6206be791504e_4083658

Ərdoğan PUA-ları hərbi inqilabın xəbərçisi kimi görür...

Nüfuzlu "The Economist" jurnalında Türkiyənin müdafiə sənayesi ilə bağlı maraqlı məqalə dərc olunub.

Kanal.az xəbər verir ki, jurnal Türkiyənin özünü əvvəlkindən daha çox silahla təmin edə bildiyinə diqqət çəkib.

Nəşr qeyd edir ki, Türkiyə pilotsuz uçuş aparatları (PUA) ilə yanaşı yerli döyüş tankı, sualtı qayıqlar, helikopterlər və döyüş təyyarələrini istehsal etməyi planlaşdırır.

“Türkiyənin silah sənayesinin yeni yüksəlişi” sərlövhəli məqalədə vurğulanıb ki, Türkiyə istehsalı olan PUA-lar Qarabağda, Suriya və Liviyada gedən döyüşlərdə Rusiya istehsalı olan tank, yük maşınları və digər texnikaları məhv edib. Müəllif "Bayraktar TB2"lərin Ukraynada bunu təkrar etmə şansının olduğunu düşünür.

Məqalədə, həmçinin deyilir ki, Ukrayna prezidenti Vladimir Zelenski və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında daha çox PUA istehsalı ilə bağlı müqavilə imzalanıb.

Eyni zamanda, Ukraynanın artıq "Bayraktar TB2"ni aktivləşdirdiyi və Donbas bölgəsində Rusiyapərəst separatçıların istifadə etdiyi artilleriyanı məhv etdiyi diqqətə çatdırılıb.

“The Economist” nəşri qeyd edir ki, prezident Ərdoğan PUA-ları Türkiyədə hərbi inqilabın xəbərçisi kimi görür.

Bundan əlavə, sözügedən məqalədə Türkiyənin xarici təchizatçılardan asılılığını aradan qaldırmaq və ölkəni əsas silah ixracatçısına çevirmək istədiyi vurğulanıb."Türkiyənin silah sənayesi əvvəlkindən daha böyükdür və özünü təmin edə bilir. Dövriyyə 2002-ci ildəki 1 milyard dollardan 2020-ci ildə 11 milyard dollara yüksəlib. NATO-nun ikinci ən böyük ordusu olan ordu bir vaxtlar ehtiyaclarının 70 faizini xaricdən alırdı. Bu, indi 30 faizə düşüb. Ötən il Türkiyənin silah ixracatı 3,2 milyard dollara çataraq yeni rekorda imza atıb", - deyə müəllif yazıb.   /Modern.az/