Tanınmış opera müğənnisi Ülvi Qılınc Xalq artisti İlhamə Quliyevanın vəfatından sonra onun barəsində səsləndirilən tənqidi fikirlərə sərt münasibət bildirib.
Kanal.az xəbər verir ki, sənətçi sosial müzakirələrdə və mediada mərhum sənətkarlar haqqında mənfi danışmağın adət halını almasını kəskin şəkildə qınayıb.
Ülvi Qılınc qeyd edib ki, İlhamə Quliyevanın sağlığında ona yaxınlaşa bilməyən, onun nüfuzundan və sənətdəki çəkisindən çəkinən bəzi şəxslər bu gün rahat şəkildə onun haqqında mənfi fikirlər səsləndirirlər. O, bunu həm etik baxımdan, həm də sənət cameəsi üçün yolverilməz hesab etdiyini bildirib.
“Onun sağlığında yanından yel olub keçə bilməzdin. İndi necə oldu buynuz çıxardın? Vaxtı ilə İlhamə Quliyevanın evində qab yuyan Xalq artisti bu gün onun haqqında elə sözlər deyir ki… Elə bil İlhamə Quliyeva onun evində qab yuyub”.
Sənətçi əlavə edib ki, başqalarının keçmişini gündəmə gətirməyin tərəfdarı deyil, lakin sənət cameəsində olan şəxslər həm öz keçmişlərini, həm də sənət yolunda onlara dəstək olan insanları unutmamalıdırlar.
“Danışanda fikir verin. İnsanların keçmişini başına qalxmaq istəmirəm. Keçmişinizi unutmayın”.(az24.az)