Qarabağda toqquşma gözlənilir? -  Hücum olsa, Türkiyə ordu yeridəcək
Ölkə
23.08.2021 22:52
0

Qarabağda toqquşma gözlənilir? - Hücum olsa, Türkiyə ordu yeridəcək

“Paşinyan hərdəmxəyal siyasətçidir: bir gün elə deyir, bir gün belə. Bu gün bir söz deyirsə, sabah başqasını dilinə gətirir. Yəni konkret strategiyası yoxdur. Paşinyan anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanı inkişaf etdirmək mümkün olmayacaq, bununla belə, ziddiyyətli açıqlamalar verir. Paşinyanın yolu bəlli deyil. Bir tərəfdən Azərbaycanla razılaşmaq istəyir, digər tərəfdən qorxur ki, ermənilər buna görə onu çarmıxa çəkərlər”.


Kanal.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu belə açıqlama verib. Onun müsahibəsini təqdim edirik:


- Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Artak Davtyan Azərbaycanı hədələdi. O bildirdi ki, Rusiyadan alınan silahlar vaxtı çatanda göstəriləcək. Bu hədə yeni müharibənin anonsudurmu?

-Hansısa erməni generalının verdiyi açıqlamanın şərh edilməsinin tərəfdarı deyiləm. Hər erməni yerindən qalxıb nəsə deyəcək, biz də bunu şərh etməliyik?! Əsas rəsmiləri, baş naziri, müdafiə naziri, xarici işlər nazirlərinin nə deməsidir. Ermənistanda o qədər general var ki, nə gəldi danışır. Onlar öz cəmiyyətlərini ümidləndirməyə çalışırlar ki, “biz vuruşacağıq”. Nəylə vuruşacaqsınız? Ermənistanın hansı texnikası, hansı hərbi gücü var?nİtkilərinin sayı da getdikcə artır. Erməni cəmiyyəti hakimiyyətdən bu itkilərin hesabını soruşur. General ağzına gələni danışır. Dediklərinin heç bir həqiqəti əks etdirmir. Əgər müharibə istəyirlərsə, biz davam etməyə hazırıq. Elə bir zərbə endirə bilərik ki, ayağa dura bilməzlər.

- Son günlər əsas müzakirə mövzularından biri də Rusiyanın Ermənistanı silahlandırmasıdır. İrəvandan verilən son açıqlama budur ki, Rusiya Ermənistana fasiləsiz olaraq silah göndərir. Moskva niyə bu addımı atır, məqsədi nədir?

- Burada qeyri-adi heç nə yoxdur. Niyə silah göndərdiyi aydındır. Məqsədi budur ki, Ermənistan Azərbaycanın qarşısında tam zəif və gücsüz duruma düşməsin. Bilir ki, Ermənistanı silahlandırmasa, Ermənistan çökəcək və Azərbaycanın üstünlüyü daha da artacaq. Rusiya da bunu istəmir, buna görə də onu silahlandırır.

- Yeni toqquşmalara bölgədə hərbçiləri olan Rusiyanın müdaxiləsi ehtimalı nə qədərdir?

- Əlbəttə Rusiya müdaxilə etməyə çalışacaq, çünki hərbçiləri bölgədədir. Amma biz müəyyən ssenariləri Türkiyə ilə birgə həyata keçirməliyik. İllərdir deyirəm ki, Türkiyənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək lazımdır. Çünki biz təkcə Ermənistanla yox, onun arxasında dayanan güclərlə də üz-üzə qalmışıq. Biz Ermənistanla bacarırıq və bunu sübut etmişik, onu meydada məğlub etmişik. Amma qarşımızda Rusiya, İran və başqa güc mərkəzləri olanda çətinliklərimiz yaranacaq. Buna görə də Şuşada imzalanmış bəyannamənin bəndlərini yerinə yetirmək lazımdır. Türkiyənin hərbi bazaları Azərbaycanın digər bölgələri ilə yanaşı, Qarabağın özündə də yerləşdirilməlidir.

- Bir sual da elə buradan yaranır ki, Ermənistanın arxasındakı həmin güclərdən birinin hücum vəziyyətində Türkiyə ilə imzalanmış müttəfiqlik anlaşması nə qədər işlək olacaq?

- Şuşa bəyannaməsinin məntiqi budur ki, Azərbaycana hücum olarsa, bu addımı atan tərəf qarşısında bizimlə yanaşı, Türkiyə ordusunu da görəcək. Həmin bəyannamənin əsas qayəsi budur. Sadəcə bunu artıq praktiki olaraq yerinə yetirmək lazımdır. / Demokrat

Paylaş:
Loading...
Loading...