62fde7278f2aa202208221551

Rusiyadan Ermənistana böyük şok: Putinin gizli planı... - DETALLAR

Politoloq Elşən Manafov Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- Moskva İrəvandakı ticarət mərkəzində (“Surmalu”) baş vermiş partlayışa görə Rusiyanın ittiham olunması səbəbindən Ermənistana nota verib. Maraqlıdır, bu olay ətrafında Ermənistanda anti-Rusiya atmosferinin yaranması nə ilə əlaqəli ola bilər?

- Məncə, bu olaydan vaxtilə Nikol Paşinyanın hakimiyyətə gəlməsində əli olmuş Qərbdəki müəyyən dairələr istifadə etməyə çalışırlar. Sifarişçi qismində də məhz onlar çıxış edirlər. Sadəcə olaraq, burada icraçı tərəf Paşinyan iqtidarıdır.

Həmin olayla bağlı Ermənistan hökumətinin ilk mövqeyi belə oldu ki, ticarət mərkəzində baş vermiş partlayış heç bir vəchlə terror hadisəsi deyil. Bunun ardınca, təhqiqat işlərinin aparılmadığı bir şəraitdə birdən-birə aidiyyəti qurumların buna görə Moskvanı ittiham etməsi, göstərir ki, bu sifarişin arxasında geosiyasi ismarışlar var. Bu ismarışlar da hazırda Ukraynada Qərb və Rusiya arasında yaşanan geosiyasi qarşıdurmanın şərtləri və reallıqlarından irəli gəlir.

Ola bilsin, Qərbdəki müəyyən dairələr belə qənaətə gəliblər ki, Rusiyanı Ukrayna ilə yanaşı MDB məkanının digər bölgələrində də sınağa çəkmək və burada onun üçün əlavə problemlər yaratmaq lazımdır. Əslində ABŞ-ın Tacikistanda KTMT-yə daxil olan bəzi ölkələrlər birlikdə hərbi təlimlər keçirməsi də ciddi mesajdır. Əslində, iki gün əvvəl Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə Moskvada keçirilmiş beynəlxalq təhlükəsizlik forumu Mərkəzi Asiyada itirilmiş mövqelərini geri qaytarmağa çalışan ABŞ-a ünvanlanmış ismarış idi.

Cənubi Qafqazdakı gəlişmələrə gəldikdə, məlumdur ki, Paşinyan vaxtilə “Sorosçular”ın dəstəyi ilə hakimiyyətə gəlib. Bunu heç Paşinyanın özü də gizlətmədi. Yeri gəlmişkən, o, həmin Paşinyandır ki, müxalifətdə olarkən hakimiyyətə gələcəyi təqdirdə Ermənistanı KTMT-dən çıxaracağını deyirdi.

Həmçinin bildirmişdi ki, Ermənistanın Avrasiya İqtisadi Birliyində qalmasına heç bir ciddi ehtiyac yoxdur. Təbii ki, Paşinyan hakimiyyətə gəldikdən sonra bunu edə bilmədi. Üstəgəl, Paşinyan geosiyasi reallığı nəzərə almayaraq və Ermənistanın kifayət qədər iqtisadi, siyasi və hərbi resurslarının olmadığını bildiyi halda onun fəaliyyətini istiqamətləndirən qüvvələrin təhriki ilə Azərbaycanla müharibəyə girdi. Bu isə Ermənistana baha başa gəldi.

Moskva Rusiyanın Ermənistandakı mövqelərini zəiflətməyə çalışan Paşinyan və ölkəsini cəzalandırdı. Rusiya İkinci Qarabağ Müharibəsində Ermənistanı Azərbaycanla müharibədə tək qoydu. Rusiya beynəlxalq hüquqa riayət edərək bildirdi ki, Azərbaycan işğalda olan ərazilərini azad edir. Rusiya müharibəyə müdaxilə etmədi.

Təbii ki, Azərbaycanla ikitərəfli maraqlar, prezidentlər İlham Əliyev və Vladimir Putin arasındakı yüksək səviyyədə qurulmuş münasibətlər də Rusiyanı kənarda durmağa sövq etdi. Rusiyanın müharibəyə müdaxilə etməməsi Ermənistana baha başa gəldi.

Ermənistan-Rusiya gərginliyinə gəldikdə, yəqin ki, Qərbdəki bəlli dairələr Ukrayna böhranı fonunda Moskvanı həm də Cənubi Qafqazda yeni imtahana çəkmək istəyirlər. Fikir versək görərik ki, Rusiya Ukrayna ilə yanaşı, Mərkəzi Asiya və Cənubi Qafqazda da Qərb tərəfindən sınağa çəkilir. Rusiyanın Ermənistana notası həm də Paşinyanın fəaliyyətini istiqamətləndirən qüvvələrə ismarış kimi qəbul edilməlidir.

- Bəs Rusiya bu ağır ittihama görə Ermənistana hansı cavabı verə bilər?

- Hazırkı situasiyada Rusiyanın Ermənistana hansısa formada cavab verəcəyini düşünmürəm. Amma vaxtı gələndə Paşinyan bunu hiss edəcək.

Qeyd edim ki, Azərbaycan bu günlərdə “Qisas” əməliyyatını çox böyük uğurla həyata keçirməsi nəticəsində Qarabağın digər ərazilərində də öz ərazi bütövlüyünü tədricən bərpa etməyə başlayıb. Maraqlı detal budur ki, Azərbaycan bu əməliyyatı Rusiya sülhməramlılarının yerləşdikləri ərazilərdə çox böyük dəqiqlik və peşəkarlıqla keçirdi. Zənnimcə, Azərbaycan bu əməliyyatı münasibətləri bu ilin fevralında müttəfiqlik səviyyəsinə qalxmış Rusiya ilə uzlaşdırılmış şəkildə həyata keçirib. Bu da Azərbaycanın Rusiya ilə bu və digər sahələrdə əməkdaşlığının yeni kontekstdə çalarlarıdır.

Eyni zamanda, bu əməkdaşlıq Ermənistan və onun siyasətini istiqamətləndirən bəlli dairələrə bir ismarış kimi qəbul olunmalıdır.

- Rusiyada Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyi bildirilir. Bu görüşdən gözləntiniz necədir, bu, Kreml-İrəvan gərginliyi fonunda prosesə necə təsir göstərə bilər?

- Məncə, Ermənistanın bu görüş ərəfəsində İrəvandakı partlayışa görə Rusiyanı ittiham etməsi onun xeyrinə olmayan faktora çevriləcək. Xüsusən də Qarabağ məsələsində. Onsuz da Prezident İlham Əliyevin titanik səyləri nəticəsində bu günlərdə istifadəyə veriləcək 32 kilometrlik yeni yol (Laçın dəhlizinə alternativ) erməni tərəfini olduqca ağır vəziyyətdə qoyur. Ermənilər yolun belə sürətlə hazır olacağını gözləmirdilər.

Əslində bu məsələ üçtərəfli bəyanatda təsbit edilib. Sadəcə olaraq, Azərbaycan yolu müəyyən edilmiş vaxtdan əvvəl hazırladı. Bu, həm Azərbaycanın milli təhlükəsizlik maraqlarından irəli gəlir, həm də Prezident İlham Əliyev qlobal miqyasda yaşanan geosiyasi hadisələrin regional təhlükəsizliyə mümkün təsirlərini böyük ustalıqla dəyərləndirdi və bu layihəni də reallaşdırdı.

Zənnimcə, bu, yaxın perspektivdə Azərbaycanın Qarabağda tam suverenliyinin bərpa edilməsinə xidmət göstərəcək bir hadisədir. Bu addımların da Rusiyanın siyasi rəhbərliyi ilə koordinasiyalı şəkildə atıldığını düşünürəm.

Qənaətimə görə, Paşinyanın Qərbin dəstəyi ilə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq səyləri “bumeranq effekti” yaradacaq. Yeri gəlmişkən, Ermənistandakı revanşist qüvvələr Rusiyanın zamanı gələndə Paşinyan iqtidarına son zərbəni vuracağını gözləyirlər. Amma düşünmürəm ki, Putin yenə də Ermənistanda revanşistlərə, yəni millətçi dairələrə üstünlük verəcək.

Qənaətimə görə, Moskvanın Gürcüstanda olduğu kimi, Ermənistanda da Rusiyanın siyasi və oliqarx elitasına bağlı olan bir iş adamının hakimiyyətə gətirilməsinə dair planı var. Zamanı gələndə bu mexanizm işləməyə başlayacaq.