İrəvan ABŞ-dan Azərbaycana qarşı sanksiya umur, Bakı isə Laçın dəhlizini daraldır -  KRİTİK GƏLİŞMƏ
Gündəm
14.09.2021 09:42
1217

İrəvan ABŞ-dan Azərbaycana qarşı sanksiya umur, Bakı isə Laçın dəhlizini daraldır - KRİTİK GƏLİŞMƏ

Türkiyə və Pakistanla ortaq təlimlərdə və Müdafiə Nazirliyinin Rusiyaya ünvanladığı məktublarda əsas hədəf; Azərbaycan Qarabağda qəfil əməliyyat öncəsi mühüm hazırlıqlar içində…

İşğalçı ordusu cəmi 44 gündə darmadağın edilən Ermənistan hələ də “bəlkə də qaytardılar” ümidi ilə yaşayır. Öz problemlərini başqa dövlətlərə yükləməyə adət edən, bunu az qala, “ulu millət olaraq tarixdən gələn halal haqqı” sayan mənfur toplum heç cür öz başına gələnlərdən, xüsusilə son müharibədəki kapitulyasiyadan dərs götürüb düşdüyü durumla barışmaq və qonşu xalqlarla dinc-yanaşı yaşamaq yolu tutmaq istəmir.

Bu və digər səbəbdən İrəvanda ATƏT-in üzdəniraq Minsk Qrupunun dirilməsinə ciddi ümidlər bəsləməyə davam edir, ABŞ və Fransanın Ermənistandakı səfirlərinin vaxtaşırı “status” deyib durmasını özlərinə böyük təsəlli hesab edirlər. Bəlli olduğu kimi, bu dəfə çeynənmiş ifadəni iki gün öncə Amerika səfiri Linn Treysi dilə gətirib. Xanım diplomat deyib: “Dağlıq Qarabağın statusu həll edilməyib, bu məsələ ATƏT-in Minsk Qrupunun gündəliyində qalmaqdadır”.

Təbii ki, rəsmi Bakının cavabı gecikməyib. Azərbaycan XİN-in yaydığı bəyanatda bildirilir ki, ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir: “Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və AR Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz”.

Bununla belə, İrəvanda hətta tarixin zibilliyinə atılmış status məsələsi ilə bağlı danışıqlara qayıtmaq üçün Bakıya “Minsk üçlüsü”nün təzyiq edəcəyinə sadəlövhcəsinə inananlar var. Hərçənd reallığı az-çox anlayan, proseslərin hara getdiyini dərk edən ermənilər də yox deyil…

*****

“Həm Rusiya, həm də ABŞ Azərbaycan hakimiyyətinə təzyiq rıçaqlarına malikdirlər ki, rəsmi Bakı münaqişənin həll olunmadığını və Dağlıq Qarabağın statusunun müəyyən edilməsinin vacibliyini qəbul etsin”.

KONKRET.az-ın məlumatına görə, bunu erməni politoloq Beniamin Poqosyan “Sputnik Ermənistan”a müsahibəsində səfir Linn Treysinin açıqlamasını şərh edərkən deyib.

Poqosyanın sözlərinə görə, Rusiya artıq bölgədə öz hərbi varlığını təmin edib, öz sülhməramlı qüvvələrini “Qarabağ münaqişəsi zonası”na yerləşdirib. “Bu da lazım gələrsə, Azərbaycanla olduqca sərt danışmaq üçün ciddi bir rıçaqdır”, – deyə o iddia edib.

“ABŞ-a gəldikdə, amerikalılar daha əvvəl iqtisadi təzyiq mexanizmlərindən kifayət qədər uğurla istifadə ediblər. İndi də ABŞ bəzi yüksək rütbəli azərbaycanlı məmurlara, həmçinin Azərbaycandakı şirkətlərə qarşı sanksiyalar daxil olmaqla məhdudiyyətlər tətbiq edə bilər” – erməni şərhçi öz mifik arzusunu ifadə edib.

Ardınca o, öz məyusluğunu gizlətməyərək əlavə edib: “Lakin ABŞ hələ də bu istiqamətdə konkret tədbirlər görməyib. Beləcə, bir yandan Birləşmiş Ştatlar danışıqları davam etdirməyin vacibliyini bəyan edir, digər tərəfdən isə bu yöndə heç bir praktik addım atmır. Halbuki Vaşinqton yaxşı bilir ki, təkcə bəyanatlar bundan ötrü yetərli deyil. Buradan çıxan nəticə odur ki, Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların bərpası məsələsi ABŞ üçün vacib mövzuların gündəliyinə daxil edilməyib”.

Yəni Amerika erməniləri, sadəcə, yola verir, başından edir…

*****

Azərbaycan isə 2-ci Qarabağ müharibəsindəki halal qələbəsinin nəticələrinə uyğun surətdə qardaş Türkiyə ilə birgə bölgədə öz hərbi-geosiyasi varlığını və dayaqlarını günü-gündən gücləndirməyə və geridönməz etməyə davam edir. Bir neçə gün qabaq Müdafiə Nazirliyimizdən Rusiya Müdafiə Nazirliyi və sülhməramlı qüvvələrin Qarabağdakı komandanlığına ünvanlanan xəbərdarlıq məktubları ən əvvəl bu reallıqdan doğur.

Xəbər verildiyi kimi, məktublarda digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsi ilə bağlı narahatlıqlar əksini tapıb. Sitat: “Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır”,

Diqqətçəkicidir ki, söhbət təkcə nəqliyyat vasitələrindən deyil, həm də fiziki şəxslərdən gedir. Bununla da rəsmi Bakı son vaxtlar Xankəndinə Ermənistandan, Fransadan, yunan Kiprindən və digər Avropa ölkələrindən təxribatçı səfərlərin yolveriıməzliyini bir daha Moskvanın nəzərinə çatdırır, nəticələrə görə məhz Rusiyanın cavabdehlik daşıması haqda ona mesaj göndərir.

*****

Bunu Qarabağda antiterror əməliyyatına zəmin üçün mühüm ön siyasi-təbliğati hazırlıqlar kimi də qiymətləndirmək mümkündür. Məktubların Laçında Azərbaycan-Türkiyə ortaq təlimlərinin başa çatdığı, Bakıda isə “Üç qardaş – 2021″ təlimlərinin (Azərbaycan-Türkiyə-Pakistan) başladığı gün edilməsi qənaətimizi gücləndirir. Eyni gündə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının ikinci Qarabağ müharibəsində azad edilmiş ərazimizdən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İrana məxsus yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlaması, üstəlik, onlardan rüsum almağa başlaması da təsadüfi sayıla bilməz.

Buradaca yada salaq ki, az öncə müdafiə naziri Zakir Həsənov Rusiya sülhməramlıların nəzarətindəki ərazilərdə törədilən erməni təxribatlarına ən sərt cavab verilməsi üçün orduya göstəriş vermiş, rəsmi Bakı isə İrana məxsus maşınların Qarabağa qanunsuz şəkildə, müəmmalı yüklər daşımasından dolayı Tehrana nota ünvanlamışdı. Lakin görünür, xəbərdarlıqlar gözlənilən effekti verməyib. O səbəbə Azərbaycan, deyəsən, Laçın dəhlizinə nəzarəti gücləndirmək və ya onu maksimum daraltmaq üçün addımlar atmaq ərəfəsindədir. Bura hərbi xarakterli tədbirlər də daxil ola bilər…/musavat.com/

Loading...
Loading...