Ərdoğan bunu gözləmirdi - "Artıq iş işdən keçib..."

  • Manşet
  • 06 Yanvar 2022 15:39
Qazaxıstan etiraz
  • Oxunub: 2837

​Ankara Universitetinin professoru Toğrul İsmayıl Axar.az-a müsahibə verib. Kanal.az onunla müsahibənin bir hissəsini təqdim edir.

- Sizcə, Qazaxıstanda vəziyyətin gərginləşməsinin səbəbi nədir: daxili faktor, yoxsa xarici müdaxilə?

- Narazılıq Qazaxıstanda yığılıb qalmış sosial-iqtisadi problemlərin cəmiyyətdə partlayış halına gəlməsi ilə başladı. Qazaxıstanın daxili quruluşunun özünə xas cəhətləri var. Burada bütün qrupları, tərəfləri məmnun etmək önəmli məsələlərdəndir. Qazaxıstan əhalisi yaş baxımından gəncdir və bu da ölkə daxilindəki dinamikliyi artırır. Kütləvi nümayişlər birdən-birə başladı və getdikcə daha xaotik hal aldı. Çünki kütlənin başında nə siyasi partiyalar, nə müəyyən iqtisadi-sosial hərəkat rəhbərləri, nə də həmkarlar ittifaqları yoxdur. Vəziyyətin belə xarakter alması xarici siyasi mərkəzlərin və onların daxildəki nümayəndələrinin proseslərə müdaxiləsini asanlaşdırdı. Hadisələrin Tokayev-Nazarbayev arasındakı çəkişmə kimi də qiymətləndirməsi mümkündür. Vəziyyət gərginləşən kimi Tokayev Nazarbayevi Milli Təhlükəsizlik Şurasının ömürlük sədri vəzifəsindən istefaya göndərdi və daha sərt davranacağını dedi. Lakin o, hadisələri nəzarətdə saxlaya bilmədi. 

- Sizcə, KTMT-nin sülhməramlı fəaliyyətini Qazaxıstan hökuməti ölkədə vəziyyətin stabilləşməsi ilə məhdudlaşdıra biləcəkmi? Yəni sülhməramlılar Qazaxıstanda daimi qalacaqlar, yaxud onların fəaliyyəti müvəqqəti olacaq?

- KTMT yaranandan bəri ilk dəfədir ki, belə bir hadisə yaşanır. Ona görə sülhməramlıların fəaliyyət müddətinin nə qədər olacağını əvvəldən proqnozlaşdırmaq çətindir. Təşkilatda əsas dövlət olan Rusiyanın Azərbaycanda, Ukraynada, Gürcüstanda, Dnestryanı bölgəsindəki sülhməramlılıq fəaliyyətinin neqativ nəticələri hamıya məlumdur. Rusiya beynəlxalq aləmdə demokratik ruhlu ölkə kimi tanınmır və girdiyi yerdən də çıxmağı sevmir. Əlbəttə ki, təşkilat daxilində, Qazaxıstanda qəbul ediləcək qərarlarda sülhməramlıların fəaliyyətinin müvəqqəti olacağı qeyd olunacaq. Lakin əsas məsələ “müvəqqəti” kəlməsinin hansı və nə qədər zaman dilimini ifadə etməsi ilə bağlıdır. İndi Tokayev iki problemlə məşğul olmalıdır: rusların gəlişi qazaxları daha da qıcıqlandıracaq, digər tərəfdən isə ölkədə yığılıb qalan sosial-iqtisadi problemlər.

- Türkiyə və Türk Dövlətlər Təşkilatı Qazaxıstan məsələsi ilə bağlı hansı addımları ata bilər?

- Bildiyiniz kimi, TDT yeni yaranmış və strukturu tam formalaşmamış təşkilatdır və onun hadisələrə təsir imkanları yoxdur. Türkiyə isə prosesləri başından bəri diqqətlə izləyirdi. Lakin düşünürəm ki, Türkiyə də Tokayevin belə bir addım atacağını ehtimal etmirdi. Çünki normal olaraq dövlətlərin böyük əksəriyyəti daxili problemlərin həlli üçün kənar qüvvələri ölkəyə dəvət etmir. Atılacaq addımlara gəldikdə isə, onu deyə bilərəm ki, müəyyən bəyanatlar verilə, sənədlər və s. qəbul edilə bilər. Ancaq sözügedən addımların ciddi bir təsirinin olacağını düşünmürəm. Çünki artıq iş işdən keçib.

Loading...
Loading...
Oxşar xəbərlər
Oxşar xəbər tapılmadı