639718c967b1c202212220425

SENSASİYALI AÇIQLAMA: Rusiya Qarabağı rus torpağı ELAN EDƏ BİLƏR

Azərbaycanın bir qrup QHT nümayəndəsi və ictimai fəal bu gün Şuşa şəhərinin girişində - Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb ediblər. 

Bu gün səhər saatlarında Laçın-Şuşa yolunda təşkil olunan aksiyaya qardaş Türkiyədən reaksiya gecikməyib. 

Kanal.az xəbər verir ki, aksiya barədə Modern.az-a danışan Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı bildirib ki, Rusiyanın sülhməramlı adı altında Qarabağa yerləşdirdiyi hərbi qüvvələr tezliklə Azərbaycan ərazilərindən çıxarılmalıdır:

“Azərbaycan iki il bundan əvvəl parlaq qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edib. Amma Rusiya sülhməramlı adı ilə Qarabağa ordusunu yerləşdirməklə özünün bölgədə olduğunu göstərməyə çalışdı. Bu gün rusların iki il ərzində sülhməramlı missiyasını düzgün yerinə yetirə bilmədiklərini görürük. Hətta xəbərlər var ki, ruslar Qarabağda yaşayan emənilərə Rusiya pasportu verirlər. Bununla da belə təəssürat yaratmaq istəyirlər ki, Qarabağda etnik ruslar çoxdur. Məncə, Rusiya Ukraynada olduğu kimi, burada da referendum keçirib Qarabağı rus torpağı elan edə bilər".

Cihad Yaycı hesab edir ki, Rusiyanın bölgəyə yerləşməsi əslində Azərbaycanı dayandırmaq, Ermənistanı isə müdafiə etmək məqsədi daşıyır:

"Ona görə də tezliklə rusların ərazidən çıxarılmasını tələb etmək lazımdır. Qarabağın Azərbaycan torpağı olduğunu hər kəs bilir, ruslara burada ehtiyac yoxdur. Sülhməramlıların düzgün fəaliyyət göstərməməsi isə hegomon dövlət üçün utancverici haldır.

Ruslar iki il bundan əvvəl razılaşdırılan ictimai asayişin təmin olunmasını Türkiyə həvala etməyib. Türklər sadəcə burada müşahidə etmək hüququna malikdir. Amma artıq buna göz yummaq olmaz. Ruslar orada istədikləri hərəkəti etdiyi halda türklər sakit durub baxmayacaq. Mütləq şəkildə tez bir zamanda Türkiyə hərbi qüvvələri də Qarabağa yerləşdirilməlidir. Eyni zamanda Rusiya ilə birlikdə Türkiyənin bərabər hüquqda fəaliyyət göstərməsi təmin olunmalıdır”.