6650562366a06202405245603

İllərin mübarizəsi BƏHRƏ VERDİ: Xəritəyə yeni dövlət daxil OLDU - Müstəqilliyi tanınır

İspaniya, Norveç və İrlandiya mayın 28-də Fələstini dövlət kimi tanıyacaqlarını dünyaya bəyan ediblər. Fələstin liderləri tərəfindən müsbət qarşılanan bəyanat Fələstin Azadlıq Təşkilatı tərəfindən "tarixi an" olaraq qiymətləndirilib. Fələstini dövlət kimi tanımağa qərar verən ölkələr bu addımın İsraillə fələstinlilər arasında sülh danışıqlarının inkişafına kömək edəcəyinə inanır.


İsrailin xarici işlər naziri İsrael Katz, "İspaniya, Norveç və İrlandiya HƏMAS qatillərinə və təcavüzkarlarına qızıl medallar verməyə qərar verdilər" dedi. İsrail Fələstinin dövlət kimi tanınmasının qəti əleyhinədir və belə bir dövlətin "İsrailin varlığına təhlükə yaradacağını" iddia edir.


Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 193 ölkədən 139-u Fələstini dövlət kimi tanıyır. Bunlara BMT-dəki 22 üzvlü Ərəb Qrupu, 57 ölkəni əhatə edən İslam Əməkdaşlıq Təşkilatı və 120 üzvlü Qoşulmama Hərəkatı daxildir. Son açıqlama ilə Fələstini tanıyan BMT-yə üzv ölkələrin sayı 142-yə yüksələcək. O cümlədən ABŞ, İngiltərə, Almaniya, Fransa, Kanada, Avstraliya, Hollandiya, İtaliya, Portuqaliya, Finlandiya, Danimarka, İsveçrə, Belçika, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Myanma, Eritreya, Tayvan, Yeni Zelandiya, Panama və Kamerun 40-dan çox dövlət Fələstini dövlət kimi tanımır.


Bəs Fələstinin artıq qlobal xarakterli tanınması müharibənin gedişaatına necə təsir edəcək?


Məsələ ilə bağlı danışan politoloq Elçin Xalidbəyli Referans.az-a deyib ki, Fələstini bu günə qədər yetərincə çox dövlət tanımışdı, hazırda bu prosesin davamı gedir:

“Fələstinin bir dövlət kimi tanınması prosesi başlayıb və geniş sürətdə davam edir. Artıq İspaniya, Norveç və İrlandiya bununla bağlı rəsmi qərar qəbul edib. Buna qədər də bir çox dövlət eyni addımı atmışdı. Avropada Fələstinə dəstək dalğası müəyyən mənada Qərb ölkələrinin də yaxın şərqdəki bu münaqişəyə münasibətini nisbətən dəyişmək məcburiyyətində buraxır. BMT-nin Fələstinə dəstək məqsədi daşıyan bir proqramı var. Qərb ölkələrinin mütləq əksəriyyəti bu proqramın malliyələşdirilməsindən imtina etmişdilər. Amma artıq bir sıra həmin ölkələr bu proqrama maliyyə köçürmələrini bərpa edib.”

Politoloq qeyd edib ki, bu proses Qərbdə Fələstinə qarşı münasibətlərin dəyişməsinə səbəb olub. Onun sözlərinə görə, ABŞ-ın daxilində belə bu savaşa müqavimət artmaqdadır və ABŞ hökumətindən müharibənin maliyyələşdirilməsinin dayandırılması tələb olunur: “Belə başa düşmək olar ki, proseslər əks istiqamətdə yönəlməyə başlayıb. Bu da Netanyahu hakimiyyətinin aqressiv və radikal davranışlarından qaynaqlanır”.


Aqil Qarayev