"Ermənilərin iki seçimi var: ya bizim qanunlara tabe olacaqlar, ya da..." - AÇIQLAMA

  • Siyasət
  • 16 Mart 2022 18:27
  • Oxunub: 2070

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Azərbaycan tərəfi Ermənistana sülhlə bağlı konkret təkliflər göndərib. Erməni tərəfinin də buna özünəməxsus cavabı var. İndiki halda bu cür diplomatik gedişlər prosesi nə dərəcədə irəliyə apara bilər?

- Bu cür hallar başa düşüləndir. Azərbaycan tərəfi ilk növbədə Ermənistanı məcbur etmək istəyir ki, o bizim ərazi bütövlüyümüzü tanısın və hörmət etsin. Çünki münaqişə məhz bundan qaynaqlanıb. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları qaldırmaqla bu münaqişə baş verib. 30 il ərzində də bu və ya digər formada onu həyata keçirmək istəyiblər. II Qarabağ müharibəsindən sonra biz gözləyirdik ki, ermənilər normal siyasət yürütsün. Amma Azərbaycanın Ermənistana sülh təklifi ilə bağlı cavabından aydın olur ki, onlar işğalçı siyasətlərini təzə şəraitdə davam etdirmək istəyir. Yəni, onlar özləri üçün yeni bir format seçməyə çalışır.

- Qarşı tərəfin iddiaları nədən ibarətdir?

- İddiaları da ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü ondan sonra tanıyacaq ki, “Dağlıq Qarabağ” ermənilərinin “status”u müəyyən edilsin. Bu da əslində köhnə bir mövqedir. Ona görə də bu mövzuda olan yanaşmalar dəyişməlidir. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması və verdiyi təkliflərə də münasibət bildirmək lazımdır. Biz bu məsələdə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü qəbul etməməsi məsələsinə diqqət etməliyik.

- Azərbaycanın belə hallara qarşı mövqeyi nədən ibarət olmalıdır?

- Buna cavab olaraq Azərbaycan müdafiə mövqeyi seçməlidir. Eyni zamanda hücum mövqeyini də gücləndirməliyik. Hücum mövqeyi də ondan ibarətdir ki, biz onların ərazi iddialarına cavab olaraq Azərbaycandan qanunsuz olaraq yüz il öncə alınaraq Ermənistana verilmiş ərazilərimizlə bağlı da tarixi ədalətin bərpa olunmasını tələb etməliyik. Biz, Ermənistandan Zəngəzur və Göyçə mahalını Azərbaycana qaytarılmasını tələb kimi qoymalıyıq. Ermənilər öz “iddialarını” əsaslandırmaq üçün “böyük Tiqrandan” bəhs edirsə, biz yüz il öncə olan tarixi ədalətsizliyin bərpasını şərt kimi irəli sürməliyik. Ermənistan əgər Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edirsə, biz niyə tarixi ədalətin bərpasını tələb etməməliyik? Ona görə də bizim təkliflərimiz eyni zamanda bu məsələləri də əhatə etməlidir. Hücum diplomatiyasını məhz bu istiqamətdə həyata keçirməliyik.

- Son zamanlar separatçıların da “fəallığı” müşahidə edilir. Bu nə ilə bağlıdır?

- Burada ümumi hadisələrə qiymət vermək lazımdır. Ermənilərin bu cür təxribatlarının əsasında qorxu və narahatlıq dayanır. Çünki onlar Ukraynada olan hadisələri təhlil edərkən başa düşürlər ki, Rusiya zəifləyir. Hətta Rusiya burada olan imkanlarını real müharibəyə cəlb edəcək. Rusiyanın başqa-başqa yerlərdə olan hərbi-siyasi layihələri ya ixtisara salınacaq, ya da bundan imtina ediləcək. Sülhməramlıların bu missiyası da sual altındadır. İstisna edilmir ki, orada olan rus hərbçilər digər bir istiqamətdə lazım olsun. Bu baxımdan ermənilər gedən proseslərin onların ziyanına olduğunu başa düşür. İstəkləri də odur ki, mümkün təxribatlarla diqqəti özlərinə yönəldə bilsin. Amma bu cür siyasətin də heç bir gələcəyi yoxdur. Qarabağda yaşayan ermənilər daha yaxşı başa düşür ki, onların iki seçimi var. Ya Azərbaycan qanunlarına tabe olmalıdırlar, ya da ki, oradan çıxıb getməlidirlər.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...