Qazaxıstanda İNQİLABİ DƏYİŞİKLİK: 30 il sonra... - Nazarbayev ssenarisi?

  • Dünya
  • 06 İyun 2022 14:42
  • Oxunub: 3987

Qazaxıstanda konstitusiya dəyişikliyi qəbul olundu. Dəyişikliyə görə, 30 ilin “superprezident” ölkəsi tədricən güclü parlament nəzarətinin olduğu və hökumətin qanunverici orqan qarşısında hesabatlılığının təmin edildiyi sistemə keçir. Prezident səlahiyyətləri azaldılır, hərçənd, əsas diqqətçəkən məqam prezidentin siyasi partiya üzvlüyünə qadağa qoyulması, həmçinin, yaxın qohumlarının dövlət və kvazi-dövlət strukturlarında rəhbər vəzifələri tutmasının qadağan edilməsidir.

Tokayev könüllü şəkildə öz səlahiyyətlərindən imtina edir və hökm çevrəsini daraldır. İlin əvvəlində baş verən hadisələr fonunda bu məqam maraq doğurur, çünki Tokayev proseslərdən güclənmiş çıxmışdı. Belədə niyə öz gücündən imtina edir?

Bu sualın birdən çox cavabı mümkündür.

Birincisi, Tokayev özünün “qanlı yanvar” adlandırdığı hadisələrin təkrarlanmasını istəmir: onun fikrincə, bu hadisələr məhz hərbi strukturların rəhbər şəxsləri tərəfindən təşkil edilmişdi, hansı ki, onlar birinci şəxsin yaxınları idi; bu fikir fonunda konstitusiya islahatları Nazarbayev komandasının hələ də mövcud olan təsir imkanlarının ana qanunla sıfırlanmasına hesablanmış addım kimi görünür;

İkincisi, bu prosesin bir qədər konsprioloji görünsə belə, Tokayev-Nazarbayev ikilisinin dərin planı olduğu versiyası da mövcuddur: Nazarbayevin postundan getməsi, yerinə Tokayevi gətirməsi bunu istisna etmir və belə görünür ki, 30 il ərzində dövlətin “iliyinə” işləmiş sistemin dəyişdirilməsi üçün “xaos ssenarisi” tətbiq edilib;

Üçüncüsü, Tokayevin “qanlı yanvar” adlandırdığı hadisələr əsas səlahiyyətlərin bir şəxsdə olmasının onu xarici təzyiqlər üçün açıq hədəfə çevirdiyini də göstərdi: xalqın etirazına baxmayaraq, Tokayev prezident kimi Rusiyanın təzyqi qarşısında geri çəkilərək, KTMT-nin ölkəyə müdaxiləsinə razı oldu və məhz bu təcrübə yeni sistemin vacibliyini zəruri edir; yeni sistemdə hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsi xarici təzyiq qarşısında “dalğaqıran” rolunu oynaya bilər.

Baş verənlərin geosiyasi tərəfləri də suallar yaradır:

- Yanvar hadisələri zamanı Qazaxıstana müdaxilə ilə bu ölkədə zəifləyən təsirini yenidən bərpa edən Rusiya bu prosesin harasında yer alır? Yaxud Kreml “arxa bağçası” olaraq gördüyü Mərkəzi Asiyada demokratik açılımda maraqlıdırmı?

- Rusiyanın dəstəyi ilə güclənən Tokayevin öz gücündən könüllü imtinası geosiyasi planda nəyə hesablanıb?

Yanvar hadisələri Rusiyanın Mərkəzi Asiyada, xüsusilə Qazaxıstanda Çinin artan təsirinə qarşı vəziyyətə nəzarəti ələ keçirmək gedişi olaraq görünürdü. Bu gediş ABŞ-Çin geosiyasi qarşıdurması fonunda Vaşinqtonun da istəklərinə uyğundur. Bu kontekstdə Rusiyanın dəstəklədiyi Tokayevin demokratik açılımı olduqca maraqlıdır və hadisələrin inkişafında müəyyən suallara da aydınlıq gələcək.

İndi məlum olan türk dünyasının Mərkəzi Asiyadakı əsas açarı olan Qazaxıstanın yeni dövrə qədəm qoymasıdır. /axar.az

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...