdiyi müzəffər qələbə müharibənin taleyini həll etdi. Ermənistan kapitulyasiya etməyə məcbur qaldı və 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana döyüşsüz qaytarıldı.
Azərbaycanda dövlətçilik və ordu quruculuğu istiqamətində həyata keçirilən ardıcıl islahatlar, xalq-iqtidar birliyi və milli həmrəylik bu tarixi qələbənin əsas səbəblərindən oldu. Azərbaycan özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi.
2023-cü ilin sentyabrında həyata keçirilən qısa müddətli lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam bərpa edildi. 2024-cü ilin iyununda isə Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması prosesi başa çatdı.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, 8 Noyabr – Şuşanın işğaldan azad olunduğu gün – Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd olunur. Həmin gün ölkədə qeyri-iş günüdür və ölkənin bütün bölgələrində müxtəlif tədbirlər keçirilir.
Zəfər Günümüz mübarək!
Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik.