Doğum evindən çıxarılıb, zibilliyə atılan körpələr! - Qandonduran VİDEO
Gündəm
13.02.2021 02:09
787

Doğum evindən çıxarılıb, zibilliyə atılan körpələr! - Qandonduran VİDEO

Loading...

Sevinc Elsevər: "Onu da başa düşmürəm ki, uşaqları məhz soyuqda, şaxtada zibilliyə atmaq nə deməkdi ?!"
Aqşin Yenisey: "Günahkar uşağını zibilliyə atanlar deyil, o insanlara sevişmək, doğmaq üçün zibilliyin yerini göstərən bu barbar cəmiyyətdir”



"Zibillikdən yeni doğulmuş körpə tapıldı”.
Belə xəbərləri tez-tez oxuyuruq. Müxtəlif səbəblərdən valideynlər övladlarını dünyaya gətirib, küçəyə, zibilliyə atırlar.

Elə ötən günlərdə sosial şəbəkələrdə yayılan Bakıda çəkilmiş videoda yeni doğulmuş və paketə qoyulub, zibilliyə atılan körpənin görüntüləri əks olunub. Videodan məlum olub ki, sakinlər tərəfindən aşkarlanan körpə qız uşağıdır.

Bu xəbərlərlə rastlaşan hər bir insanda müxtəlif fikirlər yaranır. Kimi övladı dünyaya gətirən anaların çarəsiz qalıb, atdığını, kimi bu körpələrin nigahdan kənar doğulduğunu, kimi isə onların iqtisadi, sosial çətinliklər ucbatından atıldığını və cinsiyyət ayrıseçkiliyinə görə qəbul edilmədiyini düşünür.

Bəs yazarlarımız bu barədə nə düşünür? Zibilliyə atılan körpələrin sayının artmasına səbəb nədir?

Sherg.az-ın sualına şeirlə cavab verən yazar Sevinc Elsevər problemin kökündə qadın hüquqsuzluğunun dayandığını deyir:


"Bu mövzuda mənim iki ay bundan əvvəl çap olunan bir şeirim var. Mən o şeirdə şair kimi bu suala cavab axtarmışam.

Uşağını atan analar
uşağını atan analar
ərini atan qadınlar
qardaşını atan bacılar
atasının sözündən çıxan qızlar
daha çox ittiham olunur
mənim ölkəmdə
uşağını atan atalardan
qadınını atan kişilərdən
bacısını atan qardaşlardan
anasını yox sayan oğullardan daha çox...
anasının sözündən çıxmayan oğullara
"mama uşaqları” adını verərlər
onları ələ salaraq
atasının "başını aşağı eləməyən” qızlara
"kişi qızıdı” deyərlər ucaldaraq
on il əvvəl
onu tərk edən
sevgisini yarımçıq qoyan kişiyə görə
hamıdan xəbərsiz kirayələdiyi mənzildə
təkbaşına
köməksiz
gizlincə doğduğu uşağı
zibil yeşiyinə atmağa məcbur qalan qadın
sən indi vicdan əzabından qovrulursan
sevdiyin o kişi isə
nə səni, nə körpəni xatırlamır
son ana qədər ümid eləmişdin sənsə
onun səni və körpəni
bağrına basacağına
ölümün qucağına verdiyin körpənin sağ olduğunu
öyrəndin bir gün sonra
televiziyaların birinin xəbər proqramından
sonra öyrənmişdin
hansı uşaqdı
hansı uşaq evindədi...
dəfələrlə gedib baş çəkmişdin ona
anası olduğunu bildirmədən
bir dəfə də "adam ağladan” verilişlərin birində
danışdırmışdılar qızını
"ana təkcə uşağını dünyaya gətirən deyil
həm də onu böyüdəndir”-demişdi qızın
qızının ağzından çıxan cümlə
ox kimi dəymişdi
sinənin sol küncünə...
sən onda işlədiyin
ucuz kafenin yeni gələn qonağının masasına
oturmuşdun təzəcə
qızın da özün kimi gözəldi
o saçları, o gözəl gözləri
sən vermişdin ona...
sənin qızın olduğu üçün
göz qamaşdırırdı bu qədər
bunu heç bir zaman o qız bilməyəcək
sənsə düşünməyə cəsarət etməyəcəksən
onu böyüdə bilmədiyin üçün
özünü kiçildəcəksən öz gözündə
bacardığın qədər
"ana təkcə uşağını dünyaya gətirən deyil
həm də onu böyüdəndi”- deyə hökm vermişdi qızın...
axı həyat eyni imkanları vermir insanlara
bəs bunu kim düşünəcək?!
ana sözünün tərifini düzəldən o adamların heç biri
yaşamamış sənin kimi
onlar ancaq hökm verməyi
hər şeyə tərif verməyi bacarırlar
yaxşı qadın necə olmalıdı
yaxşı ana necə olmalıdı
yaxşı kişi necə olmalıdı deyə...
axı həmişə yaxşı olmağı bacarmamaq da var
cəhd etmək və uduzmaq var həyat adlı oyunda
niyə yuxarıdan aşağı baxır axı uduzanlara
bu udan adamlar?!
halbuki həyat sadə bir oyundu
hərə bacardığı kimi oynamalı
uduzanlarla udanlar
bir-birinə əl verib görüşərək ayrılmalı...
udanların medallarının parıltısından
gözü çıxmamalı uduzanların...”

S.Elsevər iddia edir ki, həmin qadınların hansı vəziyyətdə olduğunu, necə məcburiyyət qarşısında qalıb, uşaqlarını atdığını deyə bilmərik:

"Çoxlu kədərli talelər var. Ölkəmizdə vəziyyət də çətindi. Qadınları qınamaq çox asandı. Ağzımı açıb gözümü yumub, beş-altı səhifəlik tənqid yaza bilərəm. Amma heç kim başqasının çəkdiyi ağrıları özü yaşamadan başa düşə bilməz. Onun kimi ağrıya bilməz. Ola bilsin eyni çətinliklərdən başqa qadınlar da keçib. Onlar güclü olublar, öz uşaqlarına sahib çıxıblar. Amma bir başqa qadın güclü deyil. Tutaq ki, öz gücünə inanıb. Amma sonra baxıb ki, səhv edir. Çox zaman mentalitet basqısından qadınlar uşaqlarını atırlar. Bəziləri aldadılır, bəziləri ümumiyyətlə, başını itirir, vəziyyətdən düzgün çıxış yolu tapa bilmir.

Amma məni yanlış da anlamağınızı istəmirəm. Mən körpəni ölümə tərk etmələrində haqlı çıxartmaq istəmirəm o qadınları. Başa düşməyə çalışıram. Uşaqları zibil yeşiyinə atmaya da bilərlər. Uşaq evinin, bir məscidin pilləkəninə də qoya bilərlər. Ən azından filmlərdə biz belə nümunələr görmüşük. Mən o qadınları daşlamadan, qınamadan onlardan tək bircə şeyi istəyirəm. Körpə hər nə şəkildə olur-olsun dünyaya gəlib, fərqi yoxdu sən onu istəyirsən, ya istəmirsən, onu ölümə tərk etmək vicdansızlıqdır. Uşaqları etibarlı əllərə təslim etmək lazımdı. Bunu gizli etməyə məcburdurlarsa, yenə bir yolunu tapmaq olar”.
Bir müddətdir ki, internat məktəblərində təlimdə olan xanım yazarın sözlərinə görə məcbur olmayan valideyn uşağını internata qoymur.

S. Elseverin sözlərinə görə, elə ailələr var ki, uşaqlar onların əlində qalmaqdansa, dövlətin nəzarətində olsalar daha yaxşıdır:

"Adətən belə zibilliyə atılan uşaqlar qeyri-qanuni doğulurlar. Yoxsa gizli şəkildə atılmazlar. Belə düşünürəm. O qadınlar məcburiyyət qarşısında belə edirlər. Deyə bilərik ki, abort etdirə bilərdilər. İndi biz bilmirik bunu niyə etməyiblər?! Görməzə-bilməzə kimisə qınamağı mən öz vicdanıma sığışdıra bilmirəm. Bizim ölkədə qadının dünyaya atasız uşaq gətirməyi hər kəs bilir ki, necə qarşılanır... Mən inanmıram ki, məcburiyyət qarşısında, çıxılmazlıq qarşısında qalmayan qadın belə bir iş görsün. Amma mən onu da başa düşmürəm ki, uşaqları məhz soyuqda, şaxtada zibilliyə atmaq nə deməkdi? Yəni mən işin bu tərəfinə ad verə bilmirəm, nə də qınaya bilmirəm. Təsəvvür etmək çətindi. Ancaq çağırış etmək olar ki, heç olmasa insana, insanlığa hörmət etsinlər. İnsanı zibilliyə atmaq olmaz. Hər yer kameralarla doludu. Bəlkə də bu səbəb də var ki, uşaqları gizlin ata biləcəkləri yerlər axtarırlar. Hər halda düzgün iş görmədiklərini anlayırlar. Anlayırlarsa, deməli vicdanları var. Sadəcə onun səsini dinləsinlər.Belə ağıl vermək də çox asandı. Mənim sadəcə ürəyim ağrıyır. Bu mövzuda danışmaq çox çətindir”.

Şair, publisist Aqşin Yenisey isə dünya ədəbiyyatından nümunə gətirərək, problemin səbəblərini, ictimaiyyətin münasibətini ifadə edib:
" Müasir alman yazıçısı Patrik Züskindin "Parfümer” romanının baş qəhrəmanı Qrenuy XVIII əsr Fransasında yoxsul qadınların doğub zibilliyə atdığı minlərlə uşaqdan biridir. O dövrdə bu hərəkətə yol verən qadınları edam cəzası gözləyirdi. O dövrün qanunları sosial vəziyyətin ağırlığına uyğun olaraq daha sərt idi və insanlar sosial ağırlığa dözməkdənsə, qanunları pozmağı daha uyğun bilirdilər. Avropa humanistləri dövlətləri bu problemi qanunların hədəsi ilə yox, maarifçilik yoluyla çözməyə çağırdı və nəticədə Avropa zibillikləri sahibsiz çağalardan xilas oldu. Bizdə bu məsələ dinin və dindən qaynaqlanan əxlaqın öhdəsinə buraxılıb, yəni heç bir sosioloji-maarifçi mexanizmi yoxdur. Total patriarxal nəzarət müsəlman ölkələrində, o cümlədən Azərbaycanda da nəinki nikahsız uşaqlara, nigahsız sevgilərə də öz yerini göstərir - zibillik. Bu uşaqlar əksər hallarda nigahsız doğulan körpələrdir”.
atılan korpeler
Loading...
close
close