Ərdoğan Putinə MESAJ VERDİ:  Razılaşmalar pozulur / Moskva boyun qaçırır
Siyasət
30.08.2021 17:42
350

Ərdoğan Putinə MESAJ VERDİ: Razılaşmalar pozulur / Moskva boyun qaçırır

“Türkiyə və Rusiya bu regionda aparıcı oyunçudur. Bunu həm biz, həm də Ermənistan yaxşı başa düşür. Əgər Rusiya səmimi şəkildə bu platformanın qurulmasının və ya bölgədə sülhün təmin olunmasının tərəfdarıdırsa, öz müttəfiqini dalandan çıxarmaq istəyirsə, onda Ermənistana təzyiq etsin və bu prosesdə real rol oynasın. Bu, Rusiyanın da xeyrinə olmalıdır”.

Kanal.az sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla əlaqələrin bərpasından danışdı. O bildirdi ki, Ermənistan bunun üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Baş nazir Nikol Paşinyan da bundan əvvəl Ankaradan müsbət siqnallar aldıqlarını demişdi. Sizcə, bu yöndə hansı gəlişmələrin şahidi ola bilərik?

- Qeyd edim ki, bu təşəbbüs həm Azərbaycan, həm də Türkiyə tərəfindən irəli sürülüb. İndi də Türkiyə prezidenti bu məsələni gündəmə gətirir. Bu çərçivədə Ermənistan-Azərbaycan, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi ilə bağlı təşəbbüs irəli sürür. Şübhəsiz ki, bu, yerinə düşən bir təklifdir. Amma Paşinyan müəyyən qədər bu təşəbbüsləri müsbət qəbul etsə də, buna əməl etmir, yerinə yetirməkdən boyun qaçırır. Əgər sən bunu qəbul edirsənsə, bəs niyə Azərbaycana qarşı təxribatla məşğul olursan? Sən sərhəddə Azərbaycan əsgərlərinə atəş açırsan, ümumiyyətlə, atəşkəsi pozursan, noyabrın 10-da imzalanmış bəyannaməni yerinə yetirmirsən. Əsas suallar bunlardır. Əslində, baş verənlər onu göstərir ki, Paşinyana təzyiq edən yoxdur. Görünür, Paşinyan daxili qüvvələrin nazı ilə oynayaraq, onları razı salmaq üçün bu cür fəaliyyətlər göstərir və sülhə nail olmaq fikri yoxdur.

- Dediyiniz kimi, Ərdoğan “Altılıq” platformasından da danışdı. O, çıxışında ilk dəfə “Beşlik” platformasını gündəmə gətirdi. Bu o deməkdirmi ki, regional platformanın qurulması işi Gürcüstansız aparılacaq?

- Əslində, Ərdoğan elə də dedi. O bildirdi ki, “Beşlik” də var, Gürcüstan istəsə, “Altılıq” platforması da ola bilər. Aydındır ki, Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir. Əgər Rusiya bu platformada iştirak edəcəksə, Gürcüstan bundan çəkinəcək. Yəni bu o demək deyil ki, Gürcüstan bölgədə sülhün yaranmasının tərəfdarı deyil. Sadəcə olaraq, ortada incə məqamlar var. Gürücstan bu məqamları nəzərə alaraq, tərəddüd edir. Amma Ərdoğan xüsusi olaraq vurğulayır ki, Gürcüstan istəsə, onu da bura qoşmağa hazırıq. Çünki Gürcüstanın bölgədə öz yeri və rolu var.

- Türkiyə lideri çıxışında müəyyən məsələlərlə bağlı Rusiya Prezidenti Vladimir Putinlə əldə edilmiş razılaşmanı da xatırlatdı. Bunu son zamanlarda üçtərəfli bəyanatların yerinə yetirilməsindən boyun qaçıran Rusiyaya ünvanlanmış mesaj saymaq olarmı?

- Əlbəttə, bu, müəyyən bir mesajdır. Digər reallıq da budur ki, Türkiyə və Rusiya bu regionda aparıcı oyunçudur. Bunu həm biz, həm də Ermənistan yaxşı başa düşür. Əgər Rusiya səmimi şəkildə bu platformanın qurulmasının və ya bölgədə sülhün təmin olunmasının tərəfdarıdırsa, öz müttəfiqini dalandan çıxarmaq istəyirsə, onda Ermənistana təzyiq etsin və bu prosesdə real rol oynasın. Bu, Rusiyanın da xeyrinə olmalıdır. Hər halda kommunikasiyaların və ya dəhlizin açılması Rusiyanın xeyrinədir. Bütün dövlətlər, o cümlədən Rusiya bunlardan faydalanacaq. Hesab edirəm ki, regiondakı problemlər həlli üçün Paşinyanın “qəfəs”dən və ya daxildəki qüvvələrin əsirliyindən qurtarılmasında Rusiyanın rolu böyük ola bilər. Əgər Ərdoğan Putinlə danışıbsa və razılığa gəliblərsə, bu, çox önəmli bir amildir.

- Son günlər Qarabağ və sərhəd istiqamətində artan gərginlik və bu fonda Rusiyadan İrəvana yeni silahların göndərilməsi haqda məlumatların yayılması ilə bağlı nə düşünürsünüz?

- Əlbəttə, Rusiyanın atdığı addımlar doğru deyil. Rusiya bu addımlarını onunla izah edir ki, kimə istəsə silah sata bilər və bu onun suveren hüququdur, Ermənistan KTMT-nin üzvüdür və s. Amma Moskva reallığı nəzərə almalıdır. Reallıq da budur ki, Ermənistanla Azərbaycan arasında müharibə gedir və biz torpaqlarımızı azad etmişik. Eyni zamanda, Ermənistan ərazisinə göz dikməmişik, onun torpaqlarını işğal etmək fikrində deyilik. Ermənistanın özü Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Belə bir durumda Ermənistanın silahlandırılması o deməkdir ki, münaqişə alovlanmasa da, onu köz üstündə saxlamağa çalışırlar. Bu doğru qərar deyil.Rusiya bu platforma təklifi və sülh təşəbbüslərini qəbul edirlərsə, o zaman Ermənistanı silahlandırmamalıdır. Ermənistanın silahlandırılması, onun qonşu ölkələrin ərazilərinə göz dikməyə vadar edən amildir.


Paylaş:
Loading...
Loading...