Bakıda tanış olduğu qadını sosial şəbəkələrdə şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.İsmayılovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş qadın çıxışında Elvin İsmayılovu bağışladığını deyib: “Anam səhər yanına çağırdı. Dedi ki, yuxuda Elvinin oğlunu görüb. Anam ibadət edən, namaz qılan insandır. Mən də bundan çox təsirləndim. Düzdür, bu günə qədər Elvinin məni şantaj etdiyini demişəm. Amma indi belə düşünmürəm, onu bağışlayıram. Övladlarına görə, Allah xətrinə bağışlayıram. Mən indiyə qədər çox adama kömək etmişəm. Çünki ailəmdən, atamdan belə görmüşəm. Atam 5 il öz hesabına adamları həccə göndərib. Mən Elvinə də çox yaxşılıq etmişəm. Artıq bunlar geridə qaldı".

Məhkəmə sentyabrın 26-da davam edəcək.

Qeyd edək ki, , E.İsmayılov sosial şəbəkə vasitəsi ilə B.D(Ad soyad şərtidir) tanış olub. Qadın və kişi arasında münasibət yaranıb. Bundan sonra onlar bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir neçə aydan sonra E.İsmayılov qadını şantaj edərək, onu intim şəkillərini sosial şəbəkədə yayacağı, biabır edəcəyi ilə hədələyib.

E.İsmayılov bu şəkilləri yaymamaq üçün qadından 10 min manat pul tələb edib. Daha sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı E.İsmayılov həbs edilib.

E. İsmayılova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilib.

Kanal.az