623461ce8f022_202202020544-main

Putin nə qədər istəyir plan qursun, iflasa uğrayacaq - ŞƏRH

Bu günlərdə ABŞ rəsmiləri “The Wall Street Journal”a bildirib ki, Rusiya Prezidenti Vladimir Putin artıq paytaxtı ələ keçirmək niyyətində deyil. Məlumatda qeyd olunur ki, Putin Ukraynadakı döyüşlərin üç həftədən artıqdır davam etdiyini nəzərə alaraq, müharibə ilə bağlı taktikasını dəyişib. O, Kiyevi cənub və şərq ərazilərini təslimə məcbur etmək istəyir. Məmur qeyd edib ki bu, Putinin “B planı”dır və bununla Qərbi Rusiya ilə Krım yarımadası arasında “quru körpü” yaratmaq, həmçinin Donbas üzərində nəzarəti genişləndirmək istəyir. Bəs görəsən, Putin “A planı”nı niyə dəyişdi? Yeni taktikası ilə o, “uğur” qazana biləcəkmi?Kanal.az xəbər verir ki, mövzunu şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Rusiya lideri hərbi planını dəyişməyə məcbur oldu:“Putin ilkin mərhələdə Kiyevi almaq və bununla da məsələni qısa bir vaxtda yekunlaşdırmaq istəyirdi. Çünki Kiyev Ukraynanın mərkəzidir. Mərkəz alındıqdan sonra digər regionlar özü təslim olacaqdı və Rusiya Ukraynanı tamamilə işğal edəcəkdi. Lakin Putinin qoşunları nəinki Kiyevi, heç üçüncü və dördüncü dərəcəli şəhərləri də ala bilmədi.Məsələn, Xarkov, Lvov, Odessa kimi şəhərlər uğrunda ciddi müharibələr getsə də, rus qoşunları həmin şəhərləri tuta bilmədi. Yəni Putinin Kiyev planı baş tutmadı. Rusiya lideri hərbi planını dəyişməyə məcbur oldu və indi Ukraynanın cənub-şərq regionlarını tutmağa çalışır. “A planı”, yəni Kiyevi işğal cəhdi Putinin maksimumu idi və o, buna nail ola bilmədi. İndi Putin Krıma Mariupol və Donetsk vasitəsilə quru yolu açmağa çalışır”.Politoloq qeyd edib ki, Rusiya liderinin yeni planı da uğursuzluğa düçar olacaq:“Putin özxoşuna “B planı”na keçmədi. O, buna məcbur edildi. Lakin şimal qonşumuzun yeni planının uğurlu olması Ukrayna və Qərbdən asılı olacaq. Ukraynaya yardım getdikcə artır. Rusiyanın isə vəziyyəti getdikcə pisləşir. Sanksiyaların tətbiqi və hərbi sursatın tükənməsi Rusiyanın gücünü tükəndirir. Putin latın əlifbasında olan bütün hərflər üzrə plan qura bilər, lakin o uğur qazana bilməyəcək”. / Konkret.az