İranda türk (Azərbaycan) dilində təhsilin olmaması uzun müddətdir ölkədə yaşayan 40 milyona yaxın azərbaycanlı arasında narazılıq doğuran ciddi məsələdir. Prezident Məsud Pezeşkianın hakimiyyətə gəldikdən sonra bu məsələyə diqqət çəkdiyi və müəyyən tənqidi fikirlər səsləndirdiyinə dair məlumatlar yayılıb.
Bəzi ekspertlərin fikrincə, bu iddia İran hökumətinin azərbaycanlıların narazılığını yumşaltmaq və onların dəstəyini qazanmaq üçün atdığı addım da ola bilər. Lakin məsələnin həllinə dair rəsmi səviyyədə hər hansı açıqlama verilməyib.
İran rəhbərliyi türk dilində təhsillə bağlı müsbət qərar verə bilərmi? Bu, hansı hallarda mümkündür?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, hazırda İranın üzləşdiyi vəziyyət xoşagələn deyil:
“İsrail 12 günlük müharibə zamanı İrana kifayət qədər ciddi hücumlar edib. Ölkənin hərbi elitası, nüvə və hərbi proqramı ağır zərbə alıb. Belə bir şəraitdə daxili auditoriyaya qarşı hələlik ciddi təzyiq yoxdur. Xüsusilə Azərbaycanla bağlı aparılan anti-təbliğat cəmiyyətdə fərqli ovqat yaratmışdı, amma bu da tədricən aradan qalxır. İran Prezidenti Məsud Pezeşkian bu mövzuda vacib rol oynadı. Məhz Pezeşkianın çıxışları fonunda İran cəmiyyətinə yeridilən dezinformasiya və onun təsiri zəifləyir.
Əli Mustafayev
Yəni İran prezidentinin adından türk dilində tədrislə bağlı belə bir müraciət yayımlanıbsa, onu səmimi və təbii qəbul etmək lazımdır. İndiki məqamda bu addımın nə qədər məqsədəuyğunluğu sual altındadır, amma Pezeşkianın belə bir fikri səsləndirməsi təəccüblü deyil. O, əvvəllər də məsələni gündəmə gətirib. İndiki şəraitdə isə rejimlə azərbaycanlılar arasındakı incikliyi aradan qaldırmağa çalışması müsbət hadisədir. Hazıda formalaşan imkandan yararlanaraq sözügedən məsələni aktuallaşdırmış ola bilər.
Hesab edirəm ki, Pezeşkianın mövqeyi səmimidir. O da bir türkdür, azərbaycanlıdır və təbii olaraq soydaşlarının ana dilində təhsil almasını istəməsi normaldır. Onun Qərblə əməkdaşlığı və nüvə sazişi ilə bağlı açıqlamaları da önəmlidir. İran rejimi Pezeşkianı vaxtında dinləsəydi, bəlkə bu qədər hadisə olmazdı”.