Necə olub ki, insanlar paltar geyinməyə başlayıblar?
Alimlər paltar biti ilə baş bitinin məhz o vaxt bir-birindən ayrıldığını düşünürlər.
Bədən tükləri töküldükcə
O zamanlar insanın ulu babası Homo sapienslər Afrikada ortaya çıxmışdı. Onların bədənlərində tüklər artıq o qədər də çox deyildi. Amma insana bənzəyən hominoidlərin bədənləri tüklü idi.
İnkişafın müəyyən bir mərhələsində insanlar paltara ehtiyac duyublar
Bəzi alimlərin qənaətinə görə insanlar bədən tüklərini itirdikcə paltar geyinməyə başlayıblar. Elə müasir dövrümüzdə də Sudandakı Nuer tayfası kimi ovçuluq və yığımçılıqla dolanan bəzi qəbilələrin insanları bədənin bəzi yerlərini minimum örtən paltarlar geyinirlər. Bir sıra tədqiqatçıların fikrincə bu həmin insanlarda utanma hissinin yaranmasının da əlaməti ola bilər. Amma bu iddianı təsdiqləyəcək dəlillər yoxdur.
Şimali Amerikadakı Fuegian qəbiləsi insanlarının bəzən paltar geyinməsi, bəzən də lüt gəzməsi barədə məlumatlar vardır. Buradan belə bir nəticə çıxır ki, qədim insanlar paltarları yalnız üşüdükdə geyinirmişlər.
Afrikadan kənar yerlərdə isə geyimin soyuğa qarşı qorunma funksiyasını daşıdığını görmək çətin deyildir. Ola bilsin ki, daha soyuq iqlimlərdə yaşayan neandertallar da geyimə ehtiyac duyublar.
Neandertalların heyvan dərisindən geyimi
Neandertallar Avropada müasir insanlardan daha əvvəllər yaşaylblar. Hər iki növün Homo heidelbergensis adlı eyni ortaq əcdaddan törədiyi düşünülür. Buna görə də əgər neandertallar paltar geyiniblərsə, deməli geyimlər bir dəfədən çox icad edilmiş ola bilər.
Neandertallar soyuqdan qorunmaq üçün heyvan xəzi geyinirdilər
Alimlərin qənaətinə görə neandertalların və insanların paltar məsələsinə müxtəlif yanaşması olub.
Neandertalların yaşadıqları yerlərə nəzərən demək olar ki, onlar çox güman bədənlərinin 70-80 faizini örtən heyvan dərisi geyinirmişlər.
Amma müasir insan bir neçə parçanı birləşdirərək daha mürəkkəb paltarlar icad edirdi. Onların bu zaman bədəni daha isti saxlayan dərisinə görə samur ovladıqları düşünülür.
Bu gün eskimoslar da tüklərinin donmadığına görə bu heyvanların dərisinə üstünlük verirlər.
Müasir insanın texnologiyası
Bəzi antropoloqlar düşünürlər ki, müasir insanlar soyuq iqlimlərə buralarda havaların istiləşməsini gözləməkdənsə, iqlimə daha uyğun paltarlar tikməklə köçməyə üstünlük veriblər.
Lakin bu onların bizdən daha ağıllı olmadıqlarını göstərmir. Əvvəllər bütün bədənlərini örtən paltarlara ehtiyacları yoxdu, fəqət ehtiyac ortaya çıxdıqda belə paltarları yarada biləcək texnologiylardan məhrum idilər.
Alimlər müasir insanın neandertallardan bəzi şeyləri öyrənmiş ola bildiyini düşünürlər. Çünki 40 min il bundan əvvəllə 60 min il bundan əvvəl arasında daş alətləri sümük alətlərlə ilk əvəzləyən onlar olmuşdu.
Neandertallar yox olduqdan sonra buna bənzər alətləri Homo sapienslər işlətməyə başlayıblar. Bəziləri bunu müəyyən şeylərin neandertallardan insanlara keçmiş ola bilməsi ilə izah edirlər.
Lakin bu keçid müasir insanla neandertalın arasında üzbəüz əldən-ələ verilməsi şəklində olmayıb. Sadacə olaraq insanlar neandertallardan qalmış alətləri tapıblar.
Paltar ictimai funksiya kəsb edir
30 min il bundan əvvəl Daş dövrünə aid paltarlar daha da inkişaf etmişdi. Gürcüstandakı Dzudzudana mağarasında boyalı kətan lifləri tapılıb.
Bu dövrdə geyimlər artıq bəzənmək və simvolik məqsədlər daşıyırdı. Ola bilsin ki, boyalı geyimlərdən çox-çox əvvəllər insanlar elə bədənlərini boyayırmışlar.
Neandertalların 200 min il bundan əvvəl bədənlərini qırmızı oxra (təbii torpaq rəngi) ilə boyadıqlarına dair məlumatlar vardır. Görünür bu boyadan heyvan dərilərini rəngləmək, mağara rəsmlərini çəkmək üçün də istifadə etmişlər.
Alimlər iqlim soyumağa başladıqda insanların boyalı bədənlərini geyimlərlə örtməyə başladıqlarını və bu boyaların paltarlara hopduğunu və beləliklə də onların vücudu isitmək funksiyası ilə yanaşı bəzənmək funksiyasının da əhəmiyyət kəsb etməyə başladığını düşünürlər. Beləliklə qədim insanların geyimi həm də sosial funksiya qazanmış olub.
Qısa desək geyimlər bizim bildiyimizdən daha qarışıq xüsusiyyətlərə malikdir. Doğrudur paltarsız yaşaya bilməzdik, lakin bu isitmə məqsədinin arxasında başqa mətləblər də var.
Paltarlar kimliyimizin, mədəniyyətimizin və sosial normalarımızın bir hissəsidir. Geyim bizi başqa canlılardan və təbiətdən ayıran bir xüsusiyyətdir. Bundan başqa geyimlər bizim hansı sosial və ya siyasi qrupa aidliyimizi göstərərək bizi bir-birimizdən ayırır.
Bu məqalənin ingilis dilində yazılmış versiyası ilə BBC Earth saytında tanış ola bilərsiniz.
Dərgidə dərc olunan başqa yazıları burda oxuyun.
- Maraqlı
- 19 Mart 2024