61f27c7945d46_putin-ona-mektub-yazan-suriyali-qiza-hediyye-gonderdi-123075

SSRİ-nin bərpası yenidən gündəmdə: “Bu təklif deyil, reallıqdır…”

Belarus lideri Aleksandr Lukaşenko keçmiş Sovet ittifaqının bərpası ilə bağlı müzakirələrə səbəb olacaq fikirlər səsləndirib. O hesab edir ki, ittifaqın bərpası yaxın 15 il ərzində qaçılmaz olacaq. 

“Belarus artıq ümumi “təhlükəsizlik məkanında”dır və Qazaxıstana da “yaxşı dərs”oldu. Heç bir səhvə yol verilməsə, Ukrayna 15 il ərzində orada ola bilər. Ermənistanın getməyə yeri yoxdur. Sizcə onların kiməsə ehtiyacı varmı? Onlar bunu artıq görüblər. Azərbaycan bu qrupdan ona görə seçilir ki, biz də çoxlu səhvlərə yol vermişik. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Qaz, neft Türkiyədən keçir... Türkmənistan, Özbəkistan və Tacikistan da, zənnimcə, iqtisadi zərurətə görə qoşulacaqlar”,- deyə Belarus prezidenti iddialı çıxışı ilə gündəmə gəlib.

SSRİ-nin bərpası mümkündürmü? Rusiyada bu haqda nə düşünürlər?

Rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin Modern.az-a yeni ittifaqın yaranması ehtimalı barədə danışıb.

Onun sözlərinə görə, əslində Belarus lideri Aleksandr Lukaşenko SSRİ-nin bərpasından danışmır, o, postsovet respublikaları üçün İttifaq dövlətinin yeni formatını təklif edir. Bu format qlobal tendensiyaya tam uyğundur: 

"Qeyd edək ki, dünyada iqtisadi inteqrasiya və kollektiv təhlükəsizliyə xüsusi diqqət yetirilir. Məsələn, dünyada təklif edilən formata uyğun birliklər var və bunlar kollektiv təhlükəsizliyə, iqtisadi inkişafa təkan verir. Bir çox üzvləri NATO blokunun bir hissəsi olan Avropa Birliyini nümunə götürə bilərik. Postsovet məkanı çərçivəsində də əslində birliklər var. Bunlar Avrasiya İttifaqı və KTMT-dir. Yəni, artıq birlik həyata keçirilir və keçmiş sovet respublikalarının hansı çərçivəsində uğurla əməkdaşlıq etdiyini görürük. Eyni zamanda, Avropa avrosuna bənzər ümumi valyuta da təklif olunur".

Rusiyalı politoloq hesab edir ki, təkliflə bağlı müxtəlif informasiya resurslarında isterika yaranıb. Amma əslində Lukaşenkonun bu bəyanatı təklif deyil, real faktın ifadəsidir:

"Məsələn, Avrasiya İqtisadi İttifaqı və KTMT-nin üzvü olmayan, Lukaşenkonun qeyd etdiyi Özbəkistan var. Özbəkistan Demokratlar Partiyasının sədri Əlişir Kadırovun bu ittifaqla bağlı olduqca mənfi rəyləri mövcuddur. Amma Əlişir Kadırov iqtisadi və sosial sarsıntılardan danışarkən ciddi səhvlər edir. O, Lukaşenkonun sözlərini təhrif edir. Məsləhət görürəm ki, Prezident Şavkat Mirziyoyev Özbəkistanın keçmiş SSRİ ölkələri ilə ticarətinə dair iqtisadi hesabatları, əmək miqrasiyasının statistikası ilə tanış olsun və daha balanslı qiymət versin”.