azərbaycan ordusu

Əsas hədəf Xankəndidir, yaxın aylarda bayrağımız... – Polkovnikdən ŞOK DETALLAR

Ötən gün Azərbaycan Ordusu Xocalı rayonunun Fərrux kəndi və Fərrux, Daşbaşı yüksəklikləri istiqamətində nəzarəti bərpa etdi. Ekspertlər düşünür ki, bu yüksəkliyin bizim nəzarətimizə keçməsi ilə Ağdam şəhəri və ondan artıq kəndin təhlükəsizliyi təmin olundu. Bəs bu istiqamətdə Azərbaycan Ordusu bir güllə atmadan öz niyyətlərinə nail olacaqmı? Ordumuzun bu istiqamətdəki ən böyük hədəfi nədir?

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Üzeyir Cəfərov Publika.az-a müsahibəsində bildirdi ki, hazırda Azərbaycanın ən böyük hədəfi Xankəndidir. 

- Üzeyir bəy, Fərrux istiqamətindəki addımlarımızın davamı olacaqmı? 

- Fərrux kəndi və Fərrux dağ yüksəkliyi istiqamətində atdığımız addımların bundan sonra da davamı olacaq. Yaxın həftələrdə Müdafiə Nazirliyi Azərbaycan xalqına növbəti xoş xəbərləri verəcək. Biz hazırkı durduğumuz Fərrux yüksəkliyi və Fərrux kəndi ilə kifayətlənmək fikrində deyilik. Onsuz da 2020-ci ildə düşmənin təxribatlarının qarşısını alarkən də Azərbaycan bu fikirləri bəyan etmişdi. İndi bunun məqamı çatıb. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamədən 16 ay keçib. Biz kifayət qədər gözlədik ki, Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri ərazilərdəki qeyri-qanuni erməni silahlı birləşmələrini çıxaracaq. Təəssüflər olsun ki, rusiyalı sülhməramlılar bu məsələni uzatdılar. 

- Bu, nəyisə dəyişəcəkmi?

- Xeyr, sülhməramlıların bu məsələnin həllini uzatmalarına baxmayaraq, biz inşallah, yaxın günlərdə onun həlli istiqamətindəki addımlarımızı davam etdirəcəyik. Azərbaycan Ordusu öz üzərinə düşəni elə bu dəqiqələrdə də yerinə yetirir. Sadəcə olaraq biz düşməni duyuq salmamaq üçün lazım olan işləri görmüşük. Üstəlik, qarşı tərəfə də xəbərdarlıqlarımızı etmişik. Bizim xəbərdarlıqlarımızı başa düşəcəklərsə, bu, onlar üçün yaxşı olacaq, başa düşməyəcəklərsə, Azərbaycan oğulları lazımi addımları atacaq. 

- Sizcə, hazırda Azərbaycanın Qarabağın dağlıq hissəsi ilə bağlı əsas hədəfi haradır? 

- Bizim hədəfimiz Xankəndidir. Əgər hər hansı bir fors-major hal baş verməsə, yaxın aylarda Azərbaycan Ordusu Xankəndi ilə bağlı məsələni də ölkəmizin qanunları çərçivəsində həll edəcək. Üçrəngli bayrağımız bu il Xankəndidə dalğalanmalıdır və dalğalanacaq. 

- Növbəti periodda da rusiyalı sülhməramlılar burada qalacaqlarmı? Axırıncı hadisələrdən sonra bu, nə dərəcədə inandırıcıdır? 

- Məsələ öz həllini tapandan sonra rusiyalı sülhməramlılara heç bir ehtiyac qalmayacaq. Ola bilsin ki, onlar hətta vaxtından əvvəl yola salınsınlar. Bəzi işlər görülüb. Həmin işlərin tam başa çatdırılması üçün bir balaca vaxt lazımdır. Həmin vaxtın tarixini də yəqin ki, biz yaxın həftələrdə biləcəyik. Bizə görəcəyimiz iş lazımdır, başqa heç nə lazım deyil. Həmin işi də Azərbaycan Ordusu görür. Bizim görəcəyimiz iş Qarabağın dağlıq hissəsindəki qeyri-qanuni erməni silahlı birləşmələrini oradan çıxarmaqdır. Artıq onlara xəbərdarlıqlar edilib. Əgər kim qanunlara tabe olacaqsa, burada yaşayacaqlar. Tabe olmayanlar isə layiq olduqları yerə göndəriləcəklər; ya həbsə göndəriləcəklər, ya da cəhənnəmə vasil olacaqlar. Bundan sonra Azərbaycan onların nazı ilə oynamayacaq. Ölkəmizin belə bir fikri də yoxdur. Sülhməramlılar öz əməlləri ilə hansı “məramlara” qulluq etdiklərini sübuta yetirdilər. Biz indiyə qədər onları motivasiya etdik. Hətta onları həvəsləndirdik ki, sülhməramlılar öz üzərlərinə düşəni etsinlər. Amma gördüyümüz mənzərə bizi məyus etdi, bu da ondan ibarətdir ki, sülhməramlılar araikləri, david babayanları, vitali balasanyanları bəsləməklə məşğul oldular. Oradakı separatçılara, qanunsuz silahlı birləşmələrə silah-sursat payladılar. Onların əsas “missiyası” separatçıları Azərbaycana qarşı növbəti hərbi təxribatlara hazırlamaqdan ibarət oldu. Ona görə də Azərbaycan dövləti öz qərarını verib. Azərbaycan Ordusu da öz üzərinə düşəni ləyaqətlə yerinə yetirir. Bir balaca səbr etməliyik. Birinci xəbəri sosial şəbəkədə kim verəcək? – xəbərindən uzaq olmalıyıq. Bu, Azərbaycan hərbçilərinin təhlükəsizliyinə xələl gətirə bilər. Hesab edirəm ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi doğru-düzgün mövqe seçib; hər şeyi ölçülü-biçili şəkildə həyata keçirirlər. Fərrux kəndi ilə bağlı uzun müddət idi ki, “olacaq, mütləq olacaq” deyirdik. Amma dünən Azərbaycanın Müdafiə Nazirliyi öz rəsmi məlumatı kimi deyil, Rusiya Müdafiə Nazirliyinin kobud, yerində olmayan münasibətinə rəğmən açıqladı. Ona görə də yaxın həftələrdə daha xoş xəbərlər eşidəcəyik. Allah oğullarımızı qorusun, onlar öz üzərinə düşəni edirlər. 

- Biz bir güllə atmadan, sakit şəkildə bu prosesi sonlandıra biləcəyikmi? 

- Onsuz da öz həyalarının və həyatlarının üzərindən xətt çəkmiş ermənilər orada hansısa şuluqluq, inadkarlıq edə bilərlər. Amma Azərbaycan Ordusu sakit şəkildə öz işini görür və görəcək. Biz çalışmalıyıq ki, ərazidəki sülhməramlılarla danışmaq üçün rus dilini bir qədər yaxşı bilən zabitlər, müddətdən artıq xidmət edən hərbi qulluqçular rusiyalı sülhməramlılarla danışığa getsə, müzakirə zamanı bizim tərəfdən səsləndirilən fikirləri aydın şəkildə qarşı tərəfə çatdırsa, daha yaxşı olar. Yəqin ki, fikrimi başa düşürsünüz. Bizim dilimiz Azərbaycan dilidir. Amma sülhməramlıların da anladıqları rus dilidir. Bizim zabitlərimiz qarşı tərəflə daha tutarlı danışmaq üçün rus dilində mükəmməl bilən yoldaşları prosesə cəlb etsələr, yaxşı olar. Bizim fikrimiz rusiyalı sülhməramlılara aydın şəkildə çatdırılsın ki, Azərbaycanın başqa fikri yoxdur. Bizim yeganə fikrimiz ondan ibarətdir ki, ərazi bütövlüyümüz bərpa olunsun. Həmin separatçılar da Azərbaycan qanunlarına tabe olmayacaqlarsa, rədd olub getməlidirlər. Biz onları buna məcbur edəcəyik. Proses də bu istiqamətdə gedir.