6215ec30bf466_1645598568_1640621340_xankendi

Rusiya ilə müttəfiqlik müqaviləsi Ermənistanda narahatlıqla qarşılandı: Xankəndi məsələsi...

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında bəyannamə imzalanıb. Müttəfiqlik Bəyannaməsinin  bundan sonrakı proseslərə hansı şəkildə təsir edəcəyi sual doğurmaqdadır.

Kanal.az xəbər verir ki, sözügedən sənədlə bağlı Gundem.az-a açıqlama verən siyasət yazarı Aqşin Kərimov bundan sonrakı mərhələdə Rusiyanın Ermənistana təzyiq edəcəyini deyib: 

“ Bakı-Moskva əlaqələrinə yeni dinamika verilməsi zərurəti meydana çıxır, bunu isə Cənubi Qafqazdakı yeni reallıq şərtləndirir. Cənubi Qafqazdakı cari situasiya regional təhlükəsizliyin gələcəyinin dayanıqlı sülh və sabitlik üzərində bərqərar olması üçün fürsətlər təqdim edir. Bu fürsət daha çox Ermənistan üçün şansdır, indi Ermənistan qarşısında çağırış durur ki, o, işğal niyyətlərindən əl çəksin, Azərbaycanla əlaqələrini normallaşdırsın və sülh müqaviləsinə imza atsın. 

Bunun üçün Ermənistan ilk növbədə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların üzərinə qoyduğu öhdəlikləri yerinə yetirməlidir. 

Vladimir Putin İlham Əliyevlə görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Rusiyanın oynadığı roldan danışması da İrəvana xəbərdarlıq kontekstində nəzərdən keçirilə bilər. Onun postmünaqişə dövründə mübahisəli məsələlərin olduğunu qeyd etməsi, ardınca, prosesin sülh yolu ilə həlli üçün hər şeyi edəcəyini bildirməsi belə deməyə əsas verir”. 

A.Kərimov Rusiyanın Bakıdan gözləntilərinin qeyri-müəyyən olduğunu bildirib:

“Hesab etmək olar ki, Rusiya bundan sonra Ermənistana öhdəliklərin icrası üçün daha çox təzyiq göstərəcək, çünki Azərbaycanla münasibətlərin xarakteri Moskvanı Bakı ilə daha da yaxınlaşdırır. Bu sənəd Azərbaycanla Rusiya arasında qarşılıqlı əməkdaşlıq potensialını artıracaq. Sənəd ikitərəfli münasibətlərdə qarşılıqlı fəaliyyətin vacib aspektlərini özündə ehtiva edəcək. 

Bununla da iqtisadi əlaqələr güclənəcək, siyasi münasibətlər yeni inkişaf yoluna qədəm qoyacaq.  Rusiyanın mümkün ssenarilərinə gəlincə, böyük ehtimal ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Bakının suveren hüquqlarının bərpası istiqamətində Bakıya dəstək verəcək. Amma bunun qarşılığında nələr istəməsini söyləmək hələlik tezdir. Kremlin Ermənistanla bağlı planlarını isə Belarus Prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda dilə gətirmişdi. Çıxara biləcəyimiz nəticə belədir ki, Azərbaycanla Rusiya arasındakı yeni saziş Rusiyanın Ermənistanın başı üzərindək əlini çəkəcək...”