Qazaxıstandakı hadisələr Türkiyəni hərəkətə keçirdi: "Turan" ideyası güclənib - Özbəkistanla danışıqlar aparılır
“Hədəfdə Turanın yüksələn ulduzudur”.
Kanal.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Turab Rzayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, növbəti hədəfin Özbəkistan olmasını güman etmək üçün bir çox səbəblər var.
“Birincisi Lukoşenkonun durduq yerdə “növbəti hədəf Özbəkistandır. Teroristlər buraya hücum etmək, dövlət çevrilişi çıxartmaq istəyirlər” dedi və xəbərdalıq etdi. Daha sonra Rusiyanın Dövlət Dumasının MDB komitəsinin sədr müavini açıqlama verdi ki, “Özbəkistan KTMT-yə qayıtmalıdır və bunun vaxtıdır”. Hətta Özbəkistana xəbərdarlıq da etdi ki, “Özbəkistana çətin zamanda kömək edən KTMT olacaq”. Üçüncü məsələ isə odur ki, bir neçə gün öncə Jirnovski də Özbəkistana söz atmışdı.
Bütün bunlar göstərir ki, artıq Özbəkistan hədəfdədir və Özbəkistana doğru bu həlqə daralmağa davam edir. Bundan sonra biz, uyğun addımları Özbəkistan tərəfindən də gördük. Ən son olaraq, Özbəkistan sərhədləri bərkidib, ölkəyə giriş-çıxış qaydalarını sərtləşdirib, orduda dövlətin və dövlətçiliyin təbliği gücləndirilib, tələbələr və məzunların qış tətili 25 yanvara qədər uzadılıb, Özbəkistan rəhbərliyi Türkiyə ilə danışır və s. Bütün bunlar onu göstərir ki, Özbəkistan özü də hədəf olduğunu bilir”.
Turab Rzayev
Siyasi şərhçinin sözlərinə görə, Özbəkistan hədəfə gələrsə, bu sırf Qazaxıstan qədər rahat olmayacaq. Çünki Özbəkistan KTMT-nin üzvü deyil.
“Ona görə də Rusiyanın əlində belə bir bəhanə olmayacaq. Digər bir məsələ isə ondan ibarətdir ki, Özbəkistanda çox güclü qərb maraqları var. Yəni ABŞ, Britaniya və Türkiyənin özünün belə Özbəkistanda maraqları var. Özbəkistan yeni inkişaf yolu, iqtisadiyyatın liberallaşdırılması, investisiyaya açılmaq ölkəyə çox güclü kapital cəlb edir. Hindistan, Cənubi Koreya, Çin, Türkiyə, Avropa, Böyük Britaniya, ABŞ, Kanada və s. ölkələr çox böyük kapitallar, yatırımlar qoyublar. Əlbəttə ki, bunu riskə atmaq istəməyəcəklər”.
Turab Rzayevin sözlərinə görə, Özbəkistanın son atdığı addımlar xüsusilə Türkiyə ilə əlaqələrin yaxşılaşdırılması Türkiyənin gərəkli zamanda Özbəkistana kifayət qədər dəstək verməsinə şərait yaradacaq.
“Bundan başqa, nəzərə alaq ki, Özbəkistan kifayət qədər oturuşmuş ordusu olan, daha dərin dövlətçiliyi olan bir ölkədir. Bundan əvvəlki üsyanlar, dövlət çevrilişlərində də Özbəkistan ordusu və polisi özü basdırıb.
Özbəkistanın Rusiya ilə quru sərhədi yoxdur. Ona görə də orada hərbi əməliyyatlar aparmaq Rusiyaya çox çətin olar. Türkiyə və digər qərb ölkələri isə daha rahat şəkildə Özbəkistana lojistik və hərbi dəstək verə bilərlər”.
- Siyasət
- 12 Yanvar 2022