Bu cəhdin uğur qazanması üçün Ankara Moskvanı dəstəkləyən rəsmi açıqlama verməlidir.
Kanal.az xəbər verir ki, bunu Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Türkiyənin Ukrayna böhranında vasitəçilik təklifini dəyərləndirərkən deyib.
O, hazırkı vəziyyətdə Rusiya-NATO münasibətlərinin Türkiyədən asılı olmadığını vurğulayıb:
“İndiki şəraitdə Moskva ilə Brüssel (NATO) arasında dialoqun davam etdirilməsi üçün vasitəçiyə ehtiyac yoxdur. Rusiya öz tələblərini birbaşa ABŞ-a təqdim edib, lakin qənaətbəxş cavab ala bilməyib. Əgər Türkiyə həqiqətən də bu məsələyə əməli töhfə vermək istəyirsə, o zaman rəsmi açıqlama verməlidir ki, Rusiyanın mövqeyini dəstəkləyir və Moskvanın Qərbə təqdim etdiyi bütün məsələlərdə təhlükəsizlik maraqlarının nəzərə alınmasını tələb edir”.
Ekspert Ankaranın təşəbbüslərinin Moskvanı dəstəkləyən açıqlama vermədiyi müddətcə effektiv olma şansının az olduğunu söyləyib:
“Çünki həll yolunun asılı olduğu əsas ölkə ABŞ-dır. Türkiyə real töhfə vermək istəyirsə, Moskva və Kiyevə vasitəçilik təklif etmək əvəzinə ABŞ və NATO-ya siyasi təzyiq göstərərək, onları Rusiyanın narahatlığını ciddi qəbul etməyə təşviq etməlidir. Amma o, hələ bunu etməyib. Bu səbəbdən hazırda Türkiyənin təşəbbüslərinin uğur qazanma şansının çox aşağı olduğunu düşünürəm”.