66bb8718b61b5202408241728

İki ölkə Zəngəzura girdi: biri ordu ilə, digəri isə… – Gərginlik artır

İranın Qafandakı baş konsulu Mortez Varamin iddia edib ki, Zəngəzurdakı mədəniyyət, adət-ənənə İranla çox yaxındır. O, İranın sözügedən bölgə ilə bağlı planları olduğuna eyham vurub. Varaminin sözləri İranın Zəngəzuru ideoloji silahla farslaşdırma siyasəti kimi dəyərləndirilir.

İranın Zəngəzurda aktivləşməsi fonunda ABŞ hərbçilərinin bölgəyə yerləşməsi xəbərləri yayılıb.

Maraqlıdır, iki ölkənin Zəngəzura marağı nədən irəli gəlir? Burada ABŞ-İran mübarizəsinin səbəbi nədir?

İran Nikol Paşinyanın səmimi olmadığını anlayır:

“Paşinyan və Ermənistan üçün təhlükə yarananda İran real dəstək göstərib. Hətta rəsmi İrəvanla hərbi saziş imzalayaraq ərazisinə öz hərbçilərini yollamaq istəyirdi. Ermənistan İrandan istifadə edərək öz təhlükəsizliyini qoruyub saxladı. Lakin daha sonra ABŞ və Aİ missiyalarını öz ərazisində cəmlədi. Belə olan halda İran da öz gözləntilərini sərt formada Nikol Paşinyanın diqqətinə çatdırdı”.

Politoloq vurğulayıb ki, Zəngəzur mühüm nəqliyyat yollarının qovşağı olacaq:

“Azərbaycan Ermənistanla nəqliyyat, kommunikasiya xətlərinin açılmasının yalnız Zəngəzur dəhlizi vasitəsilə mümkün olacağını bildirib. İran və ABŞ-ın Zəngəzuru yüksək səviyyədə diqqətdə saxladığını da görürük. Belə ki, bu yolla regionda öz maraqlarını reallaşdırmaq istəyirlər.

ABŞ-ın Ermənistana hərbçilərini yerləşdirməsinin Zəngəzur dəhlizi üçün olması istisna deyil. Digər tərəfdən rəsmi Tehran ümumiyyətlə Ermənistan üzərindən nəqliyyat, kommunikasiya xətlərinin açılmasında maraqlı deyil. Ona görə də buna əks fikirlər səsləndirir. ABŞ isə kommunikasiyaların məhz Ermənistan üzərindən keçməsini istəyir. Bunun üçün də mübarizə aparır.

Bu gün Birləşmiş Ştatların hərbçilərinin Ermənistanda yerləşdirilməsinin əsas məqsədi, rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı qərar qəbul etməsi fonunda marşrutu və fəaliyyət rejimi ilə bağlı məlumat almaq və yolun təhlükəsizliyinə nəzarəti həyata keçirə bilməkdir”./Globalinfo.az