“Taliban” Pakistandan sonra Azərbaycana... -  Eks-nazir DETALLARI AÇDI
Siyasət
19.08.2021 21:47
707

“Taliban” Pakistandan sonra Azərbaycana... - Eks-nazir DETALLARI AÇDI

Avqustun 15-dən Əfqanıstanda hakimiyyəti “Taliban” ələ keçirdi. “Taliban”ın hakimiyyəti sürətli şəkildə ələ alması hələ də bir çoxları üçün böyük və düyünlü sual olaraq qalır. Bu öz yerində, bizi maraqlandıran isə bundan sonra Azərbaycan-Əfqanıstan əlaqələrinin gələcəyidir. Söhbət həm iqtisadi, həm də siyasi əlaqələrdən gedir.

Yəni, bu ölkə ilə idxal-ixrac əməliyyatları həyata keçirləcəkmi? Daha dəqiq ifadə eləsək, rəsmi Bakı taliblərlə işləməkdə maraqlı olacaqmı? Üstəlik, 44 günlük Vətən Müharibəsində rəsmi Kabil rəsmi Bakıya da siyasi dəstəyini ifadə eləmişdi. Özü də birbaşa devrilən prezident Əşrəf Qəni Azərbaycanın apardığı müharibəni haqq işi adlandırmışdı. Bəs bundan sonra Kabil-Bakı münasibətləri hansı səviyyədə inkişaf edəcək? 

Kanal.az xəbər verir ki, keçmiş Maliyyə naziri Fikrət Yusifov Publika.az-a müsahibəsində Azərbaycan-Əfqanıstan münasibətlərinin gələcəyindən danışıb. Keçmiş nazir bildirib ki, “Taliban” idarətməsindəki Əfqanıstanla münasibətlərimiz daha da inkişaf edəcək.

Keçmiş nazirin müsahibəsini təqdim edirik:

- Fikrət müəllim, hazırda Əfqanıstan-Azərbaycan əlaqələrini necə qiymətləndirirsiniz? "Taliban"ın hakimiyyətə gəlməsindən sonra bu əlaqələr inkişaf edəcəkmi?

- İndiki mövcud iqtisadi əlaqələrin durumu ilə bağlı hər hansı fikir səsləndirmək üçün gərək statistikaya baxam. Bilirəm ki, Azərbaycanla-Əfqanıstan arasında müəyyən əlaqələr mövcuddur. Ancaq "Taliban" hakimiyyətə gələndən sonra verdiyi bəyanatlara baxaq; "Taliban" bildirdi ki, Türkiyə onlara qardaş ölkədir. Əgər Türkiyəni özlərinə qardaş ölkə hesab edirlərsə, burada sadə bir formul – yəni, dostumuzun dostu bizim də dostumuzdur prinsipi ortalığa çıxır. Hesab edirəm ki, "Taliban"ın hakimiyyəti dövründə də bu əlaqələr genişlənəcək. Hətta daha da dərinləşəcək. Bütövlükdə iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələrin inkişafı hər iki tərəfin xeyrinə olacaq.

- Daha çox hansı sahələrdə iqtisadi əlaqələrin inkişafı mümkündür?

- Bizim ənənəvi məhsullarımız neft-qaz sənayesi ilə bağlıdır. Təbii ki, neft-qaz sənayesi məhsullarına Əfqanıstanda təlabat ola bilər. Yerli istehsal sənayemizin digər məhsullarını da buraya əlavə edə bilərik. Söhbət kənd təsərrüfatı yönümlü məhsullarından gedir. Müəyyən formada bu tipli məhsullara da təlabat ola bilər. Yüngül sənaye məhsullarımızın Əfqanıstana ixracı mümkündür. Əsasən bu istiqamətdə məhsulların ixracı ehtimalı haqqında düşünmək olar.

- Bəs biz Əfqanıstandan hansı məhsulları ixrac edə bilərik? Onların bu cür potensialları varmı?

- Hər halda Əfqanıstan aqrar ölkədir. Elə ona görə də biz oradan aqrar məhsulların ixracını gözləyə bilərik. Deyə bilmərəm ki, Əfqanıstanda hansısa sənaye məhsulları istehsal edilir və bizdə həmin məhsullara təlabat var. Biz onlardan xammal şəklində olan məhsullar ala bilərik. Orada müxtəlif yataqlar mövcuddur. Yəni Əfqanıstandan müxtəlif məhsulları xammal şəklində almaq mümkündür. Hər halda Əfqanıstanın mövcud potensialına baxmaq lazımdır. Müəyyən təhlillər aparıldıqdan sonra idxal-ixrac potensialı dəyərləndirilməlidir. İqtisadi əlaqələri də bu təhlillər üzərində qurmaq lazımdır.

- "Taliban"ın birinci dəfə Əfqanıstanda hakimiyyətə gəldiyi dövrdə - 1998-2001-ci illərdə bizim onlarla iqtisadi əlaqələrimiz hansı səviyyədə idi?

- Həmin dövrdə iki ölkə arasında iqtisadi əlaqələrimiz zəif idi. Əlaqələr var idi, amma zəif adlandırmaq olar. Deməzdim ki, çox güclü iqtisadi əlaqələrimiz olub. Son illər içərisində bizim iqtisadi əlaqələrimiz bir qədər yaxşılaşmışdı. Bu da daha çox Əfqanıstan rəhbərliyinin bizə olan münasibətindən, həmin münasibətin təzahüründən doğan məsələlər idi.

- Bəs sizin nazir olduğunuz dönəmdə Əfqanıstanla siyasi-iqtisadi münasibətlər hansı səviyyədə idi?

- Elə bugünkü kimi... Hazırkı əlaqələrlə o dövrdəki əlaqələrin inkişaf səviyyəsində bir o qədər də dəyişkən münasibət görmürəm. Bir qədər Əfqanıstanın sonuncu rəhbərinin hakimiyyətə gəlməsi, onun Azərbaycanla bağlı verdiyi bəyanatlar iki ölkə arasındakı əlaqələri bir qədər istiləşdirmişdi. Demək olar ki, eyni münasibət idi, əsasən dəyişməmişdi.

- Ola bilərmi ki, həmin əlaqələr yenə zəifləsin və “Taliban” hakimiyyəti bizimlə əlaqələri o qədər də önəmsəməsin?

- Bayaq da vurğuladım, əgər taliblər Türkiyə bizim qardaşımızdır deyirlərsə, deməli, bu həm də Azərbaycana münasibətdir. Biz Türkiyə ilə bütün cəbhələrdə, hər yerdə birgə çıxış edirik. Hər yerdə də deyirik ki, biz bir millət-iki dövlətik. Avtomatik olaraq Türkiyəyə olan münasibəti bizə olan münasibət kimi dəyərləndirməliyik. Bu baxımdan mən bundan sonra Əfqanıstanla əlaqələrin daha da genişlənəcəyini, inkişaf edəcəyini gözləyirəm.

- 44 günlük Vətən Müharibəsində rəsmi Kabil Bakıya öz siyasi dəstəyini vermişdi. Azərbaycanın yanında olduğunu bildirmişdi. Bundan sonra da biz Əfqanıstandan bu cür dəstək veriləcəyini gözləyəkmi?

- Hesab edirəm ki, bundan sonra bu istiqamətdə Azərbaycan Əfqanıstandan daha ciddi dəstək alacaq. Bu, mənim şəxsi baxışımdır. Yəni, hazırkından daha böyük, daha ciddi dəstək alacağıq.

- Ümumiyyətlə, biz bir çox xarici ölkələrdə “Made in Azerbaijan” brendi altında yerli istehsal məhsullarımızın tanıtımı ilə bağlı “AZƏRBAYCAN EVİ” açırıq. Əfqanıstanda da bu cür evlərin açılması mümkündürmü?

- Əfqanıstanda hazırkı ictimai-siyasi vəziyyət bir qədər sabitləşərsə, ondan sonra bu barədə düşünmək olar. Hazırda bu barədə onun haqqında düşünmək tezdir. Mən belə düşünürəm. Hesab edirəm ki, müəyyən müddətdən sonra orada tam sabitlik yaranar və bizim ikitərəfli əlaqələrimiz normal axara düşər və bundan sonra təbii ki, ticarət evi də açmaq mümkündür. Hətta başqa addımlar da atıla bilər. Yəni, əlaqələrin daha da dərinləşməsi üçün lazımı addımlar haqqında düşünmək olar. Fikrimcə, Əfqanıstan həmin regionda Pakistandan sonra bizə dayaq ola biləcək ikinci dövlətə çevriləcək. İlk növbədə siyasi müstəvidə...

- Fikrət müəllim, hazırda milyonlarla əfqan miqrant dünyanın bir çox ölkələrinə axın edir. Əfqan qaçqınların bizim ölkəyə gəlmə ehtimalları da varmı? Azərbaycan əfqan miqrantları qarşılamağa hazırdırmı?

- Məsafə uzaqdır, inanmıram ki, əfqan qaçqınlar oradan bura gəlsinlər. Onlar daha çox Avropaya, Qərbə üz tuturlar. Əslində "Taliban"ın da verdiyi bəyanatlardan bəlli olur ki, onlar qisasçılıq hisslərindən uzaqdırlar. Hətta rəhbərliyin bu gün keçirdiyi brifinqdə bildirilib ki, bizi tənqid edin ki, biz həmin tənqiddən düzgün nəticələr çıxaraq. Əgər bu fikirləri deyirlərsə, deməli, doğrudan da taliblər ölkədə səhman, nizam-intizam yaratmaq istəyirlər.

Paylaş:
Loading...
Loading...