Keçmiş Pentaqon rəsmisi Maykl Rubin İsrail-İran müharibəsi başlayandan sonra yazdığı məqalədə bu müharibənin Türkiyə-İsrail müharibəsi üçün sınaq olacağını bildirib.
Kanal.az “haber7”yə istinadən xəbər verir ki, keçmiş Pentaqon rəsmisi Maykl Rubin Türkiyəyə qarşı ağlasığmaz ittihamlar səsləndirərək, başlayan İsrail-İran müharibəsinin gələcək İsrail-Türkiyə müharibəsi üçün sınaq ola biləcəyini deyib.
“National Security Journal” jurnalındakı məqaləsində Maykl Rubin Türkiyə və prezident Ərdoğana qarşı inanılmaz ittihamlar səsləndirib. Türkiyədə hadisələrin gedişatının anti-İsrail ritorikası ilə birləşərək təhlükəli paralel yaratdığını deyən Rubin Qərb ölkələrini Türkiyəyə qarşı diqqətli olmağa çağırıb.
Türkiyənin prezident Ərdoğanın liderliyində yerli müdafiə sənayesinə əhəmiyyət verdiyini və böyük uğurlar qazandığını da ifadə edən Rubin bu vəziyyətdən narahatlığını gizlədə bilməyib. O bildirib ki, prezident Ərdoğan da iranlı idarəçilər kimi yerli müdafiə sənayesi ilə fəxr edir.
Türkiyəyə qarşı ağlasığmaz ittihamlarını davam etdirən Rubin Türkiyənin də İran kimi terroru maliyyələşdirdiyini iddia edib.
Türkiyəyə qarşı ittihamlarından sonra təhdidlərə də əl atan Rubin məqaləsində İstanbul və Ankaranın raketlərlə vurula biləcəyini ifadə edərkən, NATO amilinə də diqqət çəkib. "Sorulacaq yeganə sual isə budur: Tel-Əviv və Tehranı vuran raket və pilotsuz təyyarələrin illər sonra İstanbul və Ankaraya doğru uça biləcəyi və Türkiyə döyüş təyyarələrinin, o cümlədən ABŞ istehsalı olan döyüş təyyarələrinin İsrailə hücum etmək üçün Türkiyə bazalarından havaya qalxıb-çıxmayacağıdır. Həqiqətən, Türkiyənin NATO-da varlığı mürəkkəbdir”, - Rubin qeyd edib.
O əlavə edib ki, İsrailin Türkiyəyə qarşı hücumu zamanı Tel-Əvivi təcavüzkar kimi tanımaqla yanaşı, 5-ci maddənin tətbiqinə razılıq versə vəziyyət çətin olacaq: “Ona görə də bu məsələdə ABŞ de-fakto vetosundan Türkiyəyə qarşı istifadə edə bilər”.
Türkiyə ilə müharibə ssenarisindən narahatlığını dilə gətirən Rubin ümid edir ki, belə bir ssenari baş tutmayacaq.
Onun fikrincə, belə bir müharibəsi ehtimalı reallaşarsa, bu hər iki ölkə üçün indiki İsrail-İran müharibəsindən daha dağıdıcı olacaq.
Dünən isə israilli jurnalist Eyal Berkoviç İran üzərində qələbəni açıq şəkildə qeyd edir və İsrailin bundan sonra Türkiyəyə hücum edə biləcəyinə eyhamlar verir:
“Bu səhər mənə bir zarafat gəldi ki, 1/4 finalda HƏMAS-la bərabərə qaldıq, onları penaltilər seriyasında məğlub etdik. Yarımfinalda İrana qalib gəldik. Finala gəlincə, Türkiyə var”. /olke.az