Respublika səviyyəli yolun asfaltlanmasına başlanılıb - FOTO
Maraqlı
06.07.2021 13:15
504

Respublika səviyyəli yolun asfaltlanmasına başlanılıb - FOTO

Oğuz-Şəki avtomobil yolunun 31.5 km-lik əsas hissəsi 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması tədbirləri çərçivəsində yol boyu genişləndirmə işləri aparılaraq yolun hərəkət hissəsinin eni doqquz metrə çatdırılır.

Bildirilib ki, yenidənqurma işləri zamanı yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilir. Yol əsası hazır olan hissələrə artıq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Bundan başqa Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni ötürücünün inşası həyata keçirilib.

Yuxarıda sadalanan təmir-tikinti işləri ilə yanaşı yol boyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi, həmçinin mövcud körpülərin əsaslı şəkildə təmiri də layihə üzrə görülən işlərdəndir.

Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9.1 km uzunluğa malik Şəki dairəvi yolunun da ( Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmiri işləri aparılıb. Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır.

Təbii ki, yenidənqurma işlərinin sonunda yol boyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.




Loading...
Loading...