64d3cd4777ee7202308233047

Moskva vilayətində partlayış - Yaralılar var

Sergiev Posadda baş verən partlayış nəticəsində zərərçəkənlərin sayı 56 nəfərə çatıb.

Bu barədə Moskva vilayəti üzrə Səhiyyə Nazirliyi məlumat yayıb.

“Sergiev Posadda zərərçəkənlərin sayı 56 nəfərə çatıb. Onlardan 30-u xəstəxanada, o cümlədən 6-sı reanimasiyadadır. Həmçinin, 26 nəfər təcili yardıma müraciət edib”, - nazirlikdən bildirilib.

Xatırladaq ki, avqustun 9-da Sergiev Posaddakı Zaqorsk Optik-Mexanika Zavodunda partlayış baş verib. Partlayış dalğasından şəhərin müxtəlif yerlərində bir neçə evin pəncərələri qırılıb.

Fövqəladə Hallar Xidməti bildirib ki, insidentə səbəb texnoloji prosesin pozulması ola bilər. Ərazidə pirotexniki vasitələrin saxlandığı anbarın partlaya biləcəyi qeyd edilib.

Məsələ ilə bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb. Mütəxəssislər sənaye təhlükəsizliyinin pozulması maddəsi üzrə baş verənlərin detallarını öyrənmək niyyətindədirlər. /oxu.az