Saqqızın ziyanları…
Yeganə BAYRAMOVA
“Eh, qarı nənə, sən bunun qədrini haradan biləsən? Əla fransız saqqızıdır. Dişləri təmizləyir, dibini bərkidir. İndi bütün dünya saqqız çeynəyir”. Yəqin ki, Afətin bu sözləri, “Qayınana” filmindən hər kəsə tanışdır. Saqqız reklamlarında da bu məhsulun faydaları sadalanır. Elə bu faydaları əsas gətirib bütün gün saqqız çeynəyənlər də olur. Ancaq saqqızı pis vərdiş hesab edənlər də az deyil.
Bəs, saqqız iddia edildiyi qədər faydalıdır, yoxsa yox?
Kalori yandırmağa kömək edir
Sualımızı cavablandıran dietoloq-həkim Ləman Ələsgərovanın sözlərinə görə, aparılan araşdırmalara əsasən saqqız çeynəməyin bir sıra faydası var: “Onlardan ən əsası gərginliyin və stressin azaldılması kimi psixoloji təsirlərdir. Gün ərzində yeməkdən sonra saqqız çeynəmək diş və ağız təmizliyi üçün faydalıdır. Eyni zamanda yaddaşı və motivasiyanı artırır, kalori yandırmağa və beləliklə arıqlamağa kömək olur. Lakin uzun müddət saqqız çeynəməyin ziyanı da var.
Qastrit yarada bilər…
Həkim qeyd edib ki, uzun müddət saqqız çeynəmək mədənin eroziyasına və iltihabına səbəb olur, hətta qastrit yarada bilər: “Uşaqdan böyüyə hər kəs müəyyən vaxtlarda saqqızdan istifadə edir. Lakin onu çeynəyərkən bir sıra qaydalara əməl etmək də məsləhətdir. Tez-tez saqqız çeynəmək tüpürcək vəzinin fəaliyyətini öncə artırsa da, bir müddət sonra vəzin funksiyasını pozaraq ağızda quruluğa və nəticədə bakterial infeksiyaya yol açır. Çox çeynədikdə diş emalını zədələyərək kariyesin yaranmasına səbəb olur. İnsan ac qarnına saqqız çeynəyirsə, bu, mədə şirəsinin ifrazının artması deməkdir. Yəni boş mədədə turşu mühiti olduğu üçün mədənin divarlarında qıcıqlanma nəticəsində iltihab əmələ gətirə bilər. Ona görə də, ac qarnına saqqız çeynəmək olmaz”.Hər reklama inanmayın…
L.Ələsgərovanın sözlərinə görə, sırf bütün dünya istifadə edir, reklam olunur deyə həmin məhsul ziyansızdır demək düzgün deyil: “Hər bir məhsulun özünün marketinqi, satış maraqları var. Buna görə də, bu məhsullar həmişə reklam olunurlar. Reklam biznes xarakteri daşıyır. Ona görə hər reklam olunan məhsul ideal deyil. Hər bir məhsulun müsbət tərəfləri olduğu kimi mənfi tərəflərini də araşdırıb tapmaq lazımdır. Müsbət və mənfi tərəflərini nəzərə alıb ondan lazımi qaydada istifadə etməliyik”.
- Sağlamlıq
- 10 İyul 2024