66572468c55dd202405244944

Qarğıdalı yağının inanılmaz faydaları

Bitki mənşəli yağların insan orqanizmi üçün faydalı olduğu, çoxumuza məlumdur. Təsadüfi deyil ki, həkimlər də gündəlik rasionda, yeməklərdə və salatlarda bitki yağlarından istifadə etməyi məsləhət görürlər. Bitki yağlarının çeşidi çox olsa da, mətbəxdə yeməklərdə ən çox istifadə ediləni qarğıdalı yağıdır. Bu gün satışda da qarğıdalı yağı ən çox tələbat olan duru yağlar sırasındadır. Həkimlər də qarğıdalı yağından istifadənin digər duru yağlara müqayisədə daha zərərsiz və sağlamlığa faydalı olduğunu söyləyirlər.

Terapevt Emin Dadaşzadə deyir ki, qarğıdalı yağı qanda xoleostrin səviyyəsi yüksək olan, eləcə də qan-damar xəstəliklərindən əziyyət çəkən xəstələr üçün daha çox tövsiyyə edilir: “Amma biz qəbzliyi olan xəstələrə, dammar sərtliyi olan pasiyentlərimizə də qarğıdalı yağından istifadə etməyi tövsiyyə edirik”.

Həmsöhbətimiz deyir ki, qarğıdalı yağının tərkibində olan vitaminlər böyüməkdə olan orqanizm üçün də çox faydalıdır: “ Çünki, qarğıdalı yağının tərkibi böyümə və sağlamlıq üçün vacib olan iki əsas yağ turşusu- linoleik turşusu ilə zəngindir. Qarğıdalı yağının antioksidant təsiri də var.Tərkibi E vitamini qaynağı hesab olunur. Qarğıdalı yağının tərkibində olan E vitamininn miqdarı günəbaxan və zeytun yağının tərkibindəkindən 2 dəfə çoxdur. Bununla belə qarğıdalı yağının tərkibində A vitamini də var. Ona görə bu yağı gözündə görməsi zəif olan insanların istifadə etməsi vacibdir”.E. Dadaşzadə qarğıdalı yağından hazırlanan yeməklərdən istifadənin ürəyin işemik xəstəlikləri ilə bağlı riskləri də azaltdığını bildirir.  

Həkim qarğıdalı yağından istifadə edənlərdə mədə ilə bağlı şikayətlərə rast gəlinmədiyini söyləyir: “Qarğıdalı yağının ödqovucu xüsusiyyəti də var. Ona görə də, qarğıdalı yağından istifadə edənlərdə öd kisəsinin fəaliyyəti normallaşır”.

Mütəxəssislər bununla belə qarğıdalı yağı alarkən diqqətli olmağı tövsiyyə edir. E. Dadaşzadə xaricdən idxal edilən məhsullardan çox, ölkəmizdə istehsal edilən qarğıdalı yağlarına üstünlük verməyi tövsiyyə edir. Onun sözlərinə görə, xaricdən idxal edilən duru yağların tərkibi qarışdırıldığından, ölkədə istehsal olunan duru yağlardan faydalanmaq daha məsləhətlidir.