Sülhməramlılar Xankəndidə ermənilərin sayını 7 nəfərdən 20 minə necə çatdırdı? - ŞOK FAKTLAR
"Sülhməramlılar gələnə qədər Xankəndidə cəmi 7 nəfər adam qalmışdı. Bunu separatçıların “mədəniyyət naziri” demişdi. O zaman Xankəndidə qalan 7 nəfər Araik Arutyunyanla birlikdə orada müxtəlif “vəzifələr” tutan insanlar idi. Əhalinin hamısı çıxıb getmişdi".
Kanal.az xəbər verir ki, politoloq Qabil Hüseynli sülhməramlıların Qarabağdan getmək istəyən ermənilərə süni maneələr yaratması barədə suala cavab verərkən belə deyib. O bildirib ki, sülhməramlılar Ermənistanın müxtəlif ərazilərindən erməniləri toplayaraq Xankəndiyə, Əsgərana, Ağdərəyə gətirib çıxardılar:
"O zaman sülhməramlılar qürurla deyirdilər ki, buradan köç etmiş 50 mindən çox insanı geriyə qaytara bilmişik. Amma sonradan dəqiqləşdirilmiş məlumatlar göstərdi ki, bu ərazilərdə 20 min civarında adam yaşayır. Bizim dəqiq müşahidələrimiz də bunu göstərir. Həmin ermənilər bu ərazilərdən köçüb getmək istəyirlər. Amma rusiyalı sülhməramlılar sipər kimi onların qarşısında dayanıblar. Onların həmin ərazilərdən çıxmasına ciddi maneələr törədirlər. Bütün bunlar onu göstərir ki, sülhməramlılar orada sözün həqiqi mənasında demoqrafik vəziyyətin müəyyən həddə qalmasına ciddi şəkildə nəzarət edirlər. Özlərinin əsas funksiyası kimi bu bölgədə ermənilərin, eləcə də müəyyən qədər slavyan əsilli xalqların məskunlaşdırılmasını həyata keçirməyə çalışırlar. Bu, gözdən pərdə asmaq kimi bir şeydir. Onsuz da həmin adamlar belə bir çətin şəraitdə, problemlərin çox olduğu, maddi çətinliklərin aşıb-daşdığı bir vəziyyətdə ya Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirlər, ya da çıxıb getməyi düşünürlər. Onların bir xeylisinin içərisində Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşamaq duyğusu formalaşıb. Separatçılar və radikal millətçilər onların bu istəklərini gözlərində qoyurlar. İmkan vermirlər ki, həmin ermənilər bu duyğularını dilə gətirsinlər. Xankəndi və digər ərazilərdən getmək istəyən ermənilərə qarşı sözün əsl mənasında repressiv addımlar atırlar. Rus sülhməramlıları yolu kəsərək onların gedişinə mane olurlar. Hətta Xankəndini tərk edənlərə əvvəlcədən xəbərdarlıqlar edilir. Beləliklə, sülhməramlılar süni surətdə, zor gücünə bu bölgədə demoqrafik vəziyyəti qoruyub-saxlamağa çalışırlar. Amma bu, alınmır. Onsuz da əhali müxtəlif yollarla sülhməramlıların məsuliyyət zonasındakı əraziləri tərk etməkdədir". / Publika.az
- Siyasət
- 14 Yanvar 2022