65fd0802e8675202403242434

Ölümü oynadığı bütün faciəli obrazları kölgədə qoyan Xalq artisti: Onun gizli sevgilisi kim olub?

"Təklik mənim üçün deyil. Amma bu mənim alnıma yazılıb. Mən bunu yaşamalıyam" deyirdi hər zaman. Azərbaycan teatr və kino səhnəsində ana, qaynana obrazı elə bil onun əyninə biçilmişdi.

Həyatın işinə bax ki, səhnədə ana obrazlarını ürəkdən, təbii, elə özü kimi canlandıran aktrisa həyatda heç vaxt ana ola bilməyib. Övladlığa uşaq götürmək istəsə də, həmin vaxt buna maddi imkanı çatmayıb.

Kanal.az publika.az-a istinadən xəbər verir ki, bu gün "Şöhrət" ordenli Xalq artisti Zərnigar Ağakişiyevanın anım günüdür.

Zərnigar Ağakişiyeva 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində dünyaya göz açıb. Anası Səadət xanımın birinci həyat yoldaşı müharibədə həlak olub. O, ikinci dəfə ailə qurub. Bu evlilikdən Zərnigar Ağakişiyeva doğulub. Məktəbə "Güləliyeva" soyadı ilə qəbul olunan aktrisa 12 yaşı olanda atasından ulu babasının adını özünə soyad kimi götürmək üçün icazə alıb. Anasının ilk evliliyindən olan qardaşı ilə yola getməyən aktrisanı bir az kasıb həyat, bir az da tənhalıq ailəsindən qaçaq salır. O, heç kimə yük olmamaq üçün evlərini tərk edib. Müsahibələrinin birində belə deyib:

"Anam işləməyimə qarşı çıxırdı. Qonşudan pul alıb, Bakıya gəldim. Həm oxuyurdum, həm də işləyirdim. Maddi sıxıntılarım hər zaman olurdu. Ailə qurmamağımın səbəbi isə şəxsi həyatımı sənətimdən artıq sevdirə biləcək insanla qarşılaşmamağım oldu. Qarşılaşdığım insanlar tələblərimə cavab vermədi. Mən də bütün ömrümü sənətə həsr etdim, həyatımı teatrda, tamaşalarda keçirdim".

Aktrisa 1972-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Zərnigar xanım rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında A.Ostrovskinin "Müdriklər" dramında ilk dəfə Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. 1989-1992-cil illərdə aktrisaya cəmi 2 rol həvalə olunub. Bu haqsızlığa dözə bilməyən Zərnişan Ağakişiyeva Akademik Milli Dram Teatrından uzaqlaşır. Bir də düz 7 ildən sonra doğma teatrına qayıdır.

Ömrünün 40 ilini bu sənət ocağına bağlayan aktrisa yaxın müddətdə Zərnigar xanım "Vaqif", "Kölgələr pıçıldaşır", "Kimdir haqlı?", "Təhminə və Zaur", "Mahnı dağlarda qaldı", "Poçt şöbəsində xəyal", "Eşq və intiqam", "Ölülər", "Qatarın altına atılan qadın" kimi səhnə əsərlərində özünəməxsus, bənzərsiz və təkrarsız obrazlara imzasını ata bilib.

Zərnigar Ağakişiyeva milli kino sənətimizin ən gözəl simalarından biri olmağı bacarıb. 50-yə yaxın ekran əsərində bu gün də sevilərək izlənilən, yadda qalan obrazlar yaradıb. "Təhminə və Zaur", "Yuxu" , "Yaramaz" filmlərindəki rolları ilə bir başqa cür sevilib aktrisa. Özünün ən çox sevdiyi obrazı isə "Təhminə və Zaur" filmindəki Zivər rolu olub.

"Moskvaya gedirəm, güləşməyə.

Məni gic yerinə qoyub... Bilirəm o nə güləşmədir...

O "aferistka" televizordan göz edən kimi ağlını itirir. Durur qaçır dalınca. Cəhənnəmə get! Bir də gözüm səni görməsin!"

Zərnigar Ağakişiyeva 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub. 2014-cü ildə "Şöhrət" ordeninə layiq görülüb. Prezident təqaüdçüsü olub. Amma bütün bunlar onun xoşbəxtliyi üçün bəs etməyib nə yazıq ki...

Heç vaxt ailə həyatı qurmayan Zərnigar Ağakişiyeva böyük bir eşq yaşayıb. O, sirli sevgilisinin adını çəkməsə də, Zərnigar xanım müsahibələrində onları aktyorluq sənətinin ayırdığını bildirərək, sevdiyi insan haqqında deyir: "Həyatımın böyük sevgisini yaşadım. Amma bu sevgi ailə həyatı ilə tamamlanmadı. O adam mənim sənətimi qəbul etmirdi".

Zərnigar Ağakişiyevanın vəfatından sonra Əməkdar artist Məcnun Hacıbəyov ağlaya-ağlaya verdiyi açıqlamasında onu sevdiyini etiraf edib. İlk sevgisi daşa dəyən aktrisa illər sonra bir şəxslə nikahsız birlikdə yaşamağa başlayıb. Bu bərabərliyin də sonu olmayıb. 13 il sonra birlikdə yaşadığı adamdan ayrılan sənətkar ömrünün sonuna qədər tənhalığı seçib. Heç vaxt övlad sahibi ola bilməyən aktrisanın övladlığa uşaq götürmək istəyi maddiyat baxımından alınmayıb.

Onun həyatda ən böyük qorxusu tək ölmək olub: "Qorxuram ki, qəfildən çətin vəziyyətə düşərəm, heç kimə əlim çatmaz".

Zərnigar Ağakişiyeva 2018-ci il fevralın 8-də evində yalnız, səssiz-səmirsiz dünyasını dəyişib.

Tənhalığı sevməyən aktrisa ömrünü elə tənhalıqda başa vurub.Yaşadığı mənzildə 3 gündən sonra cansız cəsədinin aşkar olunması aktrisanın oynadığı bütün faciəli obrazları kölgədə qoyub.