Məğlub olan ermənilər Qazaxıstana ordu yeritməkdən danışır: Etirazların əsl səbəbi bu imiş / ŞƏRH

  • Şərh
  • 06 Yanvar 2022
Qazaxıstan etiraz2
  • Oxunub: 7457

“Təəssüf ki, Qazaxstanda baş verənlərlə bağlı gözləntilərimiz özünü doğrultu və prosesin arxasında hansı qüvvənin dayandığının aşkara çıxması özünü çox gözlətmədi. İndi hətta əsgər və zabitlərinin fərariliyi dillərdə dastan olan, əzik, məğlub Ermənistan və onun baş naziri də “Qazaxıstana qoşun yeritməkdən” danışır. Təəssüf. Nəinki qardaş ölkəyə, heç bizimlə yaxından-uzağa əlaqəsi olmayan xalqlara belə bunu arzulamazdım”.

Kanal.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, görünür, ermənilər 1918-19-cu illərdə Türküstanda həyata keçirdikləri soyqırım cinayətlərini, eləcə də Levon Mirzoyanın qazax xalqına qarşı amansız repressiyalarını hələ də unutmayıb:

“Vaxtilə bolşeviklərlə işbirliyi içərisində Türküstanda törətdikləri cinayət əməllərini, hətta “erməni diktaturası” qurmaq niyyətlərini indi KTMT-nin tərkibində gerçəkləşdirmək istəyirlər. Öz tarixi köklərinə, dilinə, milli mədəniyyətinə qayıdış yolunu tutan və son dövrlərdə ortaq türk tarixi və mədəniyyətilə bağlı olduqca mühüm layihələrlə çıxış edən Qazaxıstanın düşdüyü durum və müstəqilliyini de-fakto itirmək təhlükəsi ilə qarşılaşmasını izləmək çox üzücü mənzərədir və şübhə etmirəm ki, qardaş ölkənin rifahını arzulayan hər bir azərbaycanlının ürəyini sızladır.

Bəziləri isə hər zaman olduğu kimi yenə də qardaş ölkədə baş verən fəlakətdən öz məqsədləri üçün istifadəyə çalışır, daha öncəki yanlışlıqlarından, proqnozlarının yerlə bir olmasından nəticə çıxarmayaraq, ictimai rəyə əsassız mesajlar ötürür, radikalizmi körükləyirlər. Belələri öz miskin niyyətlərini gerçəkləşdirmək üçün Qarabağın itirilməsinə belə hazırdırlar.

Gecə-gündüz sosial şəbəkələrin Azərbaycan seqmentində öz obrazlarına çeşidli epitetlərlə yamaq vurmağa çalışan bu fəlakət dəllallarının siyasi dünyagörüşü, göz önündə cərəyan edən prosesləri dəyərləndirmək bacarığı Qazaxıstanda baş verən hadisələrin fonunda bir daha özünü büruzə verdi. Son 30-31 il ərzində zərrə qədər də dəyişmədiklərini, inkişaf etmədiklərini yenə də göz önünə sərgilədilər.

Hətta adları, ünvanları, kimlikləri bəlli olmayan “liderlər” tərəfindən Qazaxıstan hökumətinə qarşı irəli sürülən 11 tələbdən 2-nin Ukrayna ilə bağlı olduğunu, xeyli müddətdir ki, Rusiya mediasında Qazaxıstanla bağlı aparılan təbliğatı, o cümlədən “Maydan” hadisələrinin burada da təkrarlana biləcəyi ilə bağlı “proqnozlar”ı da nəzərə almağı bacarmadılar”.

Elçin Mirzəbəyli hesab edir ki, Qazaxıstanda etnik rusların yaşadıqları bölgələrdə sıradanbir etiraz aksiyası da baş vermədi:

“Sanki öncədən onlara “sakit durun” təlimatı verilmişdi. Hadisələrin yenicə başladığı və qarşıdurma həddinə çatmadığı zaman kəsiyində Rusiyadan idarə olunan Teleqram kanallarında, eləcə bir sıra sosial şəbəkələrdə və internet resurslarında Qazaxıstanda yaşayan ruslar sakitcə dayanmağa və hadisələri müşahidə etməyə çağırılırdılar.

Məsələn, Rusiya Dövlət Teleradio Kompaniyasının (“Vesti”) əməkdaşı Andrey Medvedyev yazırdı ki, Moskva “rus dilini əzən”, özünə “rus-imperiya-sovet işğalına qarşı qəhrəmancasına mübarizə tarixi əsasında tarixi mifologiya yaradan”, “dil patrullarını təqdir edən” tərəfi, yəni Qazaxıstanın siyasi hakimiyyətini müdafiə etməməlidir. Sitat: “Belə vəziyyətdə Britaniya prinsipinə uyğun davranmalıyıq: Daimi müttəfiqlər yoxdur, daimi maraqlar var... Bizi indi Qazaxıstandakı rus əhalisinin təhlükəsizliyi narahat etməlidir”.

Rus millətçisi və erməni təbliğatçısı Timofey Yermakov isə “Sinyaya Boroda” (“Göy saqqal”) adlı Teleqram kanalında Qazaxıstanda baş verənlərin “xeyrə işarə olduğunu” bildirirdi. Sitat: “Qazaxıstanın rus rayonlarının (?) “mambet”lərdən (Mambet - Orta Asiyada və Rusiya ərazisində yaşayan türk xalqları arasında yayılmış kişi adı, Məhəmməd adının milliləşdirilmiş forması. Rus millətçilərinin leksikonunda aşağılayıcı ifadə kimi yer alır) fərqli olaraq dəlilik etməməsi, sözsüz ki, yaxşılığa işarədir. Ümid edirəm, bu “Şimal” adamlarının taleyində həlledici olacaq və məhz onların qərarından bu bölgənin Rusiyanın təsir dairəsinə doğru ayrılması prosesi başlayacaq”.

Göründüyü kimi, kifayət qədər açıq mətnlə verilən mesajlardır. Ünvanına çatdığı və olduğu kimi icra edilidiyi də göz qabağındadır”.

Ekspert bildirib ki, Qazaxıstanda baş verənlərin fonunda diqqətçəkən məqamlardan biri də, bəzilərinin iddia etdiyi kimi “demokratiya” tələbi ilə çıxış edən “etirazçı kütlə”nin şüarlarının arasında “SSRİ-nin bərpası” ilə bağlı çağırışların yer alması və Rusiyanın bəzi telekanallarında bu çağırışlara “bədii” və “nostalji” xarakterli elementlərlə cavab verilməsidir:

“Şübhəsiz ki, qardaş ölkədə cərəyan edən hadisələr türk dövlətlərinin təşkilatlanmasına ciddi zərbə vuracaq. Ola bilsin ki, kimlərisə bu prosesdə daha fəal iştirak etməkdən çəkindirəcək. Lakin indi XX əsrin əvvəlləri deyil və ortaq dəyərlərə söykənməyən bütün saxta idealogiyalar tarixin arxivinə gömülüb. Bizim isə hədəfimiz də, yolumuz da, liderimiz də bəllidir. Durmaq yox, yola davam”. (teleqraf.com)

Oxşar xəbərlər