İrəvanda ara qarışdı: Paşinyan sülh danışıqlarından geri çəkilir? – Müsahibə

  • Siyasət
  • 06 May 2022 13:56
İrəvanda ara qarışdı: Paşinyan sülh danışıqlarından geri çəkilir? – Müsahibə
  • Oxunub: 119

“Paşinyanın nə qədər geri çəkilmək potensialına diqqət etmək lazımdır. Yəni hara qədər geri çəkilə bilər? Mahiyyət etibarilə, onun tamamilə geri çəkilməsi hakimiyyətinin indikindən daha zəif duruma düşməsi deməkdir. Əgər indiki şəraitdə revanşist qüvvələr hakimiyyət dəyişikliyinə nail olmaq istiqamətində cəhdlər göstərsələr, əks qüvvələrin ortaya çıxmasını görə bilərik. Yəni biz onlara qarşı əks qüvvələrin olduğunu da nəzərə almalıyıq. Əks qüvvələr də revanşistlərdən heç də az deyil, bəlkə də daha çoxdur. Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələr və onların daxildəki təmsilçiləri kifayət qədər fəaldır. Yəni revanşistlər hakimiyyəti dəyişmək üçün addım atsalar, ciddi qarşıdurma baş verə bilər”.

Kanal.az Politoloq Elçin Mirzəbəylinin teleqraf.com-a müsahibəsini təqdim edir:

- Bir həftədən çoxdur İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Sizcə, bu proses nə ilə nəticələnəcək – etirazlar Paşinyanı istefaya məcbur edəcək xarakter ala bilərmi?

- Düşünürəm ki, İrəvandakı etiraz dalğası indiyə qədər olan aksiyaların ən kütləvisidir və isti qarşıdurmaların baş verdiyini müşahidə edirik. Paşinyanın müqaviməti də göz qabağındadır. Aksiya iştirakçılarına qarşı sərt tədbirlərin görülməsi, saxlanılan və həbs edilənlərin olması da nəzərdən qaçmır. Bu da onu göstərir ki, Paşinyan ciddi müqavimət göstərir. Qənaətimə görə, qısa zaman kəsiyində Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxara biləcək ciddi siyasi hadisələr baş verməyəcək.

Proseslərin kənardan idarə olunduğu bəllidir. Etiraz aksiyalarının, xüsusən də sosial şəbəkələrdə və Rusiyada fəaliyyət göstərən bəzi internet resurslarında təqdir olunması və prosesə buradan dəstək verilməsi nəzərə çarpır. Həmin resurslarda aksiyaların “kütləvi” olduğu bildirilir. Burada “vətəndaş itaəsizliyi” faktoru də ortaya gətirilir. Artıq İrəvanda əsas yolların bağlanması ilə müşayiət olunan proses onu deməyə əsas verir ki, uzun müddət bu aksiyalara hazırlıq gedib. Təbii ki, bu, erməni müxalifəti tərəfindən hazırlanmış texnologiya deyil. Baş verənlər məqsədyönlü şəkildə “anti-rəngli inqilab” texnologiyalarının stimullaşdırılması prosesinə bənzəyir.

Rusiya texnoloqları vaxtilə hadisələri tezləşdirmək məqsədilə öz elektoratının, daha doğrusu öz “nüfuz müvəkilləri”nin əlləri ilə kütləvi aksiyaların yetişmədiyi bir zamanda süni şəkildə belə aksiyaların keçirilməsi texnologiyasını tətbiq edirdilər. İndi də bunun şahidi oluruq. Bu süni texnologiyalar açıq şəkildə özünü göstərir. Prosesin təbliğatı da sübut edir ki, bunlar Ermənistan müxalifətinin gücü və potensialı daxilində olan hadisələr deyil.

- İrəvanı Rusiyanın qarışdırdığı iddiası da var. Bəs Kremli nə narahat edir: Ermənistan və Azərbaycan, eləcə də Ermənistan və Türkiyə arasında gedən danışıqlar onun narahatlığına səbəb ola biləcək həddə inkişaf edirmi? Söhbət konkret nəticələrdən gedir, bəllidir ki, Rusiya Ermənistanın bu iki ölkə ilə əlaqələrinin bərpasında maraqlı deyil...

- Qənaətimə görə, buna indiki şəraitdə önləyici tədbirlər kimi də yanaşmaq olar. İki hal var: əgər hakimiyyət dəyişikliyi olacaqsa, birmənalı şəkildə Rusiyadan idarə olunan siyasətçilərin iqtidara gəlməsinə şərait yaranacaq. Bu olmasa, baş verənlər Paşinyan hakimiyyətində qorxu yaradacaq ki, bu da son nəticədə onu müəyyən addımlardan çəkinməyə sövq edə bilər. Paşinyanın zəif xarakterli siyasətçi olduğu Rusiyanın siyasi texnoloqlarına bəllidir. Yəni bu aspektdən olan addımlarla Paşinyanı birbaşa Brüsselin vasitəçiliyi ilə həyata keçirilməsi nəzərdə tutulan sülh müqaviləsinin imzalanması üzrə danışıqlardan yayındırmağa çalışırlar.

Vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri sülh prosesinin irəli getməsinə imkan verməməyə çalışırdı, onlar Cənubi Qafqazda daimi sülh istəmirdilər, münaqişənin qalmasını istəyirdilər ki, bölgə ölkələrinə təsir vasitələrini əllərində saxlaya bilsinlər. Aşkar formada olmasa da, tərəflər dolayı yolla status-kvonun saxlanılması yönündə razılaşmışdılar. Amma indi qabarıq şəkildə bir-birinə mane olduqları özünü göstərir. Çünki bölgədəki reallıq dəyişib. Rusiya da belə bir durumda, xüsusən də Ukraynada apardığı hərbi əməliyyatlar kontekstində Cənubi Qafqazda daimi sülh və sabitliyin əldə olunmasında maraqlı deyil. İndi əsas diqqətini Ukraynaya yönəltdiyi üçün buradakı prosesləri müvəqqəti də olsa, dondurmaq istəyir.

- Bəs İrəvandakı son gəlişmələr Paşinyanın mövqeyində dəyişikliyə səbəb ola bilərmi?

- Onsuz da Nikol Paşinyanın mövqeyində dəyişikliklər nəzərə çarpmaqdadır. Paşinyan Brüsseldəki görüşdən sonra başqa açıqlamalar verdi, Moskva görüşündən sonra isə tamam əks istiqamətdə fikirlər səsləndirdi. Amma Brüsseldən olan telefon zənglərindən sonra yenidən mövqelərində müəyyən qədər də olsa, dəyişiklik əmələ gəldi. Yəni Paşinyan indi situasiyaya uyğun oynamağa çalışır. Qərbdən təzyiq gəlirsə, bu təzyiqləri azaltmaq üçün manevrlər edir, Rusiyadan təzyiq olursa, bunu azaltmaq üçün addımlar atır. Nəticədə prosesdə dəyişikliyin şahidi olmuruq.

Hesab edirəm ki, Paşinyanın nə qədər geri çəkilmək potensialına diqqət etmək lazımdır. Yəni hara qədər geri çəkilə bilər? Mahiyyət etibarilə, onun tamamilə geri çəkilməsi hakimiyyətinin indikindən daha zəif duruma düşməsi deməkdir. Əgər indiki şəraitdə revanşist qüvvələr hakimiyyət dəyişikliyinə nail olmaq istiqamətində cəhdlər göstərsələr, əks qüvvələrin ortaya çıxmasını görə bilərik. Yəni biz onlara qarşı əks qüvvələrin olduğunu da nəzərə almalıyıq. Əks qüvvələr də revanşistlərdən heç də az deyil, bəlkə də daha çoxdur. Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələr və onların daxildəki təmsilçiləri kifayət qədər fəaldır. Yəni revanşistlər hakimiyyəti dəyişmək üçün addım atsalar, ciddi qarşıdurma baş verə bilər.

Ermənistan əhalisinin əhəmiyyətli hissəsi də revanşistlərin hakimiyyətə gəlməsində maraqlı deyil. Çünki onların hakimiyyətə gələcəyi təqdirdə müharibənin qaçılmaz olacağı, həmçinin Ermənistanın indikindən daha ağır duruma düşəcəyi şübhə doğurmur. Paşinyanın təəbirincə desək, Ermənistan yenidən “qurbanlıq qoyun” rolunu oynamağa davam edəcək. Yəni növbəti dəfə geosiyasi oyunların güdazına gedəcək. Buna görə də, qarşı tərəfin asanlıqla geri çəkiləcəyini gözləmirəm. Hətta ola bilsin ki, indikindən daha sərt tədbirlər həyata keçirilsin. Bu sərt tədbirlərin də beynəlxalq miqyasda ciddi rezonans doğuracağını da gözləmirəm. Əksinə, Paşinyan revanşistlərə qarşı atacağı sərt addımlara görə təqdir olunacaq. Əlbəttə insan haqları və azadlıqlarının pozulması kimi də qiymətləndiriləcək. Bir sözlə, biz Moskvanın ikili və ənənəvi qaydada simasız oyunlarının şahidiyik.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...