Rusiyada 8,7 bal gücündə zəlzələ - Liman su altında qaldı, 200 metr hündürlüyündə sunami... - VİDEO

  • Manşet
  • 30 İyul 2025
6889d4af06e96202507251543

Rusiyanın Kamçatka yarımadasında 8,7 maqnitudalı zəlzələ baş verib.

Kanal.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı Teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, bu, 1952-ci ildən sonra baş vermiş ən güclü zəlzələdir.

Zəlzələ təkcə Rusiyada deyil, digər ölkələrə də təsir göstərib. Artıq Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasının Hanasaki limanında ilk sunami dalğası qeydə alınıb.

ABŞ-ın Honolulu Fövqəladə Hallar İdarəsi zəlzələnin yaratdığı sunami dalğaları təhlükəsi səbəbindən Havay adalarının bəzi sahil ərazilərinin təxliyə edilməsinə çağırıb.

Kamçatka regionunun qubernatoru sakinləri sahil xəttinə yaxınlaşmamağı məsləhət görüb.

Yaponiyanın Baş naziri Şigeru İşiba əhaliyə müraciət edərək, sunami xəbərdarlığı olan ərazilərdən təxliyə olunmağa çağırıb. İşiba bildirib ki, hökumət əhaliyə hər hansı ziyan dəyməməsi üçün əlindən gələni edəcək, hərçənd hadisələrin necə cərəyan edəcəyi hələ məlum deyil.

***

Rusiyanın şərqində Kamçatkada baş verən güclü zəlzələ sunamiyə səbəb olub.

Kanal.az Ölkə.az-a istinadən xəbər verir ki, üç sunami dalğası zəlzələdən sonra Severo-Kurilsk sahil zonasında Kuril adasının Paramuşir sahilinə dəyib, sonuncusu ən dağıdıcı olub. 

Saxalin vilayətinin Severo-Kurilsk bələdiyyə dairəsi administrasiyasının rəhbəri Aleksandr Ovsyannikovun verdiyi məlumata görə, birinci sunami dalğası təxminən 200 metr hündürlüyə çatıb. “Sonra daha iki dalğa oldu, ikincisi çox zəifdi, üçüncüsü daha çox enerjili, güclü idi. Gəmiləri sahilə atıb, liman infrastrukturuna ciddi ziyan vurub", - Aleksandr Ovsyannikov qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Severo-Kurilsk limanı su altında qalıb. Dəniz suyu da Alaid balıqçılıq müəssisəsinə daxil olub. Şəhər sakinləri sunami təhlükəsi tamamilə aradan qaldırılana qədər orada qalacaqları təpəyə köçürülüb. Şəhərdə həyacan siqnalı verilib.

Oxşar xəbərlər