“Qurban Qurbanov bilər, biz bilərik” - “Bu şəhərdə”dən tənqidlərə cavab

  • Gündəm
  • 17 Noyabr 2025
691afe5896af8202511255208

“Bu Şəhərdə”nin “Ev Dar” adlı konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, Rafael İsgəndərov və Coşqun Rəhimovun 15 noyabrda Heydər Əliyev Sarayında səhnələşdirdiyi parodiyada Qurbanovun yığmanın dünya çempionu olması fikrinə verdiyi reaksiya bir çoxları tərəfindən tənqid olunub.

Kanal.az xəbər verir ki, metbuat.az mövzuya münasibət öyrənmək üçün “Bu şəhərdə”nin üzvləri ilə əlaqə saxlayıb.

Əməkdar artist, aktyor Rafael İsgəndərov məsələ ilə bağlı danışmaq istəmədiyini bildirsə də, sonda “Qurban Qurbanov bilər, biz bilərik”, – deyə qeyd edib.

Əməkdar artist Coşqun Rəhimov isə həmin epizodla bağlı danışarkən qeyd edib ki, tənqid düşünənlər gəlib oturub o səhnəciyə baxardılar və düzgün reaksiya verərdilər:

“Biz işimizi bilən insanlarıq. Səhnədə heç kimi təhqir eləmirik, tənqid eləmirik, o ki qaldı Qurban Qurbanova. Tənqid fikirləşən insanlar gəlib o səhnəciyə baxardılar və düzgün reaksiya verərdilər. Ayıb olsun onlara. Səhnəciyi görməmiş reaksiya vermək, reytinq qazanmaq ayıb bir işdir. Yeri gələndə bir çoxları ilə də münasibətimiz var, amma elə bu axırıncı yoldur ki, onlar edirlər. Səhnəciyə baxıb düzgün reaksiya versəydilər, biz belə reaksiya verməzdik. Əgər belə bir fikirdə olublarsa, ayıb olsun onlara. Bu 25 ildə heç kimi tənqid eləməmişik. Sadəcə olaraq haqla danışmaq lazımdır. İnsanlar yavaş-yavaş deyəsən haqqı itirirlər, pulu önəmsəyirlər”.

“Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov da öz açıqlamasında üçüncü adamların səhnəciyin tam versiyasını görmədən danışmaqlarını səhv addım hesab edib:

“Onlar haqqımıza girirlər. Ümumiyyətlə, o zaldan kimsə çəkib hansısa bir hissəni qoyursa, o da haqqımıza girib. Çünki çəkiliş qadağandır. Yəni biz özümüz çəkirik, montaj edirik, sonra yerləşdiririk. Çəkən də, paylaşan da səhv edir, götürür onu yerləşdirir öz səhifəsində və heç nə bilmədən ağzına gələni danışır. Şər atırlar, ajiotaj yaradırlar. “Bu Şəhərdə” bunu edib, yaxşı, bəs məntiqli olmazdı ki, gözləmək, bunun tam versiyası “Youtube”a yerləşdiriləndən sonra, efirdə göstəriləndən sonra, Qurban Qurbanov da özü bunun tam versiyasını görəndən sonra, Qurban Qurbanovdan soruşmaq ki, ay Qurban müəllim, sizin fikrinizcə, bu təbliğdir, tənqiddir, təqliddir, tərifdir, parodiyadır? O da desin ki, əla idi, xoşuma gəldi, ya xoşuma gəlmədi, məni təhqir eləyiblər və sairə. Yaxud Azərbaycan yığmasının baş məşqçisindən soruşmaq? Yəni sənətdən başı çıxan insanlardan. Bizim sosial şəbəkədə “zibilimiz” çoxdur. Bir bağçaya girəndə hər yerdə alaqlar da olur, gül-çiçək də. İndi yaxşı insan alaqları, zibili təmizləyib tullayır, gül-çiçək qalır. Mənim fikrimcə, yaxşı olar ki, tam versiya hazır olsun, Qurban Qurbanov ona baxsın, ondan sonra Qurban Qurbanovdan soruşun ki, xoşuna gəldi, ya gəlmədi, vəssalam”.

Həmin görüntüləri təqdim edirik:

Oxşar xəbərlər