665c72713fe3b202406242401

Köhnə sevgilini unutmağın ƏN YAXŞI YOLU – PSİXOLOQLA MÜSAHİBƏ


“Psixoloji sağlam biriyəm?” “Psixoloji durumumda hansısa problemlər varmı?” Psixoloji vəziyyəti ilə bağlı hər kəsdə zaman-zaman bu kimi suallar yaranır. Hətta bəzən “Görəsən, mən dəliyəm?” sualını da özünə verənlər olur.


Medianews.az xəbər verir ki, “Kaspi” qəzeti bu və psixologiya ilə bağlı digər suallar ətrafında türkiyəli psixoloq Ferhat Aydınla söhbətləşib. Görüş Ferhat bəyin Bakıda qonaq olduğu günlərdə baş tutub.


– Psixoloji sağlam insan mövzusundan danışaq. Psixoloji sağlam insan kimdir?


– Yetkin insandan danışırıqsa, ehtiyaclarını bilən, duyğularından agah olan, hisslərini zamanında ifadə edən, sərhədlər qoya bilən, fərdiliyini yaşayarkən, kütləviliyə önəm verən, sosial bacarıqları olan insan deyə bilərik. İnsanlarla və özü ilə münasibətinin normal olması da buraya daxildir. Psixoanaliz elminin banisi Ziqmund Freyddən bəri insanın bir işdə çalışa bilməsi də psixoloji sağlamlıq durumunda əsas götürülür. Bir də sevə bilmək çox önəmlidir. Bunların hamısını bir balansda saxlayana psixoloji sağlam deyə bilərik. Başqa nüanslar da ola bilər, amma ilk ağlıma gələn bunlar oldu.


– Ətrafımızdakı nə qədər adamı psixoloji sağlam hesab edə bilərik?


– Sualınıza konkret cavab olaraq faizlə hər hansı rəqəm deyə bilməyəcəm, amma psixoloji istiqamətdə təcili addımlar atılmasının, müdaxilələr edilməsinin vacib olduğunu düşünürəm. Çünki psixoloji durumdan danışanda, burada cəmiyyətdəki iqtisadi və siyasi duruma mütləq baxmalıyıq. Son illər isə iqtisadi cəhətdən çox çətin dövr oldu. İnsanların maliyyə durumları pisləşdi, iş həyatları ilə bağlı çətinliklərlə üzləşənlər həddindən artıq çox oldu. Maliyyə durumu psixologiyamıza təsir edən önəmli faktorlardan biridir.


– Psixoloqların sayı artır. Zamanla psixoloqa ehtiyac çox olacaq?


– İki halda insanlar psixoloqa getmirlər. Yaz gəlincə və aşiq olunca. Yaz bitdi, eşqlərin də durumu yaxşı deyil (Gülür). Psixoloqlara tələb çox olacaq. Sosial mediada da görürsünüz ki, psixoloqlar davamlı videolar çəkib paylaşırlar, nələrisə izah edirlər. Bir yandan sahəmiz diqqətə gəlir, amma bir tərəfdən görünür ki, insanların psixoloji xidmətə ehtiyacı çoxalıb.


– Bəzən insanda öz psixoloji sağlamlığı ilə bağlı suallar olur.


– Psixoloji durumunuzla bağlı suallarınız varsa, psixoloqa getmək lazımdır. Durumu o dəyərləndirsin. Bir misalla deyim. Bəzən insanlar özlərinə sual verirlər ki, mən dəliyəm? Bu sualı ağıllı insanlar özlərinə verirlər. Ağlı başında olmayan insanı bu sual düşündürmür.


– Bəs psixoloji sağlam olmayan insanların beynində hansı suallar dolaşır?


– Məsələn, birinin sağlamlıqla bağlı ciddi problemi olmaz. Amma o, sağlamlığı ilə bağlı psixoloji olaraq çox narahatlıq keçirir. Tutaq ki o adam hava limanına gedir, yarım saatlıq yolu var. Getməmişdən öncə bir saat vaxt sərf edib hava limanına qədərki yolda olan xəstəxanaları araşdırır və taksinin yolunu həmin xəstəxanaların yanından keçərək planlaşdırır. “Mənə nə isə olsa, xəstəxanaya tez çatdırsınlar” kimi düşünür. Yaxud birinin əl yumaqla bağlı takıntısı var. Daim əlini yumaqla bağlı düşünür. Əlini hara vurubsa, onun ona çirk gətirib-gətirmədiyi haqqında düşünür. İçində öz-özünə cavabsız suallarla məşğul olur. Enerjisi boşa gedir, yorulur. Yəni beyin əlaqələr qurmaq, istehsal etmək yerinə, öz içində dönüb dolaşır. Bu, adamın məhsuldarlığına da, münasibətlərinə də təsir edir.Gündəlik həyatımızı necə keçirməyimiz psixoloji durumumuza hansı formada təsir edir?


– Ədəbiyyat, musiqi, yoqa ilə psixologiyamızı bəsləyə bilərik. İnsan olaraq bizə çox yaxşı təsir edən halların başında sosial münasibətlər dayanır. Onları arxa plana atmamalıyıq. Hobbimizi, yaxud hansısa yaradıcılığımızı istifadə edə biləcəyimiz bir sahə ilə məşğul olmağımız önəmlidir. Yaxud idmanla məşğul ola bilərik. Günlük enerjimizi bir yerə axıtmalıyıq. Sənət, idman, özümüzə baxım deyə ümumiləşdirə bilərik.


– Bunları bəzən edirik, amma sonra həvəsimiz olmadığı dönəmlər olur və dayandırırıq.


– Hansısa dönəm həyatımızda bunların heç biri olmaya bilər. Məsələn, iki ay yas tutursunuz, heç birini edə bilməyəcəksiniz. Etməməlisiniz, çünki o yası yaşamanız lazımdır. Bəzən adamın qolunu yataqdan qaldırmağı gəlmir. Belə dönəmdə özünü məcbur hala gətirməyi də doğru hesab etmirəm.


– Yəni məcbur yox, həvəsimiz olanda etməliyik?


– Düzdür, amma “İstədiyin kimi yaşa, nə yaxşı gəlirsə, onu et, anı yaşa, duyğularını hiss et” məsləhəti də o qədər asan deyil. Həyatın reallıqları da var, onlara adaptasiya olmaq lazımdır. Tutaq ki, bir saat sonra mənim tok-şou planım var, amma ürəyim səhnəyə çıxmaq istəmir. “Çıxmıram” deyə bilmərəm. İnsanın bəzi nöqtələrdə özünü məcbur etməsi də lazım gəlir. “Məcburiyyət yaxşılaşdırır”, – deyə bir yanaşma var. Mən valideynlərə uşaqları bəzən məcbur buraxın deyirəm. Uşağa yemək üçün nə qədər çox seçim verərsən, yeməsi o qədər sıxıntılı olur. Mehmet Sunqur deyib ki, həyat sevdiyimiz şeyləri etdiyimiz yer deyil, etmək durumunda olduğumuz şeyləri sevməyi öyrəndiyimiz bir yerdir.


– İşlərin çoxluğu, tıxaclar vaxt alır, kitab oxumağa, idmana, hobbiyə və sairə vaxtı, enerjisi qalmadığını deyənlər çox olur. Ancaq bunu edənlər də var.


– Tıxaclar, ya da həyatımızın çətinlikləri ilə əlaqəli şikayət edənlər əslində çox da haqsız deyillər. Norveçdə yaşamırsınızsa, bunlar sizi yorar. Onları bir yandan anlayıram. Amma bir yandan da düşünək: edən necə edir? Bir müəllim misal çəkirdi. Deyirdi ki, adam evini təmizləmir, amma idmana gedir. Qəribə görünür. Adam idmana gedə bilmir, deyir ki, pul və vaxt yoxdur. Bu ikisi ən məşhur bəhanələrdir. Evə getdiyində 10 dəqiqə meditasiya, kitab oxumaq üçün vaxt ayırmaq nə pul istəyir, nə də ciddi vaxt.– Bizdə valideynlər deyirlər ki, özün valideyn olanda, bizi başa düşəcəksən. Hazır olduğumuz vaxt budur?


– (Gülür) O da ola bilər. Amma bu, daha çox insanın yetkinləşməsi, böyüməsi ilə əlaqəlidir. Valideynlərimiz bizi döyəndə psixoloji travma vurduqlarını bilməyiblər – kimi düşünə bilərik. Amma bu, bizə vurduqları travmaya görə valideynlərə əsəbiləşməməli olduğumuz anlamına gəlmir. Adi hal kimi yanaşıb bağışlamaq da olmur. O əsəb durur. Ancaq ömür boyu şikayət edərək yaşamaq da doğru deyil.bəziləri isə “Köhnə sevgilini unutmağın ən yaxşı yolu yeni sevgilidir” kimi yanaşırlar. Hansı doğrudur?


– Biri dünyasını dəyişəndə necə yas saxlayırıqsa, birindən ayrılanda da, onun yasını tutmalıyıq. Hətta evimi dəyişdirdiyimdə də yas tuta bilərəm. Bir münasibət bitdiyində, ona üzülməyim, qurduğum xəyalların olmaması ilə əlaqəli yaşadığım xəyal qırıqlığı, dostlarıma “Bunları yaşadıq, nə gözəldir, amma kaş ki bitməsəydi” deyə bilməyim, dərdləşməyim çox önəmlidir. Bəziləri bu yası saxlayıb bir müddət yeni münasibətə başlamırlar. Bəziləri isə yeni sevgi ilə həyatlarına davam etməyi daha uyğun görürlər. O da ola bilər, bu da. Hər kəsin sisteminin necə işlədiyinə bağlıdır. Amma bilməliyik ki, burada bir münasibət yaşandı. Yoxmuş kimi davranmamalıyıq.Dərdimizi dostlarımıza danışmaq məsələsini dediniz. Amma insanların dinləmək istəmədiyi bir dönəmdir. Sizcə, insanların dərdlərini dinləməliyik?


– Ünsiyyət qurmaq artıq 10 ildir ki, yox kimidir. Danışmaq var. Hər kəs öz dərdini danışır. İnsan danışdıqca özünü tapır. Ona görə danışmaq insana yaxşı təsir edir. İnsanları dinləmək lazımdır. Mən insanları diqqətlə dinləyirəm. Amma yaxşı dinləməyən biri ilə də uzun müddət eyni masada otura, münasibət qura bilmirəm. Davamlı olaraq dərdini danışan insanı da dinləmirəm. Onlara psixovampir deyirəm, enerjimizi alırlar. Dinləmək önəmlidir, olmazsa olmazdır. Amma davamlı dərdini anladan birini də dinləməmək lazımdır.


– İnsanlar dinləməkdən qaçılan dövrdə danışmaq üçün psixoloqlara üz tuturlar. Amma psixoloqlardan da narazılıq çox olur. Sizcə, bu, nədən qaynaqlanır?


– Pasiyentin psixoloqdan nə gözləməsi önəmlidir. Psixoloqun onu dinləməyini istəyir, yoxsa dinlədikdən sonra rəy bildirməyini? Yaxud depressiyasını yaxşılaşdırmağını? Bəlkə deyir ki, mənim özümü daha yaxşı hiss etməyimi təmin etsin. Yaxud düşünür ki, mən qayınanam haqqında danışanda, o da mənimlə birlikdə qayınanama söysün. Psixoterapiyaya başlamaq deyil, davam etmək çətindir. Psixoloqun yanında bütün istəkləri, ehtimalları masaya qoyursunuz və özünüzlə üzləşirsiniz. Məsələn, məlum olur ki, problem qayınanada deyilmiş. İnsanın əlindən şikayəti alırsınız. Bunu alan kim? Psixoloq. Normaldır, sevilməyəcək. Önəmli olan o qıcıq olma, əsəbiləşməyi anlaya bilmək, onun üzərində işləməkdir. Çünki reallıqlar ortaya gələndə, mövzu psixoloqdan çıxır, səninlə əlaqəli olur. Gəlin qayınanasını pisləyirsə, başqa iki gəlini var, niyə sən gəldin? – deyə soruşuram. Səninlə əlaqəli nə isə olması lazımdır. Bunu dediyimdə, “Sən məni anlamırsan” deyib əsəbiləşib gedə bilər. İnsanlar psixoloqa xoşbəxt olmaq üçün gəlir, amma bizim işimiz tam da bu deyil. Biz yalnız yaxşı hiss etmək üzərində işləmirik. Bütün duyğuları hiss etmək üzərində işləyirik. Əsəb, yeri gəldiyində onu söyləmək, təəccüblənmək, həyəcanlanmaq, bir az qayğılanmaq və sairə. Psixoloqların xoşbəxtlik verməsi gözləntisi seriallardan gəlib. Amma realda tam da elə deyil.