“Qarabağ klanı”ndan ŞOK PLAN – Azərbaycanla bağlı bütün razılaşmalar sıradan ÇIXARILIR

  • Gündəm
  • 16 May 2022 23:11
  • Oxunub: 2504

Ermənistanda müxalifətin, revanşist qüvvələrin etiraz aksiyaları Bakını növbəti təxribatla üz-üzə qoyaraq, sülh danışıqlarına mane ola biləcək yeni hərbi əməliyyatlara başlaması üçün hesablanıb. Təbii ki, bu aksiyaların arxasında hansı qüvvələrin, kimlərin dayandığı gün kimi aydındır.

Keçmiş “Qarabağ klanı”nın rəhbərliyi ilə küçələrə çıxaraq Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları bu addımı atmaqla hakimiyyətə yeni namizədin gəlməsinə nail olaraq bu zamana kimi Ermənistanla Azərbaycan arasında istər sənədlər şəklində, istərsə də şifahi razılıqlar formatında əldə olunan bütün qərarları deaktivləşdirmək məqsədi güdürlər.

Şübhəsiz ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq sülhdən imtinası, geri addım atması yeni müharibəni istəmək deməkdir. Sülh danışıqlarında müəyyən bəyanatlarla gələcəyə ümid vəd edən Ermənistan səlahiyyətliləri bununla zəmin hazırlamaq istəyirlər ki, “baxın, biz sülh danışıqları yolu ilə problemin birdəfəlik həllinin tərəfdarıı idik” təəssüratı yaratmağa can atır. Amma Ermənistandakı revanşist qüvvələr və bütün müxalifət partiyaları Moskvadan gələn tapşırıq əsasında müxtəlif istiqamətlərdə Azərbaycanı təxribata çəkir ki, Bakını Ermənistana hərbi müdaxilə məcburiyyətində qoysun. Son zamanlar xüsusilə Kəlbəcər istiqamətindəki silahlı insidentlər də bunun təsdiqidir.

General-mayor Valerik Köçəryanın iki gün əvvəl etdiyi açıqlamalar Ermənistanda insanları növbəti müharibəyə, ölümə aparan bir propoqandanın yenidən iş başına keçdiyini nümayiş etdirir.

Azərbaycan böyük itkilər verib və ona görə də sənədi imzalamağa tələsir. Bunu mayın 14-də müzakirə zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş Hazırlıq İdarəsinin döyüş hazırlığı şöbəsinin keçmiş rəisi, general-mayor Valerik Köçəryan deyib.

General Ermənistan ordusunun uduzmadığını, qarşısına qoyulan vəzifələri yerinə yetirdiyini vurğulayıb: “Kiminlə vuruşduğumuzu düşünməliyik. Azərbaycan heç vaxt Ermənistan və Artsaxa qarşı tək çıxmazdı. Azərbaycan Türkiyədən ilhamlanıb. Qüvvələr qeyri-bərabər və qeyri-mütənasib idi və biz vuruşmalı və vuruşmalı idik. Azərbaycan niyə indi sənədi imzalamağa tələsir? Çünki bu barədə danışmasalar da, ağır itkilər veriblər. Azərbaycan indi biz ordumuzu yenidən qurmazdan əvvəl, Ermənistan oyanana qədər sənədi imzalamağa tələsir, amma biz artıq ayılmışıq. Onlar yaxşı bilirlər ki, ermənilər birləşəndə ​​onlarla vuruşa bilməyəcəklər. Bu gün biz ölkəmizi və xalqımızı qorumaq ideyası ətrafında birləşirik”.

Göründüyü kimi “Qarabağ klanı”nın planı əsasında yenə “mifik ordu” obrazı qurmaq yolunda yenidən aktivləşən revanşistlər bu çağırışla yerli əhalini Azərbaycanla sülhə qarşı çıxaraq aksiyala qoşulmağa təşviq etməklə yanaşı, insanları inandırmağa çalışır ki, Azərbaycan müharibənin qalib tərəfi deyil. Amma istər itki, istərsə də fərari sayında rəqəmlərə nəzər saldıqda Ermənistan ordusunun darmadağın olduğunu görməklə yanaşı, 30 illik işğala son qoyulması faktı da V.Köçəryanın və onun kimi digər revanşistlərin gələn tapşırığa uyğun olaraq Ermənistanı 3-cü müharibəyə doğru sürükləmək məqsədilə dezinformasiyalarla insanları növbəti qırğına aparmaq “təcrübələrindən” (44 günlük müharibə nümunəsi) əl çəkmək fikrində olmadıqlarını göstərir.

Bu məqamda Prezident İlham Əliyevin mayın 14-də Türkiyədə Rize-Artvin Hava Limanının açılışında çıxışı zamanı dediyi bir fikir yerinə düşür: “Biz dost, qardaş, həm də rəsmən müttəfiqik”. Bəli, Azərbaycan və Türkiyənin birgə öhdəsindən gəlməyəcəyi problemin olmadığını istər Qarabağ müharibəsi zamanı, istərsə də ondan sonrakı proseslərdə aydın sezdik. İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündən Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə Azərbaycanın arxasında olduğunu hiss etdirdi.

Amma belə görünür ki, hələ də İkinci Qarabağ müharibəsinin ağır nəticələrini hər addımbaşı hiss edilən Ermənistan yenidən bir qrup erməninin əlində alətə çevrilir və revanşistlər, onların başında duran Köçəryan-Sarkisyan cütlüyü yenə xalqı qırğına verməkdə israrlıdır.

Amma Ermənistanda hər kəsin revanş istəyində olmadığı bir reallıq da var. Övladlarını, yaxınlarını İkinci Qarabağ müharibəsində itirənlərin böyük əksəriyyəti bölgədə növbəti müharibəyə qarşıdırlar və bir daha bunun təkrarlanmasını istəmirlər. Bunları Azadlıq Radiosunun İrəvanın “Yerablur” məzarlığından hazırladığı reportaj zamanı qeyd ediblər.

Regionda yeni müharibəyə can atanlar unudurlar ki, Azərbaycan ordusu 44 günlük müharibədəki ordudan da güclüdür, peşəkardır və geridə qalan il yarım ərzində gücünə güc qatmaq üçün mümkün bütün tədbirlər görülür və belə də davam edəcək. Amma yaxşısı olardı ki, Sarkisyan-Köçəryan cütlüyü heç olmasa əllərinə düşən bu şansdan xalqının rifahı xoş gələcəyi, inkişafı üçün yararlanmaq imkanını əldə verməsin. Çünki heç kəsə sirr deyil ki, bu müharibə Ermənistan üçün daha ağır nəticələrlə yadda qala bilər.

Təbii ki, “Qarabağ klanı” ölkəni növbəti dəfə müharibəyə sürükləməyə durduq yerə sürükləmir. Onlar aldıqları əmiri, sifarişi icra edərək eyni zamanda düşən şansdan yararlanaraq Nikol Paşinyandan kürsünü yenidən geri almaq barədə düşünürlər. Çox güman ki, Rusiya Qazaxıstandakı ssenarini Ermənistanda da təkrarlayaraq, vətəndaş müharibəsini yatırmaq, xaosu aradan qaldırmaq adı altında bu ölkəyə daxil etdiyi KTMT ordusunu əslində Ermənistana Azərbaycan qarşısında müqavimətsiz qoymamaq üçün yönləndirmək planının tərkib hissəsidir. Bununla da Rusiya həm Ermənistanı istər texnika, istərsə də canlı qüvvə sarıdan Azərbaycanla qüvvələr nisbətini qismən də olsa yaxınlaşdırmağa çalışacaq, həm də İrəvan ilə Bakı arasında sülh sazişinin imzalanması məsələsini qeyri-müəyyən vaxta kimi təxirə salmağı bacaracağını düşünə bilər.

Bu məqamda Ermənistanın xalq artisti, rejissor Nikolay Tsaturyanın fikirlərinə diqqət yetirmək yerinə düşər: “Başımıza gələnlərdən dərs almalıydıq, amma biz bunun əksini edirik. Onlar yanlış siyasətlə məşğuldur. Türkiyə və ya Azərbaycan bayrağını yandırmaq qürur deyil, kiçik düşüncəli adamın ideologiyasıdır. Müharibədə uduzmaqdan danışırlar, amma bizim kiminlə vuruşduğumuza baxmırlar. Azərbaycan qüdrətli ölkədir, daim silahlanır, hazırlaşır. Bizim isə nə silahımız, nə də pulumuz var. Amma güclü diasporumuz var. İndi diaspora da kömək etmir, çünki bilir ki, göndərdikləri pulları indi etiraz edən müxalifətin liderləri vətənin xeyrinə istifadə etmək əvəzinə öz ciblərinə doldururlar”.

Göründüyü kimi artıq Ermənistan cəmiyyətində bir çox ictimai xadimlər və sadə vətəndaşlar həm oyuna gəldiklərini anlayırlar, həm də bu Azərbaycanla yeni müharibə ritorikasına sarılmağın özünə qəsd olduğunu bilirlər. Onlar artıq bu təhlükəni hiss edirlər ki, “Qarabağ klanı”na yenidən inanmaq Ermənistanı mıhvə aparacaq. Bu, Ermənistan üçün ölümcül ola bilər. Ermənistanı itirmək təhlükəsi ilə üz-üzə olduqlarını inkar etməyən erməniləri də məhz artıq bu qorxu bürüməyə başlayıb.

Bir neçə gün öncə Düşənbədə S.Lavrov və Ceyhun Bayramov, Lavrov A. Mirzoyan və üçü arasında keçirilən görüşlər zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti barədə fikir mübadiləsi məsələnin Moskvanın moderatorluğu ilə çözüləcəyi anlamına gələ bilməz. Əslində Rusiya hər vəchlə Brüssel görüşlərində əldə olunan müsbət nəticələrdən irəli gələrək Qərbin Cənubi Qafqazdakı dividentinin yüksəlməsindən narahatdır. Elə bu səbəbdən də Moskva proseslərə hər nə yolla olur olsun müdaxilə etmək üçün danışıqlar prosesinə özünü birtəhər pərçimləyərək “mən də varam, mən sülh danışıqlarının əsas aktoruyam” demək istəyir.

İstənilən halda Ermənistanda revanşist qüvvələrə, keçmiş “Qarabağ klanı”na hərbi və siyasi dəstək vədləri qarşılığında yenidən Azərbaycana müharibə elan edəcəyi təqdirdə yardımını əsirgəməyəcəyi ilə bağlı söz verdiyi hiss edilən Rusiya və İrəvan anlamalıdır ki, Azərbaycanı daha bu cür bəyanatlar, hərbi yardımlar ilə durdurmaq mümkün olmayacaq.

Postkonlikt dövrünün yaşandığı belə bir zamanda indi Azərbaycan 44 günlük müharibədəki Azərbaycandan da həm xarici diplomatik uğurları, həm də hərbi baxımdan daha güclü vəziyyətdədir. Nəticədə isə Ukrayan ilə davam edən müharibə fonunda nə Rusiyanın o gücü qalıb, nə də Ermənistanın özünün özünü ayaqda saxlayacaq imkanı var. Avropa İttifaqının Bakının sülh təşəbbüsünə dəstəyi də İrəvanı bir xeyli çıxılmaz vəziyyətə salır. Yaxşısı budur Ermənistan əli aşından da, vəli aşından da olmamış Azərbaycanla sülhdən başqa çarələrinin qalmadığını nə qədər ki, gec deyil anlasınlar. Əks təqdirdə İrəvanı Bakının əlindən heç kim xilas edə bilməyəcək. //milli.az

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...