6666a196e498b202406244750

Əsl sevgi bütün xəstəliklərə qalib gəlir


Kubra Məhərrəmova yazır...


“Heç vaxt övladınız barədə pis danışmayın, nə onun yanında, nə də onsuz”.


Mariya Montesorri. Pedaqoq, həkim. 


Biz nə valideynlərimizi, nə də övladlarımızı seçmirik. Mexanizm belədir. Hərənin bir cür valideyni və bir cür övladı olur. Lakin bizim cəmiyyətdə çoxu öz övladından utanır. “Xalxın uşağı” daha fərasətli, istedadlı, bacarıqlı olur nəyə görəsə. 


Dəfələrlə valideynlər tərəfindən eşitdiyim şablon fikirlər var ki, istər-istəməz adamı düşündürür. “Hə, getdi istədiyini aldı, qız da doğa bilmədi. Oğlanın atası qızı boşadıb göndərdi atası evinə”. Və ya “çox yaxşı övladdır, ondan yerlə-göy qədər razıyam. Anasının dediyini aldı və ya ərə getdi. İndi çox xoşbəxtdir”. Amma araşdırsan, görərsən ki, bu övladların çoxu heç də xoşbəxt deyil. Ən acınacaqlısı odur ki, hər hansı səbəb üzündən ana ola bilməyən gəlinlər həm öz ailəsi, həm də ərinin ailəsi tərəfindən qınanır. 


Övladdan utanılır. Sanki böyük qəbahət edib. Ona ikinci dərəcəli insan kimi yanaşırlar. Və heç bir halda uşaq evindən övlad götürüb tərbiyə etmək bizim cəmiyyətin əksər üzvləri üçün məqbul deyil. Əsas səbəb də “qanı bilinmir nə qanıdır”... və yenə də ailələr dağılır, hansısa bir tərk edilmiş körpənin ailəyə, cəmiyyətə inteqrasiyasının qarşısı mental düşüncələrə görə alınır.


“Övladım fərsizdir” kimi fikirləri hələ fiziki və əqli cəhətdən normal insanlar üçün deyilirsə, görün qüsurlu uşaqlar barədə nələr deyilir. Öz səhvimizdənmi, yoxsa digər səbəblər üzündənmi ölkəmizdə xeyli sayda fiziki və əqli qüsurlu uşaqlar doğulur.


Əksəriyyəti qohum evliliyinin nəticəsində olur. Tibbi araşdırmaya görə, yad insanların izdivacından qüsurlu uşaqların doğulma riski 2-4 faizdir. Amma qohum nikahları nəticəsində bu risk 4-8 faiz olur, yəni iki dəfə çox. 


Vacib qeyd, bir sıra ölkələrdə genofondun qorunması üçün birinci dərəcəli qohumla evlilik qadağandır. Almaniyada, Amerikanın 24 ştatında əmiqızı-əmioğlu evlənə bilməz. Səbəb isə odur ki, evlənən cütlüklərin eyni soyunda vaxtilə hansı xəstəliklər olubsa, övladlarında da bu xəstəliyin olması yüksək faizdir. İndi gələk xalaoğlu-xalaqızı nikahlarından doğulan uşaqlara. 


Statistika deyir ki, bu uşaqlar daha çox qüsurlu olur. Ana tərəfdən qohum olanların uşaqları əqli cəhətdən zəif doğulur, çox vaxt ana bətnində qalmır, ya da ölü doğulur. İndi gələk belə qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasına.


Belə uşaqlar çox vaxt elə ailələrində qınağa məruz qalır. Dəfələrlə nənə-babaların, ata-anaların rişxəndini eşitmişəm. Halbuki, bu uşaqların xəstə doğulmaları üçün əllərindən gələni ediblər. Öz mənafelərini güdərək günahsız uşaqları əzaba düçar ediblər. Amma özlərini bundan bir anlıq olsa belə günahkar hiss etmirlər. Çoxları belə uşaqlardan imtina edib onları xüsusi dövlət müəssisələrinə göndərirlər. Və bu uşaqlardan lazımsız əşya kimi can qurtarırlar. 


Bizim cəmiyyətdə belə dəhşət yaşandığı halda, mən buna “övlad terroru” da deyərdim ki, dünyada belə uşaqlar üçün xüsusi yanaşma və qayğı yaradılır. Bu uşaqlar cəmiyyətə normal inteqrasiya edir. Onlara öz yaşıdları ilə ünsiyyət qurmağa yardım göstərilir. Cəmiyyətin digər üzvləri belə uşaqlara mərhəmət və sevgi hissi ilə yanaşır ki, onlara sadəcə “fərqli insanlar” deyirlər. Onlara “fərqli qayğıyla” yanaşırlar.


Uşaq bağçaları və məktəblərdə “fərqlilərə” qarşı düzgün yanaşmanı onların sağlam həmyaşıdlarına aşılayır, tərbiyə edirlər. Yəni, sağlam uşaq “fərqli” uşaqdan özünü üstün hiss etməli deyil. Əksinə, “fərqli” dostuna dəstək və yardım etməlidir. Çünki bu onun insani borcudur! Əlbəttə, orda da hər şey ideal deyil, lakin sivil cəmiyyətlər bunun üçün əllərindən gələni edirlər.


Çünki fiziki, əqli fərqliliyindən asılı olmayaraq, hamı İNSANDIR! Bizdə isə ən yaxşı halda belə uşaqlar evdə gizlədilir. Məsələnin ikinci tərəfi də odur ki, insanlarımızın əksəriyyəti cəmiyyətdə belə qüsurlu insanlara qarşı dözümsüzdür. 


Fiziki və ya əqli qüsurlu insanlara qarşı münasibət orta əsrlərdəki kimidir. Hələ yaxşıdır, “cadügər” və ya “şeytan övladı” adıyla bu insanları tonqalda yandırmırlar. Amma etdikləri bundan da betərdir. Yadıma gəlmir, son dəfə nə vaxt küçədə əlil arabasında hərəkət edən adam görmüşəm. 


Qüsurlu insanları cəmiyyət onların evlərinə həbs edib. Onları nə küçədə, nə də başqa içtimai yerlərdə görmürük. Çünki güya “sağlam” olan insanlarımız qüsurlu insanları ya ələ salır, ya da yazıq gözü ilə baxırlar. Amma əlini-ayağını itirən o qədər vətəndaşımz var ki, “sağlam” olanlardan on dəfə sağlam ruha malikdir. İntellektual cəhətdən yüksəkdir. Amma və lakin...


Çox təəssüf hissi ilə anlayıram ki, bizim cəmiyyətin özü “əlildir”, “əqli cəhətdən qüsurludur”. Ona görə də belə bir dözümsüzlük var. Bu düşüncənin dəyişməsi üçün isə ilk növbədə “fəqrli” uşaqların ana-ataları addım atmalıdırlar.


Onlar övladlarından utanmamalı, onların inkişafı üçün çalışmalıdırlar. Onlarla küçəyə çıxmaqdan utanmamalıdırlar. Əgər hansısa bir axmaq nəsə desə, cavabını da verməlidirlər. Bəli, bu asan deyil. Lakin övladınıza görə dəyər. Və əminəm ki, əsl SEVGİ bütün xəstəliklərə qalib gəlir. Çünki bu balacaların ən böyük istəyi elə SEVGidir. Onsuz da onlar doğulduqları gündən mübarizə aparırlar. Ən azı sağ qalmağa çalışırlar.