Tanınmış yazıçıdan şok sözlər: “Azərbaycanda musiqi yoxdur, Ramiz Rövşən şair deyil...”

  • Ölkə
  • 23 Fevral 2022 11:43
  • Oxunub: 193

“Azərbaycanda musiqi yoxdur. Bəstəkarlar şöbəsinə heç kim daxil olmur… Son 50 ildə normal opera yazılmayıb. Vasif Adıgözəlovun operası var idi, o da çox zəif… Xalqıma baxıb məyus oluram ki, niyə belə bir xalqın nümayəndəsiyəm… ” Bu sözləri tanınmış yazıçı, tərcüməçi, tarixçi Əlisa Nicat APA-ya müsahibəsində deyib. Əlisa Nicat daha sonra “Azərbaycanda kitab oxuyan yoxdur” deyib, Ramiz Rövşəni, Çingiz Abdullayevi sərt şəkildə tənqid edib:

“Ramiz Rövşən əsasən qoşma yazır. Şeirlərinin hamısı ölümlə qurtarır. Ölmək niyyəti də yoxdur, Allah eləsin, təki 100 il yaşasın. Amma bütün şeirləri ”ölürəm”lədir. Bir dəfə “Nəfəs” kitabını axtardım, gördüm 99 faizi ölümdür. Nə qədər axtardım bir dənə bütöv, yaxşı şeirini tapa bilmədim. Azərbaycan qızlarının sevdiyi Ramiz Rövşəndir, bir də nəsr kimi Çingiz Abdullayevdir. Qızların oxuduqları budursa, o qızın hansı səviyyəsi ola bilər”.

Çingiz Abdullayev qalmaqallı paylaşımını sildi, tənqidlərə belə CAVAB verdi » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Çingiz Abdullayev

Xalq yazıçısı Çingiz Abdullayev barəsində səslənən fikirlərə bu cür rəy bildirdi: “Yaxşı eləyib deyib. Bu onun fikridir, indi buna görə onu öldürəsi deyilik ki. Mənim 30 milyon oxucum var. İndi Əlisa Nicat o cür fikirləşirsə, qoy elə o fikrində qalsın, bundan narahat olmağa dəyməz. Elə mən də narahat olmuram. Əlisa Nicatın ixtiyarı var ki, öz fikrini desin, mənim də ixtiyarım var ki, ona gülüm. 30 milyon insan 32 dildə mənim kitablarımı oxuyur. İndi belə çıxır ki, onların heç birinin səviyyəsi yoxdur?”

Baba Vəziroğlu ilə bağlı sərəncam

Baba Vəziroğlu 

Şair Baba Vəziroğlu isə məsələyə fərqli prizmadan yanaşaraq, bunları qeyd etdi: “Əlisa Nicat bəlkə yüz ildir tanıdığım ədib, filosofdur – hər halda, özünü belə adlandırır. Maraqlı adamdır. Onun müsahibəsini oxudum. Amma məlum olduğu kimi, yer üzündə 7,5 milyard insan var. Hamının xoşuna gəlmək, eyni şablonda tərif və ya tənqid eşitmək mümkün deyil. Hər kəsin öz fikri var, illah da ki, o fikri deyən yazar, qələm əhli, üstəgəl də filosof ola. Əlisa Nicat o cür fikir səsləndirəndə Ramiz Rövşənin nə poqonu düşəcək, nə də dəyəri azalacaq. İndi Əlisa Nicat da bu cür düşünür, buna görə də onu ittiham edə bilmərik. Çingiz Abdullayev də çox tanınmış yazıçıdır, həm də Azərbaycanı dünya çapında tanıdanlardan biridir. İndi onun da nə poqonu düşəcək, nə də dəyəri azalacaq. Əlisa Nicatın fikirləri özünə görə həqiqətdir. İndi bilmirəm, bunu nə qədər səmimi, yoxsa sensasiya, şou xətrinə deyib və sairə, amma normal yanaşmaq lazımdır.

O ki qaldı Ramiz Rövşənin daha çox ölümdən yazmasına, şair əlbəttə ki, yeri gələndə ölümə də qarşı çıxır, ölümün nə olduğunu dərk etmədiyi üçün bəlkə də poetik əsərlərində dərk etməyə çalışır. Bəzən şairlərə elə gəlir ki, dünyada hər şeyi bilir, dərinə, kökünə enir, bir tək ölümdən başqa. Ölümü o zaman bilərsən ki, ölüb, yenidən diriləsən, onda biləsən ki, bu nədir. Rəhmətlik Vaqif Səmədoğlunun da belə bir şeiri var idi ki, “Bu dünyada mənə bir ölüm maraqlıdır, Çünki onu görməmişəm, tanımamışam. Görəcəm, tanıyacam, Qayıdıb danışmağa şansım yoxdur…” Bu mənada Ramiz Rövşən ölümdən, həyatdan, əbədiyyətdən, dünyanın faniliyindən yazanda nə olur ki? Əgər Əlisa Nicat desəydi ki, ölüm haqqında şeirləri zəifdir, bu artıq başqa, ədəbi söhbət olardı. Amma “şair niyə bu qədər ölümdən yazır” sualı artıq anlaşılan deyil.

Əlisa Nicata, həmçinin onun tənqid etdiyi ədiblərə mənim böyük hörmətim var. İndi bu söz savaşıdır, ortada ölüm-itim, torpaq işğalı olmadı, müstəqillik əldən getmədi ki. İndi Dostayevski, yaxud Çexov gəlib desə ki, Ramiz Rövşən şair, Çingiz Abdullayev yazıçı deyil, bununla da heç nə dəyişməyəcək. Baba Vəziroğlu kimi deyirəm ki, Ramiz Rövşən şair, Çingiz Anbdullayev də yazıçıdır, bu da mənim həqiqətimdir. İnanıram ki, bu, həm də milyonların həqiqətidir. Ramiz Rövşən saray şairi deyil ki, mən onu tərifləyəndə kimsə çıxsın desin ki, yaxşı şair deyil. Ramiz milyonların şairidir. Çingiz Abdullayev isə bəlkə də milyardların yazıçısıdır, çünki kitabları bütün dünyada çap olunur. Yəqin ki, ən azı bir milyard insan onu oxuyur. Bir məsələni də  qeyd etmək istəyirəm, arzu edirəm ki, Əlisa Nicata təqaüd verilsin. Təqaüd gündəlik dolanışıq üçün lazımdır. İndi mənə vermirlər, heç verməsinlər, oradan-buradan əlimə nəsə keçir. Əlisa Nicatın isə heç yerdən gəliri yoxdur. Artıq 90 yaşı var, indi verməyəcəklərsə, nə vaxt verəcəklər? Musa Yaquba təqaüdü öləndə verdilər. Bunu vaxtında etmək lazımdır”.

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri

Rəşad Məcid 

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid dedi ki, Əlisa Nicatın əsərləri ilə hələ gənclik illərindən tanışdır: “O, qeyri-adi fikirləri ilə həmişə diqqəti cəlb edib. Özü də  fikirlərinin də çoxu əsaslandırılmamış, fantaziya, uydurma, arzuları şəklində olub. Əlisa Nicatı sonuncu dəfə milli kitab sərgisində görmüşəm. Şahbaz Xuduoğlu onu fəxri qonaq kimi dəvət etmişdi. Həmin vaxt diqqətdə oldu və bu cür fikirlər daha da ictimailəşdi. Halbuki Əlisa Nicatın o cür fikirləri hər zaman olub və əsərlərini oxuyanlar bunu təsdiqləyər.

Ramiz Rövşənlə bağlı vaxtaşırı belə fikirlər səslənir. Lakin deyə bilərəm ki, Ramiz Rövşən Azərbaycanın böyük şairidir və onun şeirləri əsrlər boyu yaşayacaq. Biz qürur duymalıyıq ki, Ramiz Rövşənlə bir əsrdə yaşayırıq. Ramiz Rövşəni bəyənməyənlər onun xüsusən də gənclərin arasında bu dərəcədə populyar olmağına görə qısqananlar, paxıllıq edənlərdir. Amma ədəbiyyat belədir ki, heç kimin yerini dar etmir, bura böyük məkandır, yeni insanlar öz əsərləri ilə rəğbət qazana bilərlər. Ona görə də Əlisa Nicatın dediklərinə bir qədər ironiya ilə yanaşır, bir qədər də psixoloji vəsiyyətinə acıyaraq baxıram. Çingiz Abdullayevə gəldikdə isə onun öz oxucuları var və təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da populyardır. Ona görə də Çingiz Abdullayev haqqında səsləndirdiyi fikirlərə haqq qazandırmaq olmaz. Əlisa Nicatın əsərlərini oxuyub, ona o qədər iradlar tutmaq olar ki…

Milli kitab sərgisində olanda belə bir fikirlər səsləndi ki, Əlisa Nicat vaxtilə evini satıb, kitablarını çap etdirib, hazırda şəhərdən kənarda şəraiti yaxşı olmayan bir evdə yaşayır. Onun təqaüdə layiq görülməsi ilə bağlı hətta millət vəkilləri də fikirlər səsləndirib. Əlbəttə ki, kitabları, fəaliyyəti, həmçinin, yaşayış şəraiti nəzərə alınaraq, təqaüdə layiq görülsə, biz də sevinərik”.

Zemfira Qafarova: "Elə söhbətlər edirlər ki, adam utanır"

Zemfira Qafarova

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova da mövqe bildirdi: “İndi nə Bax, Bethoven, Çaykovski, nə də Üzeyir bəy Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov yoxdur. Bəlkə də daha onlardan olmayacaq, çünki onlar gəldilər və getdilər. Lakin demək ki, bizdə bəstəkarlar yoxdur, bəstəkarlıq inkişaf etmir, bu çox yanlış bir fikirdir. Çünki bəstəkarlıq kafedrası var, fəaliyyətdədir, Azərbaycan Bəstəkar İttifaqında hər zaman gənc bəstəkarlar dəstəklənir, onlara qonorarlar verilir, konsertləri təşkil edilir. Konsertləri dinləyəndə görürük ki, necə gözəl, maraqlı əsərlər yazılır.

Daha bir məsələ, bizim radio və televiziyalarımız bəstəkarlıq yaradıcılığını təbliğ etmir. Yəni təbliğat sıfır dərəcəsindədir. Ona görə də yeni yaradılan əsərlər haqqında çoxları məlumatsız qalırlar”./musavat.com

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...