63353d6d29749202209223837

“Rusiyanın zəifləməsi Türkiyənin əl-qolunu açacaq” – Safrastyan

Erməni ekspert Ruben Safrastyan Cənubi Qafqazdakı vəziyyəti və Türkiyənin regionda artan rolunu şərh edib.

Kanal.az xəbər verir ki, Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi direktoru Ruben Safrastyanın sözlərinə görə, Türkiyə Cənubi Qafqazdakı strategiyasında regionu özü ilə Rusiya Federasiyası arasında bufer zona hesab edir.

"Türkiyə addım-addım bölgədə təsirini artıraraq Rusiyanı buradan sıxışdırıb çıxarmağa çalışır. Türkiyə müxtəlif taktiki addımlar və hiylələrdən istifadə edir, müəyyən dərəcədə Rusiya ilə əməkdaşlığı dəstəkləyir, əslində isə tutduğu strategiyanı dəstəkləyir. 1991-ci ildən bəri Türkiyə öz strategiyasını dəyişməyib və açıq şəkildə həyata keçirmək imkanı əldə edən kimi, şübhəsiz ki, Rusiya ilə qarşıdurmaya gedəcək”,- deyə Safrastyan bildirib.

Onun fikrincə, Türkiyə-Azərbaycan qoşunlarının Ermənistana daxil olması Türkiyə üçün hələ də “qırmızı xətt” olaraq qalır, çünki indiki mərhələdə real siyasəti müşahidə edərək Rusiyanın bu cür cəhdlərə kəskin reaksiya vermək üçün hər cür imkanının olduğunu söyləmək olar. Ancaq Ukrayna münaqişəsi fonunda Rusiya zəifləsə, bu, Azərbaycanla birlikdə Türkiyənin də əl-qolunu açacaq.

"İndiki mərhələdə Türkiyə və Azərbaycan getdikcə aqressivləşir. Onlar öz məqsədlərinə hər hansı vasitə ilə nail olmaq istəyirlər,”,- o, iddia edib.

Safrastyanın müşahidələrinə görə, Rusiya sülhməramlılarının “Dağlıq Qarabağ”a daxil olması Rusiyanın Türkiyə və Azərbaycanın planlarını məhv etmək üçün qurulan bir oyunun tərkib hissəsi idi, çünki Türkiyə özü sülhməramlılarını orada yerləşdirmək istəyirdi.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı çətinliklərə baxmayaraq, Rusiya Cənubi Qafqazda dominant qüvvə olmaqda davam edir.