21:36
İş adamı Ş.Yunusova tanınmış fitnesçi, 1994-cü il təvəllüdlü Hidayət Məhərrəmlinin ona qarşı dələduzluq etdiyini, yarım milyon manatdan çox pulunu ələ keçirdiyini iddia edib.
Oxu.Az xəbər verir ki, Hidayət Məhərrəmli isə iddiaları təkzib edib. O, iki ildir ki, iş xanımı ilə əlaqəsinin kəsildiyini yazıb.
Mövzu ilə bağlı özünün sosial şəbəkə hesabında video paylaşan Hidayət xanımla anlaşdığını, lakin qadının sonradan anlaşmanı pozduğunu bildirib. Yayılan materialların onun şərəf və ləyaqətinin ləkələməyə yönəldiyini, səbəbini bilmədən insanları mühakimə etməmək lazım olduğunu qeyd edib.
Bildirib ki, o, 44 günlük müharibənin iştirakçısıdır və ölkəmizi beynəlxalq arenalarda təmsil edib:
"Mənə yaraşmaz ki, bir qadına qarşı zor və insanlığa yaraşmayan qeyri-etik hərəkətlər edim".
----------
İş adamı Ş.Yunusova tanınmış fitnesçi, 1994-cü il təvəllüdlü Hidayət Məhərrəmlinin ona qarşı dələduzluq etdiyini, yarım milyondan çox pulunu ələ keçirdiyini iddia edib. Hidayət Məhərrəmli isə iddiaları təkzib edib, o, iki ildir ki, iş xanımı ilə əlaqəsinin kəsildiyini qeyd edib.
Ş.Yunusova məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.
O, pasportlarda H.Məhərrəmlinin yalan danışdığını sübut edən qeydiyyat möhürlərinin olduğunu bildirib:
"Bir neçə ay əvvələdək bir yerdə idik. Birlikdə xarici ölkələrə gedirdik. O məni aldadaraq biznes qurmaq və yüksək gəlir əldə etmək vədləri ilə 550 min manatımı alıb. Birlikdə 2024-25-ci illər ərzində Dubaya, Türkiyəyə və Afrika ölkələrinə səfərə getdik. Biz təkcə ötən ilin yayında Afrika turuna çıxmışdıq. Buna dair görüntülər onun səhifəsində də var, mənim də kifayət qədər fotolarım mövcuddur. Həmişə bütün xərclərini mən çəkmişəm. O, sadəcə, özünü quruya çıxarmağa çalışır, çünki bütün əməllərinin üstü tədricən açılır. Onunla münasibətimiz bu ilin fevralında kəsilib. Məni aldatdığını və pulları mənimsədiyini gördükdən sonra geri tələb edirdim. O isə məni hər dəfə şiddətli şəkildə döyürdü".
Ş.Yunusova vurğulayıb ki, sosial şəbəkədə yayılan görüntülər bəzi şəxslərdə məsələ ilə bağlı aydın olmayan fikirlər yaradıb:
"Həmin şəkillərin çoxu xalamgildə, ya da rəfiqəmin evində çəkilib. Çünki Hidayət məni döydüyü üçün bədənim göyərirdi və ailə üzvlərim çox narahat olurdular. Hər dəfə bəhanə gətirirdim və başqa yerdə qalmaq qərarına gəlirdim. İşimdə də problemlər yaranırdı. Həm də Hidayət məni qardaşımla dəfələrlə şantaj edib, onun başına oyun açdıracağı ilə hədələyirdi. Bəzən isə məni aldadaraq pulları hissə-hissə qaytaracağını deyirdi. Bütün bu səbəblərdən gözləyirdim ki, məsələ həll olunar və polisə müraciət etmirdim".
Şikayətçi bildirib ki, ona dəymiş zərər həm maddi, həm də mənəvi baxımdan qat-qat artıqdır, lakin qarşı tərəfdən yalnız biznes qurmaq vədi ilə aldığı 550 min manatı tələb edir:
"Mən uzun müddət tekstil sənayesində fəaliyyət göstərmişəm və hazırda da bu sahədə nüfuzlu şəxslərdən biriyəm. Lakin bu problem mənə çox böyük itkilər yaşadıb. Yalnız biznes üçün verdiyim vəsaiti geri qaytarsa, ondan olan şikayətimi geri götürər və məsələni bağlayaram.
Bu insan cəmiyyət üçün təhlükəlidir və törətdiyi əməllərə görə məsuliyyət daşımalıdır. Onun mənə yetirdiyi xəsarətlərin bəziləri və psixoloji zədələr ömürlük qalacaq. Xəsarətlərim tək fotolarda görünənlər deyil, başımda, gözümdə, daxili orqanlarımda o qədər zədələr var ki, hələ də ağrısını hiss edirəm. Məni qayışla o qədər döyüb, yerdə sürüyərək saçımı o qədər yolub ki, saçım topa-topa tökülüb".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşa məxsus pul vəsaitlərinin ələ keçirilməsinə dair daxil olan müraciət üzrə DİN-in aidiyyəti baş idarəsində araşdırma aparılır. Təfərrüat araşdırma predmetidir.
---------------
2025.09.11
İş adamı Ş.Yunusova tanınmış fitnesçi, 1994-cü il təvəllüdlü Hidayət Məhərrəmlinin ona qarşı dələduzluq etdiyini, yarım milyondan çox pulunu ələ keçirdiyini deyir.
Milli.Az xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən 36 yaşlı xanım biznesmen H.Məhərrəmli ilə əvvəllər sevgi münasibətində olduğunu, qarşı tərəfin onun etibarından sui-istifadə etdiyini deyib.
O iddia edib ki, bir vaxtlar taksi sürücüsü olan Hidayət hazırda əldə etdiyi hər şeyi onun hesabına qazanıb:
"5 il əvvəl Hidayət Məhərrəmli ilə o taksi sürücüsü işləyəndə təsadüfən tanış olmuşdum. Sonra mənə idman zalında məşq keçdiyini dedi. Mən məşq etdiyim zaldan çıxıb, onun məşq keçdiyi idman zalına getməyə başladım. Hidayət mənim harada işlədiyimi, nə işlə məşğul olduğumu biləndən sonra münasibətlərimiz 3-4 ayın içində daha da sıxlaşdı və mənə evlilik təklif etdi. Mən isə bir-birimizə çox güvəndiyimizi deyərək hələ 2-3 il birgə işləməyi, öz markamızı yaratmağı, onun yarışlarda iştirak edərək məşhurlaşa biləcəyini və bundan sonra rahat evlənəcəyimizi dedim və buna razılaşdıq. Münasibətlərimiz barəsində mənim və onun ailəsi də məlumatlı idi, bir-birimizin evində dəfələrlə olmuşduq, aramızda ciddi münasibət formalaşmışdı".
Ş.Yunusova bildirib ki, bundan sonra o, Hidayətin məşhurlaşması, yarışlarda iştirakı üçün böyük məbləğdə pul xərcləyib, həmçinin Hidayətin təklifi ilə gəlir əldə etmək üçün ona çoxlu pul verib: "Münasibətimizin başlamasından sonra onun tanınması, marketinqi üçün böyük məbləğlər yatırmağa başladım. Məqsəd isə o idi ki, məşhurlaşsın, tələbələri çox olsun, birgə brend yaradaq, həmin brendi təmsil etsin və bundan gəlir əldə edək. Həmişə mənə deyirdi ki, protein satışında yaxşı pul var, yaxşı gəlir əldə edə bilərik. Mən də başladım ona hissə-hissə pullar verməyə.
Belə ki, protein satışı, idman geyimlərinin istehsalı, idman qidalarının satışı və göyərti toxumlarının satışı biznesi üçün hissə-hissə pullar almağa başladı. "Prius" markalı maşın sürdüyünə görə deyirdi ki, bu maşına görə adama hörmət qoymurlar. Ona görə əvvəlcə ona "Lexus", daha sonra "Mercedes" markalı lüks avtomobil aldım. Ümumilikdə ona 4 dəfə, hər dəfə daha bahalı olmaqla avtomobil və avtomobil nömrə nişanı almışam. Onu ancaq "Under Armour" firmasından geyindirirdim, mənim kartımla Dubayda, Türkiyədə alış-verişlər edirdi, ən bahalı telefonlar, aksesuarlar alırdıq ki, tanınsın və bu yolla da biznesimizi də inkişaf etdirək. Hazırda boynunda olan 14 min manatlıq boyunbağını da mən almışam. Maşının üzərindəki bahalı nömrə də mənim adımadır. Lakin daha sonra məlum oldu ki, Hidayət heç bir biznes qurmayıb və vəd etdiyi şeylər də yalandır, biznes qurmaq üçün aldığı 550 min manat pulu istəyəndə isə müxtəlif yollarla bundan boyun qaçırmağa başladı".
Şikayətçinin sözlərinə görə, Hidayət Məhərrəmli pullarını geri istədikdə onu döyməyə, eləcə də hədələməyə başlayıb: "İlk illər məni döyməyib. Lakin onun yalanlarını, vəd etdiyi biznesi qurmadığını, gəlir gətirmədiyini görərək pulumu istəyəndən sonra mənə şiddət göstərməyə başladı və dəfələrlə döyərək xəsarətlər yetirdi. Həmçinin məni müxtəlif tanışları, dövlət qurumlarında işləyən şəxslərin adları ilə şantaj etməyə başladı. Hətta qardaşımla da təhdidlər edirdi, onu tutduracağını deyirdi, mənim də başıma oyun açdıracağını, əxi dostlarına əlimi kəsdirəcəyini, evdən kənara çıxa bilməyəcəyimi deyirdi. Hər dəfə deyirdi ki, heç kim ona heç nə edə bilməz. Bütün günü sosial şəbəkədə videolar paylaşır, mənə acıq verir ki, "hara şikayət edirsən elə, həyat mənim vecimə deyil".
Ş.Yunusova üzləşdiyi vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini və Hidayət Məhərrəmlinin əməlləri ilə bağlı araşdırmaların başladığını qeyd edib: "Mən əslində onunla birgə quracağımız biznes üçün daha çox xərc çəkmişəm, onun məşhurlaşması və bu yolla biznesi inkişaf etdirməsi üçün müxtəlif xarici yarışlara getməsini, ən bahalı restoran və hotellərdə qalmasını, hər il ən prestijli şəkildə ad günlərini qeyd etməsini və çəkilişlər etməsini təşkil edərək maliyyələşdirmişəm. Lakin geri istədiyim məbləğ sırf biznes qurmaq və gəlir əldə etmək adı ilə məndən aldığı vəsaitdir. Xahiş edirəm aidiyyəti qurumlar müraciətimə baxsınlar və mənə dəymiş zərərin ödənilməsinə köməklik etsinlər".
Məsələ ilə bağlı Hidayət Məhərrəmlinin özü ilə əlaqə saxladıq. Tanınmış fitnesçi bildirdi ki, Ş.Yunusovanın iddiaları həqiqətə uyğun deyil: "Deyilənlərin hamısı yalandır, şər-böhtandır. Mənim əlimdə sübutlar, videolar var. O xanımla mən 2 ildir ki, əlaqəmi kəsmişəm. O, məni şantaj edir. Hazırda bununla bağlı polis tərəfindən araşdırma aparılır və araşdırmanın nəticəsində də hər şey məlum olacaq".
DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, vətəndaşa məxsus pul vəsaitlərinin ələ keçirilməsinə dair daxil olan müraciət üzrə DİN-in aidiyyəti baş idarəsində araşdırma aparılır. Təfərrüatlar araşdırma predmetidir.