637ccf843ef7a202211223252

Qazaxın 7 kəndi qaytarılır: Digər anklavlar isə... - ŞOK DETALLAR

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə Azərbaycanla əhatəli və çərçivə sazişinin imzlanmasından danışıb. O, daha çox çərçivə sazişindən bəhs edib. Eyni zamanda ərazi mübadiləsi ilə bağlı da məsələlərə toxunulub. Erməni tərəfi iddia edir ki, Azərbaycan bu ilin sentyabr və 2021-ci ilin mayındakı hərbi əməliyyatlarla müəyən əraziləri nəzarətə götürüb. Amma fakt odur ki, 1991-ci ildən Qazağın 7 kəndi hələ də Ermənistanın işğalı altındadır. Hazırda Ermənistan tərəfindən bu tipli məsələlərlə bağlı açıqlamalar verilir. Əslində isə bu, onların prosesə baxışıdır.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, erməni tərəfi Qazaxın 7 kəndi və anklav əraziləri Azərbaycana təhvil verməyə hazır olduğunu bəyan edir: “Əslində onlar açıq danışmır. Çünki anklavlarla bağlı Ermənistan tərəfindən verilən açıqlamalar heç də aydın deyil. Onlar anklavları işğal etdiklərini etiraf etməyiblər. Hətta iddia edirlər ki, bu anklavlar sovet dövründə qeyri-qanuni olaraq Azərbaycana verilib”.

Fərid Şəfiyev hesab edir ki, ümumiyyətlə, delimitasiya prosesi baş verən zaman bütün bunların hamısı müəyyən edilməlidir: “Hansı ərazilərdə ermənilərin, hansında Azərbaycanın nəzarət etməsi məsələsi burada aydınlaşmalıdır. İlk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu, dünyada qəbul edilmiş yeganə praktikadır. Ölkələr bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra delimitasiya və demarkasiya prosesi aparılır”.