6646144d2886e202405241229

Faciəvi şəkildə ölən Azərbaycanlı məşhurlar - Boğazı kəsilən, çomaqla başından vurulan... - Müəmma!

TV11 faciəvi şəkildə dünyasını dəyişən məşhurları təqdim edir. Azərbaycanın mədəniyyət tarixində nakam tale yaşamış xeyli sənətkar olub. Amma aralarında elələri də var ki, onlar faciəli ömür yolu ilə bərabər, faciəli ölüm də yaşayıblar.


Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı. Oğlu Bəxtiyar Məmmədov hazırda diplomatiya sahəsində çalışır. Xanəndə Firuz Səxavətin böyük qardaşıdır. 


Müğənni Nəzakət Məmmədova. Bu xanım müğənni qısa ömür yaşadı. Buna baxmayaraq bir çox ölkələrdə Azərbaycanı layiqincə təmsil etdi. Özünə xas səhnə davranışları, ifa zamanı ötürdüyü müsbət enerji onu hamının sevimlisinə çevirmişdi. Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı bir erməni kökənli həkimə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəydi. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb oldu. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişdi. Səriştəsiz “həkim” isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edildi. Cazmen Rafiq Babayev. Azərbaycan musiqisində özünəməxsus dəsti-xətti olan, xüsusən də caz janrının inkişafında az qala Vaqif Mustafazadə qədər iş görən Rafiq Babayev də faciəli şəkildə dünyasını dəyişən sənətkarlar sırasındadır. O, 1994-cü il martın 19-da erməni ekstremistlərinin Bakı metrosunda təşkil etdiyi qanlı terrorun qurbanı oldu. Metroda törədilmiş partlayış nəticəsində Rafiq Babayev həyatla vidalaşdı.


Müğənni Xeyransa Məmmədova. Cəmi 29 yaşında vəfat edən bu xanım müğənni qısa həyatında özünü yaxşı mənada fərqləndirməyi bacardı. Ondan daha böyük nailiyyətlər gözləyirdilər. Amma gənc xanım ailə həyatını daha üstün tutdu. Şəkər xəstəliyinə görə həkimlər ona ana olmağa icazə vermirdilər. Amma o, ana olmağa üstünlük verdi və uşaq dünyaya gətirən zaman vəfat etdi. Aktyor Ələsgər Ələkbərov. Hər zaman ağır xarakterli, ciddi görkəmli dramatik rolların ifaçısı kimi tanınan aktyor Ələsgər Ələkbərovun kinodakı son işi Rüstəm kişi obrazını canlandırdığı “Böyük dayaq” filmi oldu. “Böyük dayaq” filminin adını çəkməyimiz təsadüfi hal deyil. Deyilənlərə görə, filmin son kadrlarının çəkilişi zamanı baş verən xoşagəlməz hadisə sonradan aktyorun dünyadan köçməsinə səbəb olub. Qeyri-rəsmi məlumata görə, “Lal Hüseyn-Rüstəm kişi davası” çəkilərkən Ələsgər Ələkbərovun başına gerçəkdən dəyənək zərbəsi dəyir. Və aldığı xəsarət sonradan onun həyatdan köçməsinə səbəb olur. O zaman böyrəklərindən də ciddi əziyyət çəkən aktyora filmi görmək də qismət olmur. Aktyor Kamil Məhərrəmov.
“Evlənmək istəyirəm” (“Papaq”) filmindəki dilsiz-ağızsız tütək çalan Hüseyn, “Dərviş Parisi partladır”da Qəmbər, “Yol əhvalatı”nda Paşa obrazlarını canlandıran aktyor Kamil Məhərrəmov da çox qəribə bir ölümlə bu dünyaya vida deyib. Teatrın avtobusu hamını evinə düşürüb, Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib. Buna görə də avtobusun qapısını açıq qoyur ki, oyananda durub evinə getsin. Səhər gəlib görürlər ki, elə oturacaqda dünyasını dəyişib. 52 yaşında vəfat edən aktyorun həyatında faciəli məqamlar çox oldu. Təbii ki, burada onun öz sağlamlığından çox içkini sevməyi də əsas rol oynayırdı. Aktyor Ağadadaş Qurbanov. Gənc Tamaşaçılar Teatrının yaradıcılarından biri, SSRİ xalq artisti Ağadadaş Qurbanov da ani bir səhvin üzündən dünyasını dəyişib. Xalq artisti Gülxar Həsənovanın həyat yoldaşı, aktrisa Gülşən Qurbanovanın atası olan qocaman aktyorun ölümünə səbəb eyvan olub. “Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrolda olub. Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar faciəli şəkildə ölüb. Ağadadaş Qurbanovun aktyor oğlu Hamlet Qurbanov da faciəli ölümlə üzləşib. Uzun müddət xərçəngdən əziyyət çəkən istedadlı aktyor ölümü ərəfəsində çox az adam tərəfindən xatırlanıb. Aktyorun özü də, ətrafı da tez bir zamanda onun öləcəyini bilirdilər. Lakin ölümünə yaxın üzləşdiyi şiddətli ağrılardan xilas olmaq üçün əksər hallarda lazım olan iynə və dərman preparatları belə, ona çox görüldü. Deyilənə görə, dəhşətli ağrılar içində qovrulan Hamlet yaxınlarına yalvarırmış ki, “mənə iynə vurun ki, ölüb acılardan xilas olum”. Aktyor elə-beləcə 1995-ci ildə ağrı içində faciəli şəkildə vəfat edib. Davamı videomaterialda...