Putin Paşinyandan maşınında nə istədi? – GİZLİ RAZILIĞA GƏLİBLƏR …

  • Siyasət
  • 29 Noyabr 2022
6385eb7c0c635202211222236
  • Oxunub: 434

Bölgədə proseslər heç də Bakının istədiyi kimi getmir. Belə görünür ki, xüsusilə də İrəvandakı son KTMT toplantısından sonra Paşinyanın əvvəl çətiri altına girdiyi Vladimir Putinin bu dəfə avtomobilinə əyləşməsi İrəvan üçün düşərli olub. 

Ermənistan regionda yeni müharibə ab-havasında maraqlıdır. Bunu son bir neçə gün ərzində artan hərbi təxribatlar, aramsız şəkildə mövqelərimizin atəşə məruz qalması deməyə əsas verir. Çox güman ki, Putin bir saatdan çox davam edən Kollektiv Təhlükəsizlik Müvqaviləsi Təşkilatının iclasında deməyə macal tapmadıqları sözləri Ermənistan baş nazirinə 10 dəqiqə içində avtomobilində başa-baş qaldığı zaman çox əhatəli anladıb.

Doğrudur, müharibədən sonra bir neçə dəfə tərəflər arasında silahlı toqquşmalar olub. Amma geridə qalan 2 il ərzində atəşkəs pozulmaları bu qədər uzun və intensiv hal almırdı. Elə 26 noyabr gecədən 27 noyabr səhər saatlarına qədər Ermənistan silahlı dəstələri tərəfindən mövqelərimiz istiqamətində atəşin davam etdirilməsi təxribatın bu dəfə daha genişmiqyaslı və kəskin xarakterli olduğundan xəbər verir.

Təbii ki, bu, bir maşının söhbəti deyil. Amma belə görünür ki, Rusiya Ermənistana sülhə mane olmaq üçün lazımı dəstəyi göstərəcəyi vədini verib və bunun əsas faktortlarından biri kimi bölgədə vəziyyətin mütləq şəkildə gərgin saxlanılması ona izah edilib.

Son günlər qarşı tərəfdən dayanmadan ordumuza silah tuşlanması təsadüfi deyil. Ermənistanın sülhü, sabitliyi sabotaj etmək cəhdləri təkcə Ermənistan ərazisindən deyil, eyni zamanda Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan ərazilərdəki qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilməsi bunu təsdiq edən ən böyük faktorlardan biridir.

Bakı Laçın dəhlizindən təyinatı üzrə istifadə edilmədiyini, hələ də sülhməramlıların və onların komandanı Volkovun qanunsuz silahlı birləşmələrə, separatçı-terrorçu dəstələrə silah-sursat daşınması prosesinin qarşısını nəinki almaq fikrində deyil, üstəlik bu məsələdə onlara məkirli məqsədlərini icra etmək üçün bu məsələdə gizli dəstək də verdiklərindən yaxşı xəbərdardır.

Terrorçu hərbi qruplaşmaları silahlandırmaq, onların silahlanmasına göz yummaq Azərbaycanın tez bir zamanda anti-terror əməliyyatına başlayıb planlaşdırılan eskalasiya riskini minimuma endirməsi üçün əsaslı zəmindir. Əgər Ermənistan tərəfi yenə Rusiyaya arxayın olub, Azərbaycanı ərazisinin təhlükəsizliyini, sabitliyini qorumaq məqsədilə atacaq sərt addımlara beynəlxalq təzyiqlər sayəsində dayandırmağın mümkün olacağına inanırsa, yenə yanılacaq.

Amma növbəti fiasko Paşinyanın yenidən hakimiyyətdə qalmasına mane olub-olmayacaq, bax bu artıq sual işarəsidir. Mən hələ növbəti təxribatlardan sonra Ermənistanın bu coğrafiyasındakı yerini tapmağın çətinləşəcəyinə diqqəti çəkmək istəmirəm.

Ermənistan baş naziri artıq xarici qüvvələrə arxayın olub, davamlı sülhə mane olacaq, onu deaktivləşdirəcək addımlardan çəkinməlidir. Necə ki, Paşinyanın KTMT tərəfindən sərhəddə yaşananlarla bağlı yekun Bəyanatın verilməsi cəhdlrinin və təşkilatın fors-major vəziyyətlərdə çevik reaksiya mexanizminin hazırlanması ilə bağlı hayqırtıları İrəvana heçnə vermədi, yekun nəticəyə gəlinmədi, necə ki, Paşinyanın “Azərbaycan ordusu 13 – 14 sentyabr tarixlərində irəlilədiyi ərazilərdən geri çəkilməlidir” tələbi rədd edildi, bundan sonra da bütün proseslər Bakının istəyinə uyğun cərəyan edəcək.

Necə ki, Ermənistan hakimiyyətinin İrəvan küçələrində hazırladığı KTMT üzvlərini manipulyasiya etməyi nəzərdə tutan – bir tərəfdən anti-Rusiya, digər tərəfdən Rusiyapərəstlərin mitinqləri də Nikolun imdadına çatmadı, sonrakı mərhələlərdə də ən yaxşı halda Ermənistan eyni situasiya ilə qarşı-qarşıya qalacaq. Yenə deyirəm, əgər bu təxribatlar Ermənistanın bir dövlət kimi süqutunu tezləşdirməsə.

Bu gün Azərbaycan bölgədə və digər regionlarda yerləşən aparıcı aktorların əsas tərəfdaşına çevrilməkdədir. Azərbaycana olan inam-etimad, ona gələn beynəlxaq dəstəyin günbəgün artması Bakının beynəlxalq arenada haqlı mövqeyini müdafiə etmək, səsini daha uzağa çatdırmaq adına olduqca önəmli məsələdir.

Azərbaycanın iqtisadi gücü, iri həcmli beynəlxalq layihələrdəki ən sabit tərəfdaş kimi iştirakı, günü-gündən artan logistik imkanları bu gün geosiyasi proseslərdə rəsmi Bakının əlini daha gücləndirən amillərdən biri kimi ön plandadır. 44 günlük müharibədən sonra Azərbaycan Şərqlə Qərbin aparıcı nəqliyyat – logistika mərkəzinə çevrilməyi bacardı ki, bunu orta dəhlizlə aybaay daha çox yükün daşınmasını təsdiq edən rəqəmlər təsdiq edir.

Bu gün bu proseslərə mane olmaq əvəzinə, dəstək olmaq və bəhrələnmək lazımdır. Ermənistan hakimiyyəti hər gün havadarının qolları arasına sığınmaqdansa, səhəri bir ağasının, günortanı digər, axşamı isə başqa bir “yiyəsinin” qollarında başa vurmaq əvəzinə Bakının sülh təklifinə konstruktivlik nümayiş etdirib, xalqına da bir gün ağlamış olar, insanlarına dinc, dostluq şəraitində yaşamağın bəxş edəcəyi iqtisadi imkanlardan faydalanmaqlarına da yol açar. / Milli.az

Oxşar xəbərlər