64512789d0f2e202305230857

Rusiyaya köçən Afət: Burada qazanc çoxdu - Mikrofonumu götürdüm gəldim

Tez-tez sosial şəbəkələrdə müğənnilərin evinə, maşınına, geyiminə görə tənqid hədəfinə çevrildiyini görürük. Bir neçə gün öncə Əməkdar artist Elnarə Abdullayeva da efirdə bu haqda danışdı.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış müğənni Afət Fərmanqızı bildirib ki, sosial şəbəkələrdə bəzi insanlar maddi imkanı yaxşı olan birini görən kimi onu təhqir etməyə başlayırlar:  “Kimin evi yoxdursa, yaxşı evi olan birini görən kimi, əri olmayan əri olanı görən kimi, maşını digərindən ucuz olanı görəndə söyür. Bu sözlər bəzi şəxslərə aiddir. Bunun səbəbi nədir mən də bilmirəm. Hər şeyin kökündə cahillik dayanır. Mən demirəm, hamı alim, ziyalı olmalıdır, amma ən azından hamı bir şeyi başa düşməlidir ki, başqasının işinə qarışmaq olmaz. Nəyəsə irad bildirə, tənqid edə bilərsən, amma qarşıdakını təhqir etmək olmaz. Müğənnillərin 90%-nin sosial şəbəkə hesabında telefon nömrələri qeyd olunub, təhqir edənlər götürüb o nömrə ilə əlaqə saxlasınlar, desinlər ki, mən filankəsov filankəsəm və səni təhqir edirəm. Hünəri çatan belə etsin, yoxsa monitor arxasından, saxta profillərdən nənəm də edər. Bu iş deyil, sözün varsa, “duxun” çatırsa, yerini de, nömrəni qoy sonra təhqir et. Sosial şəbəkələrdə anonim hesablardan şərh yazıb söyənlərə mən heç baxmıram. Hamıya söyürlər. Kişidirsə, yerini desin, nə olsun qadınam, harada, necə deyir tet-a-tet gəlim, söhbət edək. Beləsi yoxdur”.
Müğənni Rusiyaya köçdüyünə görə onu tənqid edənlərə cavab verib və bunun səbəblərini açıqlayıb: 
“Mən ailə qurduğum üçün məcbur olub həyat yoldaşımla Rusiyaya köçdüm. Çünki onun Azərbaycanda yaşamağı mümkün olmadı. Ərim harada, mən də orada, mikrofonumu götürdüm gəldim Rusiyaya. Burada qazanc Azərbaycandan çox olanda dördəlli yapışdım.
Bəziləri sosial şəbəkələrdə bəzən yazırlar ki, qürbətdədir filan. Əvvəla, mənim Azərbaycanda ailə üzvlərim yoxdur, anam, atam, qardaşım rəhmətə gedib, bacım, digər qardaşım, oğlum da hamısı Avropadadır. Burada yaşama səbəbimin birincisi budur, ikincisi, işim, qazancım burada daha yaxşıdır. Bəzən yazırlar ki, evini buraxıb gedib orada yaşayır, Azərbaycanda yaşasaydım da yazacaqdılar ki, ərini buraxıb burada qalır, yaxud deyəcəkdilər ki, əri bunu aldı, burada atdı çıxdı getdi. Mən indi sizin dediyinizlə oturub durum? Hərənin öz şəxsi həyatı var. Kim nə istəyir desin, dinləmirəm”.