6409bfdbebda8202303231539

Dünyada məşhurlaşan 13 yaşlı azərbaycanlı uşaq kimdir? - FOTO/VİDEO

Xınalıq kəndindən olan balaca İbrahim son günlər sosial şəbəkələrin Azərbaycan seqmentinin qəhrəmanına çevrilib. Onun polşalı bloqerlə ingilis dilində danışaraq qədim Xınalıq kəndi haqqında ətraflı məlumat verməsi diqqət çəkib. Xınalıq kəndinə səyahət edən bloqer həmin videogörüntüləri internetdə paylaşdıqdan sonra İbrahim qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İbrahim Zeynalovun 13 yaşı var. Rüfət Kəlbiyev adına Quba rayon Xınalıq kənd tam orta məktəbinin VI sinfində təhsil alır.

İbrahimin əcnəbi turistlə təcrübəli bələdçi kimi danışması təsadüfi deyil. Çünki onun atası Bəhmən Zeynalov 11 ildir Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda ekskursiyaçı-bələdçi vəzifəsində çalışır.

“Sosial şəbəkələrdə yayılan həmin video 2022-ci ilin noyabrında çəkilib. Polşadan olan bloqer rusiyalı tanışı ilə birgə kəndimizə qonaq gəlmişdi. Amma polşalı rus dilini yaxşı bilmirdi. Ona görə ingilis dilində danışmağa üstünlük verirdi. Onlara bələdçilik edirdim. Amma oğlum İbrahimin də ingilis dilində danışdığını görüb onunla birlikdə kəndi gəzmək qərarına gəldi. Ekskursiya zamanı İbrahimdən müsahibə də alıb. Belə hallar tez-tez olur. İbrahim həm xarici dili, həm də Xınalığın tarixini və etnoqrafiyasını yaxşı bilir”, - deyə Bəhmən Zeynalov söyləyib.

O bildirib ki, İbrahim intellekti və dünyagörüşü ilə həmyaşıdlarından fərqlənir. İngilis dilində filmlərə baxır, kitab oxuyur. Kəndə əcnəbi qonaqlar gələndə onlarla asanlıqla ünsiyyət qurur:

“Dərslərini, ev tapşırıqlarını hazırladıqdan sonra, əsasən də həftəsonları və istirahət günlərində İbrahim mənimlə birlikdə olur. Mən xarici turistlərə bələdçilik etdiyimdən, oğlum da onlarla ünsiyyət qurur. Demək olar ki, bələdçilik sahəsində müəyyən təcrübəsi var. Ona öyrətmişəm ki, turistlərə dəqiq bildiyi və faktlara əsaslanan məlumatları versin. Bilmədiyi şeylər barədə danışmasın. Məktəbdə də tarixi mükəmməl oxuyur. Bədii ədəbiyyatı çox oxuyur. Xınalıq kəndinin tarixini də yaxşı bilir”.

İbrahim böyüyəndə ölkəmizin nüfuzlu universitetlərinin birində təhsil alaraq hüquqşünas olmaq istəyir.

“Mən polşalı, hindistanlı, pakistanlı və başqa ölkələrdən olan turistlərə kəndimiz haqqında məlumat vermişəm. Onlarla ünsiyyət qurmaqda məqsədim ingiliscə danışığımı təkmilləşdimək olub. Xarici vətəndaşlarla ingilis dilində danışdıqca özümü inkişaf etdirirəm. Bir gün atam sosial şəbəkələrdə yayılan videonu mənə göstərib dedi ki, məşhur olmusan. Amma məşhur olmaq niyyətim yoxdur. Mən həmin videoya baxanda sevindim ki, ingilis dilində danışığım xeyli təkmilləşib”, - deyə İbrahim Zeynalov söyləyib.

İbrahimin ingilis dili müəllimi İldırım Zeynalov da Xınalıq kəndinin sakinidir. O və həyat yoldaşı Aygül müəllimə Xınalıq kənd tam orta məktəbində İngilis dili fənnini tədris edirlər:

“İbrahim nadir istedada malikdir. Təkcə xarici dil bilikləri ilə deyil, intellekti və dünyagörüşü ilə də fərqlənir. Biz həm də İbrahimgillə qonşuyuq. Məktəbdən əlavə də ingilis dili ilə bağlı nəsə sualı yaranarsa, bizə gəlir. Yoldaşım Aygül müəllimə ona xarici dilin qrammatikasını səlis öyrənməyə kömək edir. Son illər Xınalıq kəndində uşaqların xarici dil öyrənməyə marağı artıb. Sevindirici haldır ki, uzun illərdən sonra ilk dəfə Xınalıq kəndindən bir qız məzunumuz ali məktəbə qəbul olundu. İngilis dili ixtisası üzrə təhsil alan həmin məzunumuz artıq Quba şəhərində müəllim kimi fəaliyyətə başlayıb”.

Zeynalovlar ailəsi 5 nəfərdən ibarətdir. İbrahimin özündən kiçik bir bacısı və bir qardaşı var.

Xınalıq kəndi Qubaya gələn turistlərin ən çox səfər etdiyi məkanlardandır. Dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir.