643cfab92e8f9202304235225

Ərdoğan kimi siyasi liderlər dünyaya yüz ildə bir gəlir - Xalqa çağırış

"Prezident Rəcəb Tayyib Ərdoğan kimi siyasi liderlər dünyaya yüz ildə bir gəlir".

Kanal.az xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, Türkiyə heç vaxt indiki qədər azad, müstəqil və demokratik olmayıb:

"Türkiyə xalqı yeni seçkilərdə bu fürsəti qaçırmamalıdır. Əgər bu fürsəti qaçırsaq, çox geriləyəcəyik. Prezident Rəcəb Tayyib Ərdoğan dünya siyasətini ovucunun içi kimi bilir. Kimin hansı oyun qurduğunu mükəmməl bilir. Bu gün bunu çox konkret demək istəyirəm ki, Türkiyə tamam fərqli bir istiqamətdə irəliləyir".

Nazir fevralın 6-da baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən də danışıb.

Yeraltı təkanların böyük fəlakət və ciddi sınaq olduğunu xatırladan nazir söyləyib ki, həmin təbiət hadisəsi eyni zamanda Türkiyə xalqının bir yumruq kimi birləşdiyini göstərib.

S.Soylu zəlzələ bölgəsindən olan tələbələrin təhsillərini davam etdirdiyini bildirib: "Mardində, Malatyada, Adıyamanda, Hatayda və Kahramanmaraşda gənclərimiz üçün təhsil düşərgələri, mədəniyyət və idman düşərgələri yaratdıq. Həmin düşərgələrdə bütün şərait təmin olunub. Müəllimlər də oradadırlar. İmtahana hazırlaşan şagird və tələbələr üçün müntəzəm olaraq sınaq imtahanları təşkil olunur".

Nazir qeyd edib ki, zəlzələnin fəsadlar törətdiyi kəndlərə yeni konteynerlər çatdırılır. Onun sözlərinə görə, Türkiyə Çindən 65 min konteyner alıb.

S.Soylu Türkiyənin terrorla mübarizəsindən də söz açıb. O, bu mübarizənin uğurla davam etdiyini xatırladıb və bildirib ki, bu ilin oktyabrın 29-dək ölkəmizin dağlarında 1 nəfər də terrorçu qalmayacaq. / Report